Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

SOCAR Terminal


Egey dənizinin ən böyük inteqrasiya olunmuş konteyner limanı olan SOCAR Terminal 22 noyabr 2010-cu il tarixində təsis edilib və Şərqi və Şimali Avropa ilə birbaşa ticarətin qurulmasına mühüm töhfə verib. Ümumilikdə, terminala 400 milyon ABŞ dolları həcmində sərmayə qoyulub. Terminalın istismarı iki mərhələdə həyata keçirilib. 6 dekabr 2016-cı il tarixində tutumu 800 min TEU (1 TEU uzunluğu 6,1 metr və eni 2,44 metr olan standart konteynerə bərabərdir) olmaqla fəaliyyətə başlayıb.

2017-ci ilin oktyabrında terminal artıq nəhəng konteynerlər daşıyan 110 gəmiyə xidmət göstərib. 2018-ci ilin sentyabr ayında, layihənin ikinci fazası tamamlandıqdan sonra, terminal tam gücü (1,5 milyon TEU tutumu) ilə işləyərək Türkiyənin xarici ticarətində logistika xərclərinin, eləcə də müddətin əhəmiyyətli dərəcədə azaldılmasına səbəb olub. 2018-ci il tarixində terminalın idarə edilməsi “APM Terminals" şirkətindən “SOCAR Terminal”a keçib.

Terminal hazırda 18 min TEU yükdaşıma həcminə malik olan nəhəng konteyner gəmilərinə xidmət göstərə bilir. Terminalda konteynerlərin saxlanması üçün 42 hektar, eləcə də onlara xidmət göstərilməsi üçün 6 hektar logistika sahəsi ayrılıb. Bundan əlavə, uzunluğu 150 metr və dərinliyi 10 metr olan ümumi yük tərsanəsi də terminalın ərazisindədir. Gəmi yanaşma xəttinin uzunluğu 700 metr təşkil edir. Uzaq Şərqdən gələn yükdaşıma gəmilərini qəbul edən "SOCAR Terminal", Pireney, Malta və Süveyş kanalı limanlarından istifadə etmədən, Şimali Avropa ilə ticarət apara bilir. Bu da, onun Egey bölgəsində birbaşa səfərləri qəbul edə bilən yeganə limana çevrilməsinə gətirib çıxarıb.