Azərbaycan Respublikasında və xarici ölkələrdə yer qabığının (dənizdə və quruda) dərinlik geoloji quruluşunun öyrənilməsi və dərin kəşfiyyat qazıması üçün lokal strukturların hazırlanması məqsədilə geofiziki tədqiqat (seysmik, qravimaqnit) işlərinin aparılması, quyu kəsilişlərinin geofiziki üsullarla tədqiqi, qazma vaxtı karotaj, quyuların qazılmasına geoloji-texnoloji nəzarət, quyuların perforasiyası, neftli-qazlı sahələrdə mühəndisi-geoloji və topoqrafiya işlərinin həyata keçirilməsi ilə məşğul olan Geofizika və Geologiya İdarəsi (GGİ) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 23 dekabr 2005-ci il tarixli 132 nömrəli əmrinə əsasən Geofizika və Mühəndis Geologiyası İstehsalat Birliyinin bazasında yaradılıb. İdarənin tərkibinə Kəşfiyyatgeofizika, Mədəngeofizika, Kompleks Mühəndisi Axtarış İstehsalat Bölümləri və İstehsalata Xidmət Bazası daxildir. GGİ Azərbaycanın quru ərazisində və Xəzər dənizinin Azərbaycan sektorunda (eləcə də müqavilələr əsasında xarici ölkələrdə) kəşfiyyat və mədən geofizikası, eləcə də kompleks mühəndisi-geoloji (mühəndisi qazma, sonar planalma, batimetriya, fasiləsiz seysmoakustik profilləmə), topogeodeziya və tematik tədqiqat işləri aparır.
Aparılan tədqiqat işlərində əsas məqsəd yeni strukturların müəyyən edilməsi, sahələrin geoloji quruluşunun dəqiqləşdirilməsi, neftli-qazlı layların yayılma arealının müəyyən edilməsi və perspektivliyinin qiymətləndirilməsi, axtarış və kəşfiyyət quyularının yerinin müəyyən edilməsi, gələcək kəşfiyyat işlərinin istiqamətləndirilməsindən ibarətdir və bu işlər neft-qaz ehtiyatları artımının təmin olumasında böyük rol oynayır. Son illər dənizdə “8 Mart”, “Bulla-dəniz”, “Neft Daşları – Palçıq Pilpiləsi”, “Qoşadaş”, “Gürgan-dəniz - Çilov adası”, “Mərdəkan dəniz - Qala körfəzi”, quruda “Kür-Qabarrı” çaylararası neftli-qazlı rayonu, “Yevlax-Ağcabədi” çökəkliyi, “Xıdırlı-Bəndovan”, “Muğan monoklinalı – Cəlilabad” çökəkliyi sahələrində 2D və 3D seysmik kəşfiyyat və qravimaqnitometrik kəşfiyyat işləri yerinə yetirilib. Alınan seysmik məlumatlar müasir proqramlar vasitəsilə emal və interpretasiya olunub. Bundan əlavə, GGİ Amerikanın “ConocoPhillips”, İngilətərənin “bp”, Norveçin “Equinor”, Yaponiyanın “JOGMEC” şirkətlərinin sifarişi əsasında seysmik kəşfiyyat və emal-interpretasiya işləri həyata keçirib və bu işlər davam etməkdədir.
GGİ tərəfindən mühəndisi-geoloji qazma, sonar planalma, batimetriya, fasiləsiz seysmoakustik profilləmə (FSAP), struktur xəritəalma, topoqrafik, naviqasiya təminatı və s. məqsədilə quruda və dənizdə, müasir tələblərə uyğun kompleks mühəndisi-axtarış işləri həyata keçirilir. İdarə neftli-qazlı sahələrdə axtarış-kəşfiyyat qazması üçün dənizdə hidrotexniki qurğuların yerində mühəndisi-geoloji axtarış işlərini, boru kəmərlərinin və yük boşaltma terminallarının, liman və sahilə yanalma qurğularının, elektrik stansiyalarının və digər başqa dəniz qurğularının tikintisi üçün mühəndisi-geoloji axtarış işlərini uğurla yerinə yetirir. GGİ çoxsaylı şirkәtlәrin (“bp”, “Equinor”, “UBOC”, “KOC” vә s.) sifarişi ilә geniş profilli mühәndisi-geoloji işlәri müvәffәqiyyәtlә yerinә yetirib.
Bütün bu işlərin müasir səviyyədə yerinə yetirilməsi üçün İdarə, Qərb standartlarına uyğun cihaz və avadanlıqlarla, müvafiq emal və interpretasiya proqramları ilə təchiz olunub və yüksək ixtisaslı kadr potensialına malikdir.