Kəşfiyyat işləri yataqda məhsuldar layların olmasını təsdiq edəndən sonra, işlər istismar və ya hasilat mərhələsinə qədəm qoyur. Hasilat istifadə oluna bilən karbohidrogenlərin kollektordan yer səthinə çıxarılması prosesidir. Kəşfiyyat işləri geofiziki və geoloji axtarış üsullar ilə aparılır və əsasən tədqiqat mahiyyəti daşıyırsa, neft-qaz hasilatı quyuların qazılması və inşası, təmiri, hasil olunan neftin sudan, kükürddən, parafindən təmizlənməsini və bir çox kompleks işləri əhatə edən istehsal prosesidir.
Yatağın laylarında olan təzyiqdən və onun saxlama metodlarından asılı olaraq neft hasilatınıın 3 ümumi üsulu mövcuddur:
Fontan üsulu ilə neftçıxarma. Bu üsulu qısa şəkildə təsvir etməkdən ötrü ilk növbədə nəzərə almalıyıq ki, nefti quyunun dibinə sıxışdıran və onu çox vaxt böyük təzyiqlə yer üzərinə qaldıran qüvvə, əsas etibarı ilə, neftin daxilində həll olmuş, yaxud antiklinal qırışığın tağ hissəsində yüksək təzyiq altında yığılmış qazdır. Bəzi hallarda antiklinal qırışığın qanadlarında yüksək hündürlükdə yığılan su nefti yüksək təzyiq altında sıxışdıraraq yer səthinə çıxarır. Bir sözlə, neftlə birlikdə çıxan qaz nefti hərəkət etdirən qüvvədir. Yeni neft yataqlarında qazın təzyiqi yüksək ola bilər. Neft quyudan bəzən 50-100 atmosfer təzyiqlə (və daha artıq) kənara çıxır. Buna qədim vaxtlardan neftin fontan vurması deyilir. Layda neft qazı nə qədər çox qalırsa, quyunun fontan vurma müddəti bir o qədər uzun olur.
Kompressor üsulu ilə neftçıxarma. Quyu fontan vurduqdan müəyyən müddət sonra məhsuldar laydakı təzyiq aşağı düşür və təbii qaz və ya lay sularının basqısı daha nefti yer səthinə qaldırmaq üçün kifayət etmir. Beləliklə, quyunun fontan vurması kəsilir. Fontan dövrünə quyunun gənclik dövrü kimi baxılırsa, bundan sonrakı dövr quyunun yetkinlik dövrü kimi qiymətləndirilir. Bu zaman neft quyusunun ən əlverişli istismar üsulu kompressor üsuludur. Kompressor qurğusundan endirilən boru və ya borular (2 ədəd) vasitəsilə quyuya yüksək təzyiq altında sıxılmış hava və ya neft qazı vurulur. Bu zaman sıxılmış hava nefti yuxarı qaldırır. Neftin sıxılmış hava vasitəsilə çıxarılması erlift, sıxılmış qaz ilə çıxarılması isə qazlift adlanır. Neftin kompressor üsulu ilə çıxarılması keçmiş Sovet İttifaqında geniş yayılmışdı.
Dərinlik nasosları vasitəsilə neftçıxarma. Quyu işlədikcə layın təzyiqi azalır, neftin səviyyəsi getdikcə o qədər aşağı düşür ki, kompressor üsulu ilə neft çıxarılması da əlverişli olmur, çünki olduqca az miqdarda nefti çıxarmaq üçün çox miqdarda sıxılmış hava və ya qaz sərf etmək lazım gəlir. Bunların alınmasına isə böyük enerji sərf olunur. Odur ki, belə hallarda quyunun kompressor üsulu ilə istismarı əvəzinə dərinlik nasosu ilə istismar üsuluna keçirlər. Bununla da quyunun qocalıq dövrü başlayır. Dərinlik nasosları nasos boruları adlanan boruların ucuna bərkidilir və quyunun dibinə buraxılır. Nasosun pistonunu (buna “plunjer” deyilir) yuxarı–aşağı hərəkət etdirmək üçün onu ştanqlara, ştanqların yuxarı ucunu isə mancanaq dəzgahına birləşdirirlər. Elektrik mühərriki mancanaq dəzgahını hərəkətə gətirdikdə nasos boruları içərisində olan ştanqlar yuxarı hərəkət edir. Bu zaman plunjerin yuxarısındakı vurucu klapan bağlanır və plunjer nasos borularının içərisindəki nefti yuxarı qaldırır. Dərinlik nasosları neftin səviyyəsi aşağı olan quyuların istismarı üçün daha çox əlverişlidir.
Bunlardan başqa, neft çıxarılmasının təkrar üsulları da mövcuddur. Hazırda neftçıxarmanı intensivləşdirmək üçün bir sıra mütərəqqi üsullardan (hidravlik yarılma, turşu ilə işləmə və s.) da geniş istifadə olunur.