SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) 2012-ci ildə istifadəyə verilmiş Sumqayıt Təlim-Tədris Mərkəzi (STTM) “Azərikimya” İstehsalat Birliyinin (İB), Karbamid zavodunun, “SOCAR Polymer” MMC-nin, həmçinin Sumqayıt şəhərinin digər sənaye müəssisələrinin yüksək ixtisaslı kadrlara olan ehtiyacını təmin edir. Mərkəzdə elektrik avadanlıqlarının təmiri və xidməti, nəzarət-ölçü cihazları və avtomatika, qaynaq, əməyin mühafizəsi və təhlükəsizliyi, habelə aparatçı, maşinist, çilingər və elektrik qaz qaynaqçıları üçün təlim otaqları yaradılıb.
Yaponiyanın “Yokogawa Electric Corporation” şirkətinin (Yokogawa Electric CIS Ltd - MDB ölkələri üzrə baş ofisi) dəstəyi ilə STTM-də qurulmuş təlim otağı avtomatik idarəetmə sistemləri, proqram təminatı, “CENTUM” və “ProSafe” sistemləri üzrə təlimlərin keçirilməsi üçün nəzərdə tutulub. Burada əsas məqsəd Azərbaycanda avtomatika və nəzarət-ölçü cihazları sahəsində ən son texnologiyaların tətbiqi və yerli mütəxəssislərin bu istiqamətdə biliklərinin artırılmasıdır.
Təhsil ocağında aşağıdakı ixtisaslar üzrə peşəkar fəhlə kadrları hazırlanır:
- elektrik qaz qaynaqçısı
- nəzarət-ölçü cihazları və avtomatika
- kompressor qurğusu maşinisti
- təmirçi çilingər
- aparatçı
- elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru
- tornaçı
- təmirçi çilingər və digər ixtisaslar
STTM-də, həm də SOCAR-ın müəssisə və təşkilatlarında calışan mütəxəssislərin yenidən hazırlanması, ixtisaslarının artırılması, 2-ci peşəyə yiyələnməsi üzrə tədbirlər həyata keçirilir.
Müdavimlər mərkəzin ixtisaslaşmış emalatxanaları ilə yanaşı, mütəmadi olaraq, "Azərikimya" İB-nin Etilen-polietilen zavodunun sex və istehsalatlarında əmək təcrübəsi keçirlər. Əmək təcrübəsi gələcəkdə fəhlə kadrların istehsalata daha tez alışmasında, seçdikləri peşələr üzrə ilkin təcrübə qazanmalarında, əmək vərdişlərinə daha səylə yiyələnmələrində mühüm rol oynayır.
Azərbaycanın dünya iqtisadiyyatına sürətlə inteqrasiya etdiyini və bu prosesdə gənc mütəxəssislərin fəal iştirak etdiyini əsas götürərək, müdavimlərə kompyuter proqramları və xarici dil tədris olunur. Peşəsindən asılı olmayaraq mərkəzdə fəhlə kadrların hər birinin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına mükəmməl yiyələnməsi üçün xüsusi tədris otağı fəaliyyət göstərir. Mərkəzdə təhsil aldıqları müddətdə müdavimlər xüsusi geyimlər, aylıq təqaüd və pulsuz yeməklə təmin olunurlar.
STTM-də 6 ay və ya 1 il müddətində tədris olunan ixtisaslara qəbul prosesi üzrə SOCAR-ın İnsan Resursları Departamentinin (İRD) təşkil etdiyi müsabiqədə iştirak etmək üçün www.socar.az veb-səhifəsinin “Karyera” bölməsinin “Təlim mərkəzinə sənəd qəbulu” alt-bölməsinə elektron ərizə ilə müraciət etmək lazımdır. “SOCAR-ın təlim mərkəzlərinə şagird qəbulu Qaydaları”nda göstərilən şərtlərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə buraxılırlar. Təlim mərkəzlərinə qəbul üzrə müsabiqənin ikinci mərhələsi - müsahibələr/sənədlərin yoxlanılmasıdır. Müsahibələrdə uğur qazanan şəxslər müsabiqənin üçüncü mərhələsi - test imtahanında iştirak etmək hüququ əldə edirlər. Test imtahanında iştirak edən namizədlərdən ən yüksək bal toplamış şəxslər təlim mərkəzinə qəbul olunurlar.
STTM-nə qəbul olmaq istəyənlər aşağıdakı şərtlərə cavab verməlidirlər:
- Azərbaycan Respublikasının vətəndaşı olmalı;
- Müsabiqənin keçirildiyi tarixədək 29 yaşı tamam olmamalı;
- Orta ixtisas təhsili, ilk peşə-ixtisas təhsili və ya ən azı, tam orta təhsili olmalı (hazırda təhsilini davam etdirən və ali təhsili olan gənclər müraciət edə bilməzlər);
- Hərbi bileti olmalı (“Atıcı” peşəsi üzrə müraciət edənlər həqiqi hərbi xidmət keçməli, digər peşələr üzrə həqiqi hərbi xidmət keçməsindən asılı olmayaraq).
Müsahibəyə gələrkən aşağıda qeyd olunan sənədlər gətirilməlidir:
- Şəxsiyyət vəsiqəsi (əsli);
- Diplom və ya attestat (əsli);
- Hərbi biletin əsli (oğlanlar üçün);
- Sağlamlıq haqqında arayış (forma 86);
- Rentgen (flüoqrafiya, flüoqrafiyanın şəklini gətirmək mütləqdir);
- Məcburi köçkün vəsiqəsi (Sumqayıt şəhəri və Abşeron rayonunda məskunlaşanlar üçün);
- BC kateqoriyası üzrə sürücülük vəsiqəsi (Yükləyicinin sürücüsü peşəsinə müraciət edənlər).
Əlaqə məlumatları:
SOCAR-ın İRD-nin Təlim və inkişaf şöbəsi
Ünvan: Bakı ş., Heydər Əliyev prospekti, 121
E-poçt: tis@socar.az
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi
Ünvan: Bakı ş., Nizami r., A.Manafov küç., 1
Telefon: (012) 521 00 00 (daxili: 48007, 48098)
E-poçt: cabir.a.haciyev@socar.az