"Neftqaztikinti" tresti SOCAR-ın müəssisə və təşkilatları tərəfindən həyata keçirilən neft-qaz əməliyyatları çərçivəsində dərin, dayaz dəniz neft-qaz yataqlarında və quruda tikinti-quraşdırma və təmir işlərinin yerinə yetirilməsi məqsədilə yaradılıb. Trest 1949-cu ildə təsis edilən "Azərdənizneftinşaat" və 1979-cu ildə yaradılan "Xəzərdənizneftqaztikinti" trestlərinin bazasında formalaşıb və həmin qurumların hüquqi varisidir.
Dünya praktikasında açıq dənizdə neftin hasilatı, hazırlanması və sahilə nəqli ilk dəfə Xəzər dənizindəki "Neft Daşları" yatağında gerçəkləşdirilib. Dünyada ilk dəfə olaraq, 1949-cu ildə "Azərdənizneftinşaat" Tresti tərəfindən Neft Daşlarında kompleks tikinti işləri aparılıb, ümumi sahəsi 8 hektar olan süni ada salınıb, estakada və meydançaların tikintisinə başlanılıb.
"Neftqaztikinti" Trestinin tərkibinə müxtəlif profilli 7 Tikinti-Quraşdırma İdarəsi, İxtisaslaşdırılmış Təmir-Tikinti Bölümü, Dəmir-Beton Məmulatları İstehsalı Bölümü, Anbar Təsərrüfatı Bölümü, Qaynaq Texnologiyaları, Dağılan və Dağlmayan Müayinə Bölümü və Gürcüstan nümayəndəliyi daxildfir. 2006-cı ildən fəaliyyətə başlayan Gürcüstan nümayəndəliyi bu ölkənin ərazisində neft-qaz boru kəmərlərinin və digər hidrotexniki qurğuların tikintisi, həmçinin infrastruktur layihələrinin icrası ilə məşğul olur.
Trest ölkə daxilində və xaricində neft-qaz sektorunda bir çox istiqamətlərdə tikinti-təmir xidmətləri təqdim etməklə bərabər, neft-qaz yataqlarının abadlaşdırılması, texnoloji neft-qaz-mədən avadanlıqlarının quraşdırılması və təmiri, sualtı, yerüstü və yeraltı magistral neft-qaz-su boru kəmərlərinin çəkilməsi, asfalt-beton örtüklərinin vurulması xidmətlərini peşəkarlıqla yerinə yetirir. Eyni zamanda dənizdə və quruda hidrotexniki qurğuların, dayaq bloklarının, estakada və estakadayanı meydançaların, qaz-kompressor stansiyalarının və neft rezervuarlarının, sənaye, mülki və sosial obyektlərin, yol və körpülərin tikintisini də həyata keçirir. İstehsalatda Almaniya, ABŞ, İtaliya, Hollandiya, Avstriya kimi inkişaf etmiş ölkələrin texnoloji avadanlıqları tətbiq olunur. Boru kəmərlərinin tikintisi zamanı ilk dəfə olaraq yarımavtomat və avtomat qaynaq üsulunu tətbiq etməklə SOCAR-ın “Neftqaztikinti” tresti ölkənin neft-qaz sənayesində bir ilkə imza atıb.
Trest Azərbaycan Respublikasının bütün regionlarında, o cümlədən quruda və dənizdəki yataqlarda müxtəlif təşkilatlar, o cümlədən, "bp", “Saipem”, “Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialı, “Karabakh Operating Company” şirkətinin Azərbaycan Respublikasındakı filialı, "Heavy Crane FZE” şirkətinin Azərbaycan Respublikasındakı filialı, "Caspian Pipe Coatings” MMC, "Azfen” BM, “İlk İnşaat Taahhüt Sanayi və Ticaret Ltd”, Gürcüstan Bələdiyyə İnkişaf Fondu, "BOS Shelf” MMC və digər yerli (SOCAR-ın struktur təşkilatları başda olmaqla) və beynəlxalq şirkətlər ilə əməkdaşlıq prinsipi əsasında bir çox birgə layihələr həyata keçirib.
• Yataqların elektrik təchizatı sisteminin qurulması
Trestin 1 saylı Tikinti Quraşdırma Bölümü tərəfindən SOCAR-ın bütün neft və qazçıxarma obyektlərində, eləcə də mülki, sosial, sənaye və s. təyinatlı obyektlərdə elektrik avadanlıqlarının quraşdırılması, hava elektrik ötürücü xətlərinin, sualtı elektrik kabel xətlərinin çəkilməsi, elektrik yarımstansiyalarının tikintisi, elektrik təchizatı ilə bağlı əsaslı təmir və tikinti işləri, elektro-kimyəvi mühafizə işləri, obyektlərdə nəzarət-ölçü cihazlarının, avtomatika sistemlərinin quraşdırılması və laboratoriya vasitəsilə yoxlanılması işləri həyata keçirilir.
• Dənizdə (150 m-ə qədər dərinlikdə) və quruda müxtəlif diametrli magistral neft-qaz-su boru kəmərlərinin tikintisi
Trestin 2 saylı Tikinti Quraşdırma Bölümü tərəfindən dəniz özüllərində yataqların qazmadan sonra abadlaşdırılması (qaz-lift üsulu ilə), borudüzən gəminin köməyi və “sərbəst batırma üsulu” ilə sualtı neft və qaz boru kəmərlərinin çəkilməsi, neft və qaz terminallarının, kompressor stansiyalarının və digər obyektlərin tikintisi, təmiri və abadlaşdırılması işləri həyata keçirilir.
• Stasionar dəniz platformalarının tikintisi
Trestin 3 saylı Tikinti Quraşdırma Bölümü tərəfindən Zığ istehsalat sahəsində dayaq bloklarının, üst tikililərin və digər hidrotexniki qurğuların tikintisi və dənizdə quraşdırılması işləri yerinə yetirilir.
• Dəniz estakadalarının tikintisi
Trestin 4, 6 və 7 saylı Tikinti Quraşdırma Bölümləri tərəfindən kompressor stansiyalarının, yüksək təzyiqli neft və qaz boru kəmərlərinin, neft rezervuarlarının, asfalt-beton örtüklərinin, estakada və estakadayanı meydançaların, Stasionar Dəniz Özüllərinin (SDÖ), dayaq bloklarının, texnoloji sistemlərin tikintisi, təmiri və yenidən qurulması işləri həyata keçirilir.
• Kompressor stansiyalarının tikintisi
• Asfalt-beton istehsalı və Yeni Daşgil Terminalının ərazisinin hazırlanması
• Neftin yığılması, saxlanması, hazırlanması və nəqli məqsədilə dənizdə və quruda neft terminallarının, müxtəlif təyinatlı texnoloji qurğuların tikintisi
• Liman vasitəsilə iri qabaritli yüklərin qəbulu və daşınması
• Dəmir-beton məmulatlarının istehsalı
Trestin Dəmir-Beton Məmulatları İstehsalı Bölümü tərəfindən sifarişlərə əsasən dəniz estakadaları, mülki tikinti və digər sahələr üçün tələb olunan bütün növ dəmir-beton məmulatlarının və eləcə də əmtəə betonunun istehsalı həyata keçirilir.
• Qaynaq tikişlərinin dağılan və dağılmayan üsulla yoxlanılması
Trestin Qaynaq Texnologiyası, Dağılan və Dağılmayan Müayinə Bölümü tərəfindən qaynaqçıların hazırlanması və attestasiya olunması, layihə tələblərinə uyğun olaraq qaynaq prosedurlarının hazırlanması, Trestin obyektlərində aparılan qaynaq işlərinin yerinə yetirilməsinə nəzarət, onların keyfiyyətinin vizual və fiziki metodlarla (rentgen, ultrasəs, maqnit tozu və penetrant) yoxlanılması və müvafiq rəylərin verilməsi işləri həyata keçirilir.
2002-ci ildən başlayaraq, "Neftqaztikinti" tresti "Keyfiyyət", "Ətraf Mühitin Mühafizəsi", "Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası", "Personalın (qaynaqçıların) sertifikatlaşdırılması kriteriyaları" və "Yoxlama və sınaq işlərinin yetərliliyi" üzrə ISO beynəlxalq sertifikatlarına layiq görülüb.
Trest son illərdə çoxsaylı strateji əhəmiyyətli layihələr həyata keçirib. 2011-ci ildə Qaradağ Yeraltı Qazsaxlama Anbarında (YQSA) kompressor stansiyasının, Heydər Əliyev adına Neft Emalı Zavodu ilə Etilen-Polietilen Zavodu arasında quru qaz və nafta kəmərlərinin tikintisi, 2012-ci ildə “Bulla-dəniz” yatağında 29 saylı SDÖ-nün yenidən qurulması, “Günəşli” yatağında 4 saylı Dərin Dəniz Özülündə (DDÖ) kompressor stansiyasının (KS) quraşdırılması, “Qalmaz” YQSA-nın yenidən qurulması, “Neft Daşları” yatağında 2585 saylı SDÖ-nün tikintisi həyata keçirilib. 2013-cü ildə Bakı Gəmiqayırma Zavodunun tikintisi, Etilen-Polietilen Zavodunun susoyutma sisteminin yenidən qurulması, “Neft Daşları" yatağında 2150 saylı SDÖ-nün, “Neft-Daşları”nda Yeni Qaz-Turbin Elektrik Stansiyası üçün meydançanın, köməkçi bina və qurğuların tikintisi reallaşdırılıb. 2015-ci ildə “Günəşli” yatağında 7 saylı DDÖ, 2016-cı ildə "Bulla-dəniz" yatağında 6 saylı SDÖ, 2018-ci ildə 12 saylı SDÖ-nün tikintisi tamamlanıb və istismara verilib.
“Qaz Anbarları İstismarı” İdarəsinin Qalmaz YQSA-nın aktiv qaz həcminin 1,5 milyard m³-ə çatdırılması üçün yeni 3 saylı KS-in tikintisi” layihəsinin icrası Trest tərəfindən 2020-cil ildə tamamlanıb. Nəticədə Qalmaz YQA-nın aktiv qaz həcmi 1 milyard m³-dən 1,5 m³-ə, buradakı KS-nın məhsuldarlığı isə sutkalıq 10 milyon m³-dən 13 milyon m³-ə çatdırılıb.
SOCAR-ın Tullantıların İdarə Edilməsi Mərkəzinin “Tullantı Mərkəzinin genişləndirilməsi” layihəsi də Trest tərəfindən uğurla həyata keçirilib. Layihənin icrasında məqsəd SOCAR-ın idarə və müəssisələrində formalaşan istehsalat tullantıları və qazma şlamının, həmçinin Səngəçal terminalında neftin-qazın hazırlanması və nəqlindən yaranan tullantıların qəbulu və idarə edilməsi üçün tullantı mərkəzinin genişləndirilməsi olub.