Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri Xəzər dənizi sahilindəki Səngəçal terminalını Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan terminalı ilə birləşdirir. Boru kəməri gündəlik ötürmə gücü hazırda 1,2 milyon barreldir.
Ümummilli lider Heydər Əliyevin adını daşıdığı BTC kəmərinin tikintisinə 2003-cü ilin aprelində başlanılıb və 2005-ci ilin aprelində inşaat işləri sona çatıb. 2005-ci il mayın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə BTC boru kəmərinin Azərbaycan hissəsinin açılış mərasimi keçirilib. Gürcüstan hissəsi 2005-ci ilin oktyabrında istismara verilib.
2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan terminalına çatdırılıb və iyulun 4-də neftlə yüklənmiş ilk tanker Ceyhandan yola düşüb. 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində BTC Əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi olub.
2007-ci il iyunun 16-da Qazaxıstan da rəsmən BTC layihəsinə qoşulub. Həmin gün Qazaxıstan və Azərbaycan prezidentləri Almatıda Qazaxıstan neftinin Xəzər dənizi və Azərbaycan ərazisi üzərindən BTC sistemi vasitəsilə beynəlxalq bazarlara daşınmasına dəstək və yardım haqqında Müqavilə imzalayıblar. Bu sənəd Qazaxıstan neftinin nəqlinin BTC vasitəsilə davam etməsi üçün onun daşınması üzrə Aktau-Bakı sisteminin yaradılmasını nəzərdə tuturdu.
Layihənin detalları və unikal göstəriciləri
- BTC neft kəmərinin operatoru "bp" şirkətidir. Kəmərin tikintisi və istismarı məqsədilə 2001-ci ildə “BTC Co” boru kəməri şirkəti yaradılıb.
- Kəmərin uzunluğu 1768 km-dir: Azərbaycanda - 443 km, Gürcüstanda - 249 km, Türkiyədə - 1076 km. Azərbaycan və Gürcüstan hissələrini “BTC Co” səhmdarları adından "bp", Türkiyə hissəsini isə “BOTAŞ International Limited AŞ ” istismar edir.
- Boru kəmərinin xidmət müddəti 40 ildir.
- Kəmərin infrastrukturuna 8 nasos stansiyası daxildir: bunlardan 2-si Azərbaycanda, 2-si Gürcüstanda, 4-ü Türkiyədə yerləşir. Bundan əlavə, təzyiqin aşağı salınması üçün stansiya və daha 2 təmizləyici stansiya mövcuddur.
- BTC boru kəməri Аzərbaycanda 13 rayondan (Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz, Ağstafa), Gürcüstanda 7, Türkiyədə 9 rayondan keçir.
- Kəmərin tikintisinə 22 min nəfər işçi cəlb edilib və 110 milyon adam-saat sərf olunub.
- Kəmərin əvvəlindən axırına kimi 220 min boru qaynaq edilib, 2 milyon borunun qaldırılması həyata keçirilib.
- Marşrutun ən hündür hissəsi – dənizdən 2800 metr hündürlükdə - Türkiyə ərazisində yerləşir.
- Bütün marşrut boyu yerə basdırılan kəmər 500 yaşayış məntəqəsindən keçir.
- 2006-cı ilin martından 2009-cu ilin martınadək neft kəmərinin daşıma qabiliyyəti gündə 1 milyon barrel olub, həmin vaxtdan etibarən, gündə 1,2 milyon barrelə çatdırılıb. Xam neft kəmərin tam uzunluğunu 10 günə qət edir.
- 2014-cü il avqustun 11-də BTC Ceyhan terminalında 2 milyardıncı barrelin yüklənilməsi qeyd edilib. 3 milyardıncı barrel isə BTC kəmərinə 2018-ci il iyulun 14-də vurulub və sonra da tankerə yüklənib.
Bakı-Tbilisi-Ceyhan bu gün
Hazırda BTC kəməri ilə “Azəri-Çıraq-dərinsulu Günəşli” yataqlar blokundan çıxarılan Azərbaycan nefti, “Şahdəniz” yatağından çıxarılan kondensat və SOCAR-ın müstəqil olaraq hasil etdiyi neft daşınır. Boru kəməri, həmçinin Türkmənistan, Qazaxıstan və Rusiya neftlərini də Aralıq dənizi vasitəsilə dünya bazarlarına ötürür.
BTC kəmərinin istismara verildiyi gündən 01.01.2022-ci il tarixinə kimi kəmər vasitəsilə dünya bazarlarına 516 milyon tondan çox (3,77 milyard barrel) xam neft ixrac olunub. Müstəqilliyini bərpa edəndən sonra Azərbaycan öz neftinin 80%-ni BTC vasitəsilə ixrac edib.