Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Avropada ilk nümayəndəliyini Rumıniyada açmışdır. Məqsəd Xəzər dənizinin neft və qaz ehtiyatlarının Şərqi Avropanın giriş qapısı hesab edilən Rumıniya üzərindən Avropa Birliyi dövlətləri bazarlarında satışını həyata keçirmək olmuşdur.

Rumıniya ərazisində neft məhsullarının alqı-satqısının təşkili və beynəlxalq standartlara uyğun, keyfiyyətli təchizat xidmətinin həyata keçirilməsi məqsədilə, 2011-ci ildə SOCAR bu ölkədə törəmə şirkəti “SOCAR Petroleum SA”nı təsis etmişdir. Həmin il “SOCAR” brendi altında 11 yanacaqdoldurma məntəqəsini (YDM) istifadəyə verməklə Rumıniya bazarına daxil olan Şirkət, bununla da ölkə ərazisində neft məhsullarının topdan və pərakəndə satışına başlamışdır.

Hazırda SOCAR Petroleum SA Rumıniyada “SOCAR” brendi altında 102 yanacaqdoldurma məntəqəsi şəbəkəsinə malikdir.

Bu müddət ərzində Şirkət müştərilərini keyfiyyətli yanacaq məhsulları ilə təmin etməklə yanaşı, onlara yüksək xidmət səviyyəsi göstərməklə işini davam etdirir. Yanacaqdoldurma məntəqələrində müştərilərə benzin (Nano 95, Nano 98), dizel (Nano Dizel, Nano Super Dizel) və mayeləşdirilmiş neft qazı (LPG) yanacaqlarının satışı həyata keçirilir.

YDM ərazilərindəki "Nar" kafelərdə yerli və Azərbaycandan gətirilən məhsulların (Azərçay, nar şirələri) satışı həyata keçirilir. "Made in Azerbaijan" brendinin təbliği istiqamətində məntəqələrdə Azərbaycan guşəsi yaradılıb. SOCAR-ın ölkə üzrə bütün məntəqələrində quraşdırılan monitorlarda mütəmadi olaraq ölkəmizlə bağlı videoçarxlar nümayiş etdirilir.

SOCAR Petroleum S.A. Rumıniyanın Teiuș, Onești, Konstansa və Halmeu şəhərlərində yerləşən 4 neft məhsulları anbarını idarə edir. Sözügedən anbarların ümumi tutumu təxminən 50.000 kubmetr təşkil edir.

Bu günədək Şirkət tərəfindən Rumıniya iqtisadiyyatına həyata keçirilmiş investisiyalar nəticəsində təqribən 850 yeni iş yeri açılmışdır ki, bu da davamlı olaraq artır.

Şirkət Rumıniyada biznes fəaliyyətini ilbəil genişləndirir, yeni-yeni məntəqələr istifadəyə verir. Artıq bu gün deyə bilərik ki, SOCAR Petroleum SA yanacaq (dizel, benzin və bitum), neft-kimya (metanol, petrokok və karbamid) məhsullarının satışı və müxtəlif xidmətlərin təqdim edilməsi ilə Rumıniya bazarında əsas oyunçulardan birinə çevrilmişdir.

SOCAR Petroleum SA loyal və biznes müştərilərini (B2C) yenidən yanacaqdoldurma məntəqələrinə cəlb etmək məqsədilə “SOCAR FUEL UP” tətbiqindən istifadə edir. Müştəri sədaqətini və uzunmüddətli münasibətləri gücləndirmək məqsədilə müxtəlif bonuslar təqdim edirlir.( https://fuelup.socar.ro/)

Müştərilər “SOCAR Pay” tətbiqindən istifadə etməklə tez bir zamanda yaxınlıqdakı “SOCAR” brendli yanacaqdoldurma məntəqələrini tapa və avtomobillərini yanacaqla doldura bilərlər. Bu tətbiqin özəlliyi ondan ibarətdir ki, sürücülər üzərlərində fiziki kart olmadan belə “SOCAR Pay” tətbiqinə daxil olaraq yanacağın ödənişini edə bilərlər. (https://socar.ro/socar-pay/)

Bununla yanaşı, müştərilər xüsusilə sıxlıq saatlarında vaxta qənaət etmək məqsədilə avtomobillərinə yanacaq doldurduqdan sonra sayğaclarda quraşdırılan terminallardan (“Outdoor payment terminal”) istifadə etməklə ödənişlər edə bilərlər. Bu zaman onların kassada ödəniş etməklərinə ehtiyac qalmır.(https://socar.ro/en/services-english-2/)

Rumıniyada kommersiya fəaliyyəti ilə yanaşı SOCAR Petroleum SA ölkə üzrə sosial, humanitar, təhsil, idman və digər sahələri əhatə edən bir sıra Korporativ Sosial Məsuliyyət layihələrində də fəal iştirak edir. Şirkət hər zaman ölkəmizlə bağlı sosial-mədəni tədbirlərin keçirilməsi, Azərbaycan həqiqətlərinin rumın ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən layihələrə daim dəstək olur. Beynəlxalq enerji sammitlərində, neft-qaz konfransları və sərgilərində Azərbaycanı layiqincə təmsil edir, ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətlər, reallaşdırılan layihələr barədə tədbir iştirakçılarına geniş məlumatlar verilir.