Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Ümid


“Ümid” yatağı Xəzər dənizi akvatoriyasında, Bakı şəhərindən 75 km cənubda yerləşir. Yataq sualtı palcıq vulkanları əsasında yaranmış bankaya (küpəyə) aiddir. Qalxım şimal-qərb, cənub-şərq istiqamətində uzanan antiklinal qırışıqlardan ibarətdir. Sahəsi 45 km² olan yatağın ərazisində dənizin dərinliyi 40-60 metr aralığındadır.

“Ümid” strukturu 1953-cü ildə geoloji kəşfiyyat işləri zamanı müəyyən edilib. Burada dərin axtarış qazmasına 1977-ci ildə başlanılıb. 1977-1996-cı illərdə strukturda 9 axtarış-kəşfiyyat quyusu qazılsa da məhsuldar laylar açılmayıb. Buna səbəb həmin dövrdə mövcud olan texnologiya ilə dərin qatlarda yerləşən məhsuldar qatların açılmasının çətinliyi idi. 1981-1983-cü illərdə aparılmış seysmik işlər nəticəsində qırışığın morfologiyası dəqiqləşdirilib. 1987-ci ildə aparılmış seysmik işlər nəticəsində isə strukturların tağ və cənub-şərq periklinal hissələri dəqiq öyrənilərək, “Ümid” və “Babək” strukturlarını özündə birləşdirən vahid bir antiklinal haqqında əlavə məlumatlar əldə olunub. Ümumiyyətlə, 1977-1999-cu illərdə strukturda aparılmış ikiölçülü (2D) seysmik kəşfiyyat işləri nəticəsində sahənin geoloji quruluşu dəqiqləşdirilib.

O vaxtadək alınmış nəticələr əsasında “Ümid” strukturunun tam potensialını qiymətləndirmək mümkün olmadığından, strukturda yeni axtarış-kəşfiyyat quyusunun qazılması qərara alınıb. Bu məqsədlə “Ümid-1” platforması 2009-cu ilin iyununda istifadəyə verilib və həmin ilin avqustunda platformadan ilk kəşfiyyat quyusunun qazılmasına başlanılıb. Qırışığın şimali-şərq qanadının tağa yaxın hissəsində qazılan 8 saylı axtarış quyusu 6.006 metr dərinliyə çatdırılıb və yatağın qaz doyumluluğu aşkarlanıb.

“Ümid” yatağı SOCAR-ın müstəqillik illərində müstəqil olaraq kəşf etdiyi ilk yataq kimi tarixə düşüb. Dənizin dərinliyi 58 metr olan sahədə quraşdırılmış stasionar dəniz özülünün tikintisindən tutmuş, qazma işlərinə kimi bütün əməliyatlar SOCAR-ın öz gücü ilə həyata keçirilib. Texniki səbəblərdən 8 saylı axtarış quyusunda sınaq işlərinin aparılması mümkün olmadığından yeni, 10 saylı quyu qazılıb və 2012-ci ildə həmin quyu yatağın qaz doyumluluğunu təsdiq edib.

İlkin hesablamalara görə, yatağın ehtiyatları 200 milyard m³ qaz və 40 milyon ton kondensat həcmində qiymətləndirilir. İstismarına 2012-ci ildə başlanılmış qaz-kondensat yatağından 2022-ci ilin yanvarın 1-dək, ümumilikdə, 5,2 milyard m³-dən çox qaz və təxminən, 829 min ton kondensat hasil edilib. Yataqda istismarda olan 4 quyudan sutkada orta hesabla 3,1 milyon m³ qaz və 470 ton kondensat hasil edilir. Növbəti mərhələlərdə Ümid-1 platfomasından daha 2 quyunun qazılaraq istismara verilməsi nəzərdə tutulub.

Yatağın işlənilməsi “UBOC” (Umid-Babek Operating Company) tərəfindən həyata keçirilir. Belə ki, 2009-cu ilin iyununda “Ümid” dəniz strukturunda işlərin görülməsi üçün “SOCAR Ümid” MMC yaradılıb. Burada 80% iştirak payı SOCAR-a, 20% isə “Nobel Oil Exploration&Production” şirkətinə məxsus olub. 2017-ci il yanvarın 12-də “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında SOCAR-la “SOCAR Umid Oil and Gas Ltd.” şirkəti arasında Risk Xidməti Sazişi, eləcə də bu Sazişə əlavə olunmuş “SOCAR Umid Oil and Gas Ltd” şirkəti ilə “Umid, Babek Exploration and Production” (UBEP) şirkəti arasında neft-qaz əməliyyatlarının aparılması haqqında Müqavilə imzalanıb. Müqaviləyə əsasən, UBOC Əməliyyat Şirkəti yaradılıb və öhdəliklər UBOC-un Azərbaycan filialına verilib.