0%

"STAR" Neft Emalı Zavodu


Türkiyədə özəl sektor tərəfindən tək nöqtəyə yatırılan ən böyük investisiya layihəsi olan “STAR” Neft Emalı Zavodu (NEZ) Türkiyənin qərbində, İzmir şəhərinə yaxın olan Əliağa liman bölgəsində inşa edilib. Zavodun qurulmasında əsas məqsəd “Petkim” neft-kimya kompleksinin nafta ehtiyacının təmin olunması və Türkiyənin idxaldan asılı olduğu digər məhsulların istehsal edilməsidir.

“STAR” NEZ-in tarixindən: Layihədə SOCAR 60%, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi isə 40% paya sahibdirlər. “STAR” NEZ-in təməli 2011-ci ilin 25 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulub.

2014-cü ilin iyun ayında NEZ-in səhmdarları, aralarında kommersiya bankları və kredit agentliklərinin də olduğu 23 maliyyə qurumu ilə layihənin maliyyələşdirilməsinə dair kredit sazişləri imzalanıb. Bu, Türkiyənin real sektoru tarixinin ən böyük və ən uzunmüddətli maliyyələşdirmə sazişidir. İnvestisiya dəyəri 6,3 milyard ABŞ dolları olan layihənin 3,3 milyard dollarlıq hissəsi kreditlər, qalan hissəsi isə kapital qoyuluşu və daxili mənbələr hesabına maliyyələşdirilib. Layihə nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən “İlin ən uğurlu layihə maliyyələşməsi”, “Ən uğurlu ixrac maliyyələşməsi” kimi bir sıra mükafatlara layiq görülüb.

Türkyənin ilk Strateji İnvestisiyaların Təşviqi Sənədinə sahib olan “STAR” NEZ-in mühəndislik, satınalma və inşaat işlərini “Técnicas Reunidas” (İspaniya), “Saipem” (İtaliya), “GS Engineering & Construction Corp” (Cənubi Koreya) və “Itochu” (Yaponiya) şirkətlərindən ibarət konsorsium həyata keçirib. İnşaat işlərinin pik mərhələsində layihədə 14 ölkədən 19500 nəfər işçi, o cümlədən, təqribən 3000 mühəndis çalışıb. 2018-ci ilin 3 avqust tarixində “STAR” NEZ-ə “Absheron” adlı tankerlə 80 min ton “Azeri Light” markalı ilk xam neft təchizatı həyata keçirilib. İstismara veriləndən sonra zavodda 1150 nəfər çalışır.

“STAR” NEZ-in açılışı 2018-ci ilin 19 oktyabr tarixində yenə də hər iki ölkənin dövlət başçılarının iştirakı ilə baş tutub. Zavodun açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib:

"Star Rafineri"nin yaradılması üçün Azərbaycan 6,3 milyard dollar yatırım edib. Növbəti mərhələdə əlavə 700 milyon dollar yatırım ediləcəkdir. Bu, bizim xaricə qoyduğumuz ən böyük yatırımımızdır və bu, təbiidir. Eyni zamanda, biz digər önəmli layihələri birlikdə həyata keçirdik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP neft-qaz kəmərlərinin, Cənub Qaz Dəhlizinin, Bakı-Tbilisi-Qars dəmir yolunun yaradılması – bunların hər biri özlüyündə nəhəng bir layihədir və nəinki ölkələrimiz, xalqlarımız üçün, bölgə, dünya, Avrasiya üçün çox böyük önəm daşıyır. Türkiyə və Azərbaycan birgə səylərlə güclü siyasi iradə nümayiş etdirərək Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır.

Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan öz çıxışında ölkələrimiz arasında əlaqələrin strateji önəmini qeyd edib:

Bu gün “STAR” NEZ-in açılışı ilə dünyaya örnək olan əlaqələrimizi bir addım da inkişaf etdiririk. Azərbaycan ilə əlaqələrimizi təkcə cəsarət və siyasət miqyasında deyil, eyni zamanda güclü iqtisadi çərçivədə davam etdiririk. Bu müəssisə enerji sahəsində həmrəyliyimizi gücləndirmək üçün uzun müddət gördüyümüz işlərin ən mühüm və konkret örnəklərindən biridir. İndi açılışını etdiyimiz “STAR” NEZ ilə Azərbaycanla qardaşlıq əlaqələrimizin strateji miqyasını daha da gücləndirmiş oluruq. Türkiyə və Azərbaycanın liderliyi ilə həyata keçirdiyimiz hər bir layihə ölkələrimizin regional gücə çevrilmək qabiliyyətini qüvvətləndirməkdədir.

Qısa xronologiya

  • 2008 – “Petkim”in mülkiyyətində olan 2860 hektarlıq ərazi “STAR” NEZ-ə təsis edilib.
  • 2009 – “Ətraf Mühitin Qiymətləndirilməsi” hesabatına müsbət rəy alınıb.
  • 2010 – İlkin Detallı Layihələndirmə (FEED) müqaviləsi imzalanıb. Lisenziya alınıb. Beynəlxalq Ətraf Mühit və Sosial Təsirin Qiymətləndirilməsi işlərinə başlanılıb.
  • 2011 Oktyabr – “STAR” NEZ-in təməli atılıb.
  • 2012 Dekabr – “STAR” NEZ Stratejik İnvestisiyaların Stimullaşdırılması Sənədini əldə edib.
  • 2013 May – “STAR” NEZ-in tikintisi üçün beynəlxalq şirkətlərdən ibarət konsorsiumla müqavilə bağlanıb.
  • 2014 İyun – “STAR” NEZ üçün Türkiyə real sektor tarixinin ən böyük və ən uzunmüddətli layihə maliyyələşdirməsi krediti imzalanıb.
  • 2017 Noyabr – “STAR” NEZ-in enerjiləndirmə mərhələsi tamamlanıb.
  • 2018 Yanvar – “STAR” NEZ-in montaj və sınaq-sazlama mərhələsi yekunlaşıb.
  • 2018 Mart – “STAR” NEZ-in inşaatında 100 milyon adam/saat işləmə müddəti tamamlanıb.
  • 2018 Avqust – “STAR” NEZ-ə tankerlə ilk xam neft yükü gəlib və emal üçün sınaq işlərinə başlanıb.
  • 2018 Oktyabr – “STAR” NEZ-in rəsmi açılışı olub.

“STAR” NEZ, ümumilikdə, Türkiyənin neft məhsullarına olan ehtiyacının, təxminən, 25%-ni təmin edir. Emal gücü il ərzində 11 milyon ton olan “STAR” NEZ Türkiyədəki cari kəsirin azalmasına mühüm töhfə verir.

Zavod 2020-ci ildə "Türkiyənin 500 Ən Böyük Sənaye Müəssisəsi" araşdırmasında 6-cı yerə, EBSO-nun "Egey Bölgəsinin 100 Ən Böyük Sənaye Müəssisəsi" siyahısında isə 1-ci yerə layiq görülüb.

2021-ci ildə “STAR” NEZ rəqəmsal və sənaye 4.0 texnologiyalarının yaratdığı dəyərə görə Dünya İqtisadi Forumunun qabaqcıl istehsal müəssisələrini özündə birləşdirən “Global Lighthouse” şəbəkəsinə daxil edilib. Beləliklə, “STAR” NEZ dünyada bu mükafatı alan ilk neft emalı zavodu olub.