Azərbaycan neftini dünya bazarlarına nəql edən boru xətlərindən biri də Qərb İxrac Boru Kəməridir (QİBK). QİBK-ni Bakı-Supsa kəməri də adlandırırlar. Belə ki, kəmər başlanğıcını Səngəçal terminalından götürüb, Gürcüstanın Supsa terminalına qədər uzanır. Bu kəmər “Əsrin müqaviləsi” imzalanandan sonra Azərbaycanın qısa müddətdə yaratdığı neft ixracı sisteminin ayrılmaz bir hissəsidir.
QİBK ilə Xəzərin Azərbaycan sektorunda hasil edilən neftin Gürcüstan üzərindən dünya bazarlarına nəqli həyata keçirilir. Kəmər vasitəsilə xam neft Qara dəniz sahilinə nəql edilərək Supsa terminalında tankerlərə yüklənir və Bosfor boğazından keçməklə Avropa bazarlarına daşınır.
Kəmərin tikintisinə Azərbaycan və Gürcüstan arasında 1996-cı ilin martında imzalanmış Hökumətlərarası Sazişdən sonra başlanıb. İnşaat işləri 1998-ci ilin noyabrında başa çatıb. Supsada ilk dəfə neft 1999-cu il aprelin 8-də gəmilərə yüklənib. Aprelin 17-də isə kəmərin rəsmi açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan, Gürcüstan və Ukrayna prezidentləri, ABŞ prezidentinin və dövlət katibinin Xəzər regionu üzrə xüsusi müşaviri iştirak edib.
Həmin gün Supsa terminalının və Varna-Poti-Batumi-İliçovsk bərə keçidinin açılışı da olub. Bu, həm də Xəzərin Azərbaycan sektorundakı “Çıraq” yatağından hasil edilmiş 80 min ton neftlə yüklənən ilk tankerin dünya bazarlarına yola salındığı gündür.
Layihənin əsas texniki-iqtisadi göstəriciləri:
• Kəmərin ümumi uzunluğu 829.6 km-dir (Azərbaycan – 456.4 km; Gürcüstan – 373.2 km);
• Boru xətti dağlarda, hətta 1190 metr yüksəkliyə qalxır;
• Gəmiyükləmə qabiliyyəti 600 min barreldən 1 milyon barrelə qədərdir;
• Ötürmə qabiliyyəti gündə 90 min barrel (maksimum 106 min barrel/gün), diametri - 530 mm-dir;
• Bakı-Supsa kəmərinin istismar müddəti 2026-cı ilin sonunadək hesablanıb;
• Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) boru kəmərinin operatorudur və “Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) Hasilatın Pay Bölgüsü Sazişi”nin tərəfdaşları adından onu "bp" istismar edir.
• QİBK AÇG konsorsiumuna aid olduğu üçün səhmdarları AÇG ilə eynidir:
QİBK obyektlərinə daxildir:
• 6 nasos stansiyası (3-ü Azərbaycanda, 3-ü də Gürcüstanda);
• 2 təzyiqazaltma stansiyası (Gürcüstanda);
• 10 Ərsin Buraxma İzolyasiya Ventilləri (4-ü Azərbaycanda, 6-sı Gürcüstanda );
• 10 Ərsin Qəbuletmə İzolyasiya Ventilləri (3-ü Azərbaycanda, 7-si Gürcüstanda);
• 53 Bağlayıcı Armatur Stansiyası (BAS) (25-i Azərbaycanda, 28-i Gürcüstanda);
• 10 Əks Klapan (ƏK) (3-ü Azərbaycanda, 7-si Gürcüstanda);
• 59 kiçik siyirtmə (kəmər boyunca yoxlama siyirtmələri də daxil olmaqla);
• 1 aralıq Ərsin Buraxma stansiyası (Azərbaycanda);
• Supsada 4 rezervuar (rezervuarların ümumi həcmi 1 milyon barreldir).