Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Keyfiyyətin İdarə Edilməsi Sistemi


SOCAR istər Azərbaycanda, istərsə də xaricdə fəaliyyətini yüksək keyfiyyət standartlarına uyğun yerinə yetirmək siyasətini həyata keçirir. Biz müştərilərimizin gözləntilərini qarşılamaq məqsədilə öz işimizi ardıcıl, vaxtında və qüsursuz şəkildə yerinə yetirərək fəaliyyətimizdə bir sıra öhdəliklərə əməl edirik. Biznes proseslərimizə ölçüləbilən məqsəd və hədəflər qoymaq, beynəlxalq rəqabətdə üstünlüyümüzü artırmaq, Keyfiyyətin İdarə Edilməsi Sisteminin tələblərini rəhbər tutmaq və onu daim inkişaf etdirmək, riskləri qiymətləndirmək və qabaqlayıcı tədbirlər görmək, baş vermiş uyğunsuzluqların ətraflı təhlilini təmin etmək həmin öhdəliklərdəndir.

Biz beynəlxalq standartların əsas prinsipləri əsasında Keyfiyyətin İdarə Edilməsi Sisteminin tələblərinə uyğun fəaliyyət göstəririk. SOCAR-ın bir sıra biznes vahidləri ISO 9001, ISO 14001, ISO 45001, ISO 31001 və s. standartlara uyğun sertifikatlaşdırılıb.

13 yanvar 2021-ci il tarixində SOCAR və Amerika Neft İnstitunun (API) rəhbərliyi arasında sənaye proseslərinin təhlükəsizliyi və keyfiyyəti üzrə əməkdaşlıq barədə Memorandum imzalanıb. Memoranduma əsasən SOCAR-ın struktur vahidləri API standartlarına əsasən sertifikatlaşdırılacaq, emal, hasilat və nəqletmə qurumlarının texniki, keyfiyyət və SƏTƏMM idarəetmə sistemləri qabaqcıl təcrübədə olduğu kimi API standartlarına uyğunlaşdırılacaq. Satınalma əməliyyatlarında AZS, EN, API, DIN, QOST standartlarının tələbləri çərçivəsində istehsal olunan məhsul seçiminə və ISO, API idarəetmə standartları üzrə sertifikatları olan müəssisələr tərəfindən xidmətlərə üstünlük verilir.

28 iyul 2021-ci il tarixində SOCAR və Rusiya Federasiyasının Neft-Qaz Sənayesində Texnoloji Təşəbbüslər İnstitutu (İNTİ) arasında anlaşma sazişi imzalanıb və bu təşəbbüs əsasında SOCAR tərəfindən mütəxəssislərin nümayəndə qismində İNTİ-nun müxtəlif aparıcı Komitələrində iştirakı nəzərdə tutulub. Əməkdaşlığın başlıca məqsədi müxtəlif əməliyyat sahələrində təcrübə mübadiləsi aparmaqla tərəflərin maraqlarını təsbit etmək, gələcək əməkdaşlıq sahələrini onların strateji maraq dairələri çərçivəsində nəzərdən keçirməkdir.

SOCAR-ın fəaliyyət istiqaməti üzrə əsas və köməkçi proseslərin beynəlxalq keyfiyyətə əminlik standartlarına uyğunlaşdırılması, tətbiqinə zərurət olan beynəlxalq standartların müəyyənləşdirilməsi və SOCAR-ın keyfiyyət meyarları nəzərə alınmaqla tətbiq olunması uyğunluğuna nəzarət edilməsi prosesi davamlı şəkildə həyata keçirilir.

Keyfiyyətə nəzarət və əminlik proseslərində risk və imkanların müəyyən olunması, qiymətləndirilməsi, qabaqlayıcı tədbirlər planının hazırlanması və icrasına nəzarət edilməsi, beynəlxalq idarəetmə sistemlərinin (API, ISO və s.) tələblərinə uyğun keyfiyyət auditlərinin təşkili və keyfiyyət standartları tətbiqinin yoxlanması, aşkarlanan uyğunsuzluqların əsas səbəblərinin müəyyən edilməsi və analitik təhlilin aparılması da Baş ofisin prioritet funksional hədəflərindəndir.

SOCAR Prezidentinin 23 iyun 2020-ci il tarixli əmri ilə, SOCAR-da SOIMS standartı tətbiq edilir. SOIMS SOCAR-ın Əməliyyatların Bütövlüyünün İdarəetmə Sistemidir. Biz SOCAR ailəsi olaraq, keyfiyyətin idarə edilməsi prinsiplərinə və SOCAR-ın SOIMS tələblərinə sadiqik.

Daha ətraflı məlumatı SOCAR-ın Keyfiyyət siyasəti və SOCAR-ın Əməliyyatların Bütövlüyünün İdarəetmə Sistemi sənədlərindən əldə edə bilərsiniz.