Fuad Musayev
Vitse-prezident
Musayev Fuad Bəkir oğlu 28 aprel 1977-ci ildə Bakı şəhərində anadan olub. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər və kommersiya fakültəsinə daxil olub, 1998-ci ildə Beynəlxalq iqtisadi münasibətlər ixtisası təhsilini tamamlayıb.
Əmək fəaliyyətinə 1998-ci ildə Hollandiya hökuməti tərəfindən Tovuz rayonunda həyata keçirilən kənd təsərrüfatı layihəsində layihə koordinatoru vəzifəsində başlayıb. 1999-2000-ci illərdə “Qaradağ Sement” ASC-də Logistika üzrə koordinator, daha sonra isə Satış, marketinq və mal buraxılışı üzrə direktorun müavini və Satış şöbəsinin rəisi vəzifələrində çalışıb. 2003-2004-cü illərdə “Azpetrol” şirkətlər qrupunda layihə meneceri kimi fəaliyyətini davam etdirib.
2005-ci ilin əvvəlindən 2006-ci ilin yanvar ayına qədər fərdi qaydada biznesin idarəetməsi üzrə məsləhət xidmətləri göstərib, həmçinin “MA Servis” konsaltinq şirkətinin idarə edilməsi ilə məşğul olub. 2006-ci ilin fevral-dekabr ayları ərzində “ACE Forwarding Caspian” şirkətində biznesin inkişafı üzrə menecer vəzifəsində çalışıb. 2007-2009-cu illərdə “MP Qrup” şirkətində direktor müavini, 2009-2010-cu illərdə isə “CNIM Azərbaycan” LTD şirkətinin Baş meneceri vəzifələrində fəaliyyət göstərib.
03 yanvar 2011-ci il tarixindən etibarən “Norm” MMC-nin Direktorlar Şurasının İcraçı üzvü olub. 01 may 2013-cü ildən 28 iyul 2023-cü ilə qədər “Norm” ASC-nin Baş kommersiya direktoru vəzifəsində çalışıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.