Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Cənub Qaz Dəhlizi


Cənub Qaz Dəhlizi (CQD) “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinin 2-ci mərhələsi çərçivəsində hasil olunan Azərbaycan qazının Türkiyə və Avropa İttifaqı (Aİ) ölkələrinə tədarükünü nəzərdə tutur. Dəhliz, eyni zamanda Azərbaycanın digər yataqlarından gələcəkdə hasil ediləcək, eləcə də üçüncü tərəflərə məxsus təbii qaz həcmlərinin dünya bazarına çatdırılması potensialına malikdir.

Aİ üçün prioritet enerji layihələri sırasında dəyərləndirilən CQD kompleks kəmərlər sistemi olub, bir neçə seqmentdən ibarətdir: “Şahdəniz 2”, “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” (CQBKG), “Trans-Anadolu qaz boru kəməri” (TANAP) və “Trans-Adriatik Boru Kəməri” (TAP).

2014-cü il sentyabrın 20-də CQD-nin təməli qoyulub. 2018-ci il mayın 29-da Bakıda CQD-nin, iyunun 12-də isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan TANAP qaz boru kəmərinin Əskişəhərə qədər olan hissəsinin açılışı olub. 2018-ci il iyunun 30-da "Şahdəniz 2" layihəsi çərçivəsində ilk kommersiya qazının TANAP boru kəməri ilə Türkiyəyə nəqlinə başlanılıb. 2019-cu il noyabrın 30-da TANAP-ın Avropa bağlantısının açılış mərasimi keçirilib. 2020-ci il dekabrın 31-də isə TAP boru kəmərinin istismara verilməsi ilə CQD layihəsinin birinci mərhələsi faktiki olaraq tamamlanıb və Azərbaycan qazı tarixdə ilk dəfə olaraq birbaşa Avropa bazarına nəql edilməyə başlanıb. 33 milyard ABŞ dolları dəyərində olan meqalayihə Xəzər bölgəsini Cənub-Şərqi Avropaya birləşdirərək həm Azərbaycanın, həm də tranzit ölkələrin iqtisadi inkişafına dəyərli töhfə verir.

“Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi

"Şahdəniz" qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi və ya "Şahdəniz 2" (“SD2”) dünyada ən böyük və mürəkkəb qaz layihələrdən biri və Xəzər dənizində ilk sualtı infrastrukturdur. SD2 layihəsi SD1 layihəsi üzrə illik 11 milyard m³-dək qaz hasilat gücünə 16 milyard m³ qaz və gündəlik 60 min barrelədək kondensat hasilat gücünə 105 min barrelədək kondensat hasilat gücü əlavə edib. 2013-cü il sentyabrın 19-da Şahdəniz Konsorsiumu ilə 9 Avropa şirkəti arasında Qaz Satışı üzrə Sazişlər imzalanıb. Yekun İnvestisiya Qərarı 2013-cü il dekabrın 17-də verilib. Türkiyə Respublikasına ilk kommersiya qaz nəqli 2018-ci il iyunun 30-da, Avropaya isə 2020-ci il dekabrın 31-də başlayıb.

Layihəyə aşağıdakı işlər daxildir:

  • Körpü ilə birləşdirilən iki dəniz platformasının tikintisi;
  • 2 yarımdalma qurğusu vasitəsilə 26 qaz hasilat quyusunun qazılması;
  • Quyuları sahildəki terminal ilə birləşdirən 500 km uzunluğunda sualtı boru kəmərlərinin inşası;
  • Dənizdə tikinti aparan gəmilərin modernləşdirilməsi;
  • Yeni qaz emalı və kompressiyası qurğularının yerləşdirilməsi üçün Səngəçal terminalının genişləndirilməsi.

Səhmdarlar:

  • bp – 29.99%
  • "Cənub Qaz Dəhlizi" QSC – 21.02%
  • Lukoil – 19.99%
  • NICO – 10%
  • TPAO – 19%

Cənubi Qafqaz Boru Kəməri

Cənubi Qafqaz Boru Kəməri (CQBK) 692 km uzunluq (Azərbaycan ərazisində - 443 km, Gürcüstan ərazisində - 249 km) və 42 düym diametr ölçüsündə olan boru kəməridir. Kəmər "Şahdəniz" yatağından hasil edilən qazı Gürcüstan-Türkiyə sərhədinə nəql etmək məqsədilə inşa edilib. Türkiyə sərhədinə ilk qaz 2006-cı ildə çatdırılıb. Ətraf mühitə minimal təsir göstərmək məqsədilə CQBK Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə eyni dəhliz boyu inşa edilib. Boru kəmərinin ilkin nəql qabiliyyəti illik 7,41 milyard m³ təşkil edib.

Səhmdarlar:

  • bp – 29.99%
  • "Cənub Qaz Dəhlizi" QSC – 21.02%
  • Lukoil – 19.99%
  • NICO – 10%
  • TPAO – 19%

Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi

Genişləndirilmə layihəsi Azərbaycan və Gürcüstan ərazilərindən keçən yeni 48 düym diametrli boru kəmərinin, həmçinin Gürcüstan ərazisində 2 yeni kompressor stansiyasının inşasını əhatə edir. Yeni boru kəmərinin uzunluğu təqribən 489 km təşkil edir (Azərbaycan ərazisində – 424 km, Gürcüstan ərazisində – 63 km, TANAP arabağlantısında – 2 km). Genişləndirmə nəticəsində boru kəmərinin ötürmə qabiliyyəti 24,04 milyard m³ səviyyəsinə çatdırılıb. Gələcəkdə CQBK sisteminin ötürmə qabiliyyəti 34 milyard m³ səviyyəsinə qədər çatdırıla bilər. Boru kəməri 2018-ci il iyunun 30-da fəaliyyətə başlayıb.

TANAP

TANAP ilə bağlı Azərbaycan və Türkiyə Respublikaları arasında Hökümətlərarası Saziş 2012-ci il iyunun 26-da imzalanıb və hər iki dövlətin müvafiq hüquqi instansiyaları tərəfindən ratifikasiya olunub.

Layihənin əsas texniki-iqtisadi göstəriciləri:

  • Kəmərin ümumi uzunluğu - 1850 km (2x18.5 km-lik Çanaqqala boğazından keçən sualtı kəmər daxil olmaqla);
  • Türkiyə-Gürcüstan sərhədində yerləşən Ərdəhan vilayətindən başlayaraq 20 şəhər, 69 vilayət və 604 kənddən keçərək Yunanıstan sərhədində Ədirnənin İpsala mahalında yekunlaşan kəmər burada TAP ilə bağlanır;
  • Boru kəmərinin Əskişəhirə qədər olan hissəsi 2018-ci ilin iyunun 12-də istismara verilib, 2019-cu ilin noyabrın 30-da isə Avropa bağlantısının açılış mərasimi keçirilib;
  • İlkin ötürmə gücü: illik 16,2 milyard m³ (illik 31 milyard m³-ə kimi artırıla bilər);
  • Ümumi investisiya həcmi 6,3 milyard dollardır;
  • İlkin investisiya qiymətləndirilməsinə 46% qənaət edilib.

    Səhmdarlar:
  • "Cənub Qaz Dəhlizi" QSC – 51%

  • BOTAS- 30%

  • Bp – 12%

  • SOCAR Turkiye Enerji A.Ş. – 7%

TAP

2013-cü il iyunun 28-də “Şahdəniz” konsorsiumu “Şahdəniz 2” layihəsi çərçivəsində hasil olunacaq qazın Yunanıstan, İtaliya və Cənub-Şərqi Avropadakı istehlakçılara çatdırılması üçün TAP qaz boru kəmərinin seçildiyini elan edib. Azərbaycan qazının Yunanıstan və Albaniya vasitəsilə Adriatik dənizi ilə İtaliyanın cənubuna nəqlini nəzərdə tutan "TAP boru kəməri" layihəsi Avropa Komissiyasının ortaq maraqlara xidmət edən 33 prioritet enerji təhlükəsizliyi layihəsi siyahısına daxil edilib.

Layihənin əsas texniki-iqtisadi göstəriciləri:

  • Kəmərin ümumi uzunluğu: 880.8 km (Yunanıstan - 551.5 km; Albaniya - 215.9 km; Adriatik dənizi - 105 km; İtaliya - 8.4 km);
  • Kəmərin təməli 2016-cı ilin mayında Yunanıstanın Saloniki şəhərində qoyulub;
  • İstismara verilmə tarixi: 31 dekabr 2020-ci il;
  • İlkin ötürmə gücü: illik 10,5 milyard m³ (illik 20 milyard m³-ə kimi artırıla bilər);
  • Faza 1 üzrə TAP inşaat kapital xərcləri 4,5 milyard avro dəyərində qiymətləndirilib.

Səhmdarlar:

  • "Cənub Qaz Dəhlizi" QSC - 20%
  • bp – 20%
  • Snam – 20%
  • Fluxys – 20%
  • Enagas – 20%

"CQD" layihəsi Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə xidmət edən enerji strategiyasının əsas elementlərindən biridir.

Bu layihənin icrası nəticəsində uduzan tərəf olmayacaq. Hər bir tərəf fayda götürəcək. Tranzit ölkələri, onlar, eyni zamanda, istehlakçı ölkələrdir. İstehlakçı ölkələr də qaz mənbələrinin şaxələndirilməsinə nail olacaqlar. Bu layihə Avropanın enerji təhlükəsizliyini təmin edən layihədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev