
Saxta iş təklifləri
Diqqət!!!
SOCAR-a daxil olmuş bir sıra müraciətlərdən və xarici ölkə nümayəndələrinin ünvanladığı məktublardan məlum olur ki, ayrı-ayrı dələduz şəxslər, şirkətlər və ya onların nümayəndələri tərəfindən SOCAR adından Azərbaycan Respublikası və xarici ölkələrin vətəndaşlarına qanunazidd olaraq saxta iş təklifləri təqdim edilir. Odur ki, hərkəsi bu hallara qarşı diqqətli olmağa çağırırıq!
SOCAR-a işə qəbul ilə əlaqədar qeyd olunan qanun pozuntusu nədir və hansı formada baş verməsi ehtimal edilir?
Bu kimi qanun pozuntusu reallığa uyğun olmayan uydurma iş imkanlarının təklif edilməsi və işə qəbul etmək haqqında vədlər verilməklə həssas fərdi məlumatların və müəyyən miqdarda ödənişin tələb olunması ilə müşayiət olunan cinayət xarakterli əməldir. Bu əməli törədənlər Azərbaycan Respublikasının, habelə digər dövlətlərin cinayət (cəza) qanunvericiliyinə əsasən cinayət məsuliyyətinə cəlb edilə bilərlər:
Yuxarıda qeyd edilən pozuntular telefon, o cümlədən şirkətin ümumi və idarələrinin əlaqə nömrələrinin (SOCAR-ın saytında yerləşdirilmiş) xüsusi vasitələrlə (“caller ID spoofing” adlanan üsul ilə) zəngləri qəbul edən şəxslərin telefon cihazlarının displeyində (ekranında) olduğu kimi əks etdirilməklə (lakin əslində SOCAR-a məxsus telefon cihazlarının istifadə edilmədiyi halda), SOCAR-a heç bir aidiyyəti olmayan e-poçt, saxta veb-səhifələr kimi onlayn xidmətlər vasitəsilə, o cümlədən həmin e-poçt ünvanının və veb-səhifələrin adında “SOCAR” brend adının, habelə həmin elektron üsullarla göndərilən müxtəlif “işə dəvət” məktub formalarında SOCAR-a aid olan loqonun, rəsmi ünvanın, əlaqə məlumatlarının, vəzifəli şəxslərinin adlarının əks olunması ilə həyata keçirilir və işə qəbul edilmək vədi verilməklə ayrı-ayrı şəxslərdən onlara aid həssas fərdi məlumatların, bank hesab rekvizitlərinin və ya müəyyən pul vəsaitinin təqdim edilməsi tələb olunur.
Bu qanun pozuntuları ilə qarşılaşmamaq üçün aşağıdakıları bilməyiniz tövsiyə olunur:
- SOCAR-da işə qəbul prosesində namizədlərdən hər hansı bir mərhələdən keçmək üçün ödəniş və ya bank hesab rekvizitləri tələb edilmir.
- SOCAR-da mövcud olan vakansiyalar ancaq şirkətin (http://careers.socar.az) və onun struktur bölmələrinin veb-səhifələrində, həmçinin “İki Sahil” qəzetində elan edilir.
- SOCAR-da namizədlərə işə qəbul müsabiqəsində iştirak etmədən: test imtahanı və fərdi müsahibə və ya peşə sınaq imtahanında keçmədən iş təklif olunmur.
- Test və müsahibə və ya peşə sınaq imtahanları yalnız SOCAR-ın İnsan Resursları Departamentinin inzibati binasında (Bakı şəhəri, Ş.Mirzəyev küçəsi 26 ünvanında) və ya İnsan Resursları Departamenti tərəfindən müəyyənləşdirilmiş SOCAR-ın başqa istehsalat sahələrində (ünvanları imtahandan 2-3 gün əvvəl SOCAR-ın İnsan Resursları Departamenti vasitəsilə namizədlərin telefon nömrələrinə və e-poçt-larına bildiriş şəklində göndərilir) keçirilir.
- Əcnəbilərin Azərbaycan Respublikasında əmək fəaliyyəti Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydalara uyğun tənzimlənir. Həmin Məcəlləyə əsasən iş yerinin tələblərinə cavab verən Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi və məşğulluq xidməti orqanları tərəfindən işçi qüvvəsinə olan ehtiyaclar yerli əmək ehtiyatları hesabına təmin edilmədiyi hallarda əcnəbilərin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları mümkündür.
Əgər işə qəbul ilə bağlı şübhəli zəng (xüsusi ilə də mobil nömrələrdən) və ya yahoo.com, gmail.com tipli ödənişsiz, eləcə də “socar.az” və SOCAR-ın digər qurumlarının rəsmi veb-səhifələrinin ünvanları şəklində sonluq ilə bitməyən, lakin adında “SOCAR” brend adını daşıyan uydurma hesablardan e-poçt vasitəsilə məlumat almısınızsa və ya sizdən həssas fərdi məlumatın təqdim edilməsi və ya hər hansı ödənişin edilməsi tələb olunursa və bu cür zənglərin və ya e-poçt məktublarının qeyri-qanuni olmasından şübhələriniz varsa, güman edə bilərsiniz ki, bu şəxslər və ya şirkətlər saxta iş təklifi və ya xidmət təqdim edirlər. Belə hallarda təklifi rəsmi yollarla (SOCAR-ın vebsaytında yerləşdirilmiş rəsmi telefon nömrələrinə və elektron poçt ünvanlarına zəng etməklə və email göndərməklə, “SOCAR” brend adını daşıyan, lakin SOCAR-a məxsus olmasına şübhə edilən e-poçt ünvanının sonluğunda əks olunan veb-səhifəni ziyarət etməklə və onun mövcud olub-olmamasını, mövcud olduğu halda isə həmin səhifədə əks olunan məlumatların düzgün və dəqiq olub-olmamasını yoxlamaqla və s.) dəqiqləşdirməyiniz tövsiyə olunur.
Müəyyən fırıldaqçı şəxslər namizədlərin əvəzinə SOCAR-ın korporativ veb-səhifəsinin “Karyera” bölməsində profil yaradaraq, vakansiyalara elektron qaydada müraciət edir və profilin müvafiq xanalarında vətəndaşın deyil, öz əlaqə nömrələrini qeyd edir ki, bütün mərhələlər haqqında məlumat onların e-poçt ünvanı və ya mobil nömrələrinə göndərilsin və bu məlumatlar müqabilində namizədlərdən müəyyən ödəniş tələb etsinlər ki, bu da yolverilməz cinayət əməlidir. Profili özünüz yarada və ya yeniləyə bilmədikdə, bu işi ən etibarlı şəxlərə həvalə edərək, öz mobil nömrənizin və e-poçt ünvanınızın qeyd olunmasından əmin olun.
Şəffaflıq və obyektivlikdən əmin olmaq üçün Baş ofisin İnsan Resursları Departamentinin nümayəndəsinin imtahanda özünü təqdim etməsini tələb edin. Sizə SOCAR adından iş təklifi ilə müraciət edən tərəflərin ünvanı, tutduğu vəzifə və telefon nömrələrini yoxlamağınızı tövsiyə edirik. Bütün əlaqələr SOCAR-ın İşə qəbul və yerləşdirmə şöbəsinin rəsmi e-poçt ünvanı olan hr@socar.az və ya (012) 521-15-82 şirkət nömrəsi vasitəsilə həyata keçirilir.
Bundan başqa, SOCAR-ın tərkibinə daxil olan, eləcə də SOCAR-ın tam mülkiyyətində və nəzarətində olmayan, lakin adında “SOCAR” brend adını daşıyan müxtəlif qurumlar fəaliyyət göstərdiyi ölkələrin qanunvericiliyinə, onların pay/səhm sahiblərinin və ya onların təsis edilməsində SOCAR ilə birlikdə iştirak etmiş digər şəxslərin/müəssisələrinin mənafelərinə və tələblərinə uyğun ayrıca və müstəqil İnsan Resursları siyasətlərinə sahibdirlər. Odur ki, həmin qurumların işə qəbul ilə bağlı dəvətlərin qurumların korporativ e-poçt ünvanlarından (yəni e-poçtun sonluğu həmin qurumlara məxsus və onların həqiqi fəaliyyətini əks etdirən veb-səhifələrin adını daşıyan) daxil olmasını lütfən həmişə yoxlayın. Həmçinin ola bilsin ki, belə qurumun həqiqi e-poçt ünvanından işə qəbul ilə bağlı həqiqi məlumatlar daxil olsun, lakin eyni zamanda e-poçt ünvanının sonluğunda olan veb-səhifə açılmasın. Bu halda e-poçtun və alınmış məlumatların saxta olub-olmamasının digər üsullarla (qurumun inzibati binasının ziyarət olunması və qəbula yazılması, rəsmi sorğunun göndərilməsi və s.) yoxlanılması tövsiyə olunur.