Səhiyyə
2005-ci ilin fevralından Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan “Talassemiyasız həyat naminə” proqramına 2009-cu ildən qoşulan SOCAR, hər il Azərbaycan Talassemiya Federasiyası və Bahadır Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu ilə birlikdə, talassemiyalı uşaqlara yardım etmək üçün öz müəssisələrində “Donor günləri” keçirərək, qanvermə aksiyaları təşkil edir.
SOCAR Gürcüstanda kompakt şəkildə yaşayan azərbaycanlıların da səhiyyə ilə bağlı problemlərinin həllinə diqqətlə yanaşır. SOCAR-ın Gürcüstandakı törəmə şirkəti olan “SOCAR Energy Georgia” azərbaycanlıların sıx yaşadığı Kvemo-Kartli (Borçalıda) vilayətində fiziki imkanları məhdud olan 160 şəxsin mütəmadi olaraq tibbi xidmət, dərman vasitələri və ərzaqla təminatına dəstək göstərir. Bundan əlavə, “SOCAR Energy Georgia” böyrək çatışmazlığından əziyyət çəkən 176 azərbaycanlını lazımi dərmanlarla təmin edir. Azərbaycanlıların sıx yaşadığı ərazilərdə səhiyyə şəraitinin yaxşılaşdırılması məqsədilə şirkət Bolnisi rayonunun Aşağı Qoşakilsə kəndində ambulatoriyanı, Marneuli rayonunun Sadıxlı kəndində isə xəstəxananı əsaslı təmir etdirib. “SOCAR Energy Georgia” Şorapan rayonunda yaşayan imkansız şəxslərə pulsuz nahar, eləcə də dərman preparatların verilməsi ilə məşğul olan “Katarzis” təşkilatına sosial yardımlar göstərib. SOCAR, Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlı Əlillər Cəmiyyətini avtomobillə təmin edib və əlilliyi olan imkansız şəxlərə 100 əlil arabası bağışlayıb.