Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Bakı Ali Neft Məktəbi


İqtisadiyyatımızın yeni prinsiplər əsasında tənzimlənməsi məqsədilə son illər ölkəmizdə mühüm addımlar atılıb. Bakı Ali Neft Məktəbinin (BANM) yaradılmasında da məqsəd xarici ölkələrdə fəaliyyətini genişləndirən SOCAR-ın, eləcə də ölkənin digər sənaye sahələrinin müasir tədris proqramları və təlim texnologiyaları əsasında təhsil almış ingilisdilli mütəxəssislərə olan ehtiyacını ödəməkdir. Bu məqsədə çatmaq üçün BANM-də müasir tələblərə cavab verən təhsil infrastrukturu yaradılıb, tədris prosesinə yüksək ixtisaslı professor-müəllim heyəti cəlb olunub, tədrisə dəstək məqsədilə zəngin kitabxana-informasiya fondu, çoxfunksiyalı laboratoriyalar qurulub.

BANM Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli Fərmanı ilə dövlət ali təhsil müəssisəsi statusunda SOCAR-ın strukturunda yaradılıb. 2012-ci ilin fevralında BANM-nin Nizamnaməsi Azərbaycan Respublikası (AR) Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. Həmin ilin aprel ayının 10-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Elmar Qasımov BANM-nin rektoru vəzifəsinə təyin edilib, may ayında isə AR Təhsil Nazirliyi tərəfindən Ali Məktəbə kadr hazırlığına xüsusi razılıq (lisenziya) verilib.

2017-ci il mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə BANM-nin yeni kampusunun açılışı olub. Qafqaz regionunun zəngin maddi-texniki bazaya malik bu ən böyük kampusunda “Schneider Electric”, “ABB”, “Avandsis Group”, “Emerson Process Management”, “Huawei” kimi şirkətlər tərəfindən hədiyyə edilmiş laboratoriyalar, müasir standartlara cavab verən tələbə şəhərciyi, yeməkxana kompleksi, 2 idman zalı və hovuz fəaliyyət göstərir.

BANM-də “Neft-qaz mühəndisliyi”, “Kimya mühəndisliyi”, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, “İnformasiya təhlükəsizliyi”, “Kompyuter mühəndisliyi” və “Biznesin idarə edilməsi” ixtisasları üzrə bakalavr, “Neft-qaz mühəndisliyi”, “Kimya mühəndisliyi”, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” və “Biznesin idarə edilməsi” (MBA) ixtisaslarında magistr pilləsi üzrə qəbul həyata keçirilir.

BANM Prezident təqaüdünə layiq görülmüş tələbələrinin sayına görə ölkədə liderdir. 2021/2022-ci tədris ilində də BANM-in 33 tələbəsi Prezident təqaüdünə layiq görülüb, eyni zamanda, qəbul imtahanlarında ölkə üzrə ən yüksək bal toplamış tələbə BANM-i seçib.

BANM Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” devizinə uyğun olaraq, tələbələrinə yüksək keyfiyyətli mühəndis təhsili verməklə yanaşı, onların işlə təminatında da səylərini əsirgəmir. Həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, Ali Məktəbdə ilk buraxılışın keçirildiyi 2017-ci ildən etibarən bütün məzunlar işlə təmin olunublar. Onlar hazırda SOCAR və onun “Azneft” İB, “Azərikimya” İB, Heydər Əliyev adına Neft Emalı Zavodu , “Ümid-Babək Əməliyyat Şirkəti” (UBOC) və “SOCAR Polymer” şirkətləri, eləcə də “SOCAR Türkiyə”nin “Petkim Petrokimya Holding” və “STAR” NEZ-də çalışırlar. BANM məzunları, həmçinin "bp", “Schlumberger”, “Halliburton”, “Maire Tecnimont” və s. kimi iri transmilli şirkətlərdə də işə cəlb ounublar. Əmək fəaliyyətinə başlamayan məzunlar isə Azərbaycanın, eləcə də dünyanın öndə gedən universitetlərində magistratura və PhD pilləsində təhsillərini davam etdirirlər.

BANM dünyanın bir çox nüfuzlu universitetləri ilə əməkdaşlıq edir, tələbə və müəllim mübadilə proqramları həyata keçirir. “Erasmus+” layihəsi çərçivəsində Məktəbin tələbələri Yunanıstan, Bolqarıstan, İspaniya kimi ölkələrə təhsil almağa göndərilmiş, Rumıniya və Qazaxıstandan tələbələr qəbul edilmişdir. 2021/2022-ci tədris ilində BANM-də müxtəlif ölkələrdən 41 nəfər əcnəbi tələbə təhsil alıb, onlardan 12-si mübadilə proqramı ilə BANM-ni seçiblər.

BANM-də ABŞ-ın Dyuk Universitetinin “Layihələrin idarə edilməsi” üzrə 8 moduldan ibarət beynəlxalq proqramı (“Project Management”) çərçivəsində Layihə İdarəetmə Məktəbi fəaliyyət göstərir. Bu proqram layihələri idarəetmə sahəsində aparıcı beynəlxalq təlim şirkəti olan “TwentyEighty Strategy Execution” şirkətinin texniki dəstəyi ilə həyata keçirilir. Məktəb artıq 11-ci məzun buraxılışını reallaşdırıb.

2022-ci il mayın 26-29-u tarixlərində Bakıda ilk dəfə keçirilən Türkiyənin ən böyük Aerokosmik və Texnologiya Festivalı - “Teknofest"də BANM komandaları qalib olub. Festivalın final mərhələsində BANM 16 komanda və 2 "startap" layihəsi ilə uğurla təmsil olunub. Məktəbin 6 komandası B kateqoriyası üzrə 6 müsabiqədə 8 mükafata layiq görülüb. “İstiqlal” və “Atəşgah” komandaları I yerə, “Murov” komandası II yerə, “Gülüstan” komandası III yerə, “Oğuz” komandası müxtəlif müsabiqələrdə II və III yerlərə, “Həkəri” komandası isə iki müsabiqə üzrə III yerə layiq görülüb.

BANM Azərbaycanın "Yaşıl texnologiyalar" müsabiqəsində ən çox təmsil olunan, finala yüksələn və mükafat alan ali təhsil ocağıdır. Məktəbin “Teknofest”ə müraciət edən 33 komandasından 15-i bu müsabiqəyə layihə təqdim edib. Finalda bu nominasiya üzrə iştirak edən 10 komandanın 8-i BANM-in komandaları olub. Bu isə Azərbaycan universitetləri arasında yalnız BANM-nə aid göstəricidir.

Müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq ölkəmizi NASA-nın “Human Exploration Rover Challenge” müsabiqəsində BANM-in tələbələri təmsil edib. Ali Məktəbin "BHOS" komandası NASA “Marshall” Kosmik Uçuş Mərkəzi tərəfindən sertifikata layiq görülüb. Həmin sertifikat 9 ay müddətində “NASA HERC” roverin uğurlu dizaynı ilə yanaşı, müxtəlif hesabatlar, təqdimatlar, tapşırıqlar kimi tələblərini yerinə yetirərək müsabiqəni tamamlayan komandalara təqdim olunur. “BHOS NASA HERC 2022” komandası 9 aylıq fəaliyyəti nəticəsində finala vəsiqə qazanıb və ABŞ-nin nüfuzlu universitetlərini təmsil edən komandalar da daxil olmaqla 8 ölkədən 90 komanda ilə mübarizə aparıb.

BANM Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələri içərisində ISO 9001 (Keyfiyyət idarəetmə sistemi), ISO 14001 (Ekologiya idarəetmə sistemləri), OHSAS 18001 (Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemləri) və ISO 10002 (Müştəri məmnuniyyəti – şikayətlərin idarə edilməsi üzrə rəhbər göstərişlər) sertifikatlarını almış yeganə ali təhsil müəssisəsidir.

BANM haqqında tanıtım videoçarxı: