Emin Hüseynov
SOCAR-ın Müşahidə Şurasının üzvü
Emin Zamin oğlu Hüseynov 12 noyabr 1974-cü ildə anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Kommersiya fakültəsini "beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə bitirib. 1998-ci ildə ABŞ-ın Florida Ştatı Universitetində İqtisad üzrə magistr dərəcəsini alıb. 2009-cu ildə ABŞ-ın Harvard Kennedi Məktəbində Dövlət idarəçiliyi üzrə magistr dərəcəsinə yiyələnib. 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyası tərəfindən İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
1998-2001-ci illərdə Dünya Bankının Azərbaycandakı Daimi Nümayəndəliyində iqtisadçı, 2001-2003-cü illərdə Beynalxalq Valyuta Fondunun Azərbaycandakı Daimi Nümayəndəsinin Ofisində iqtsadçı, 2003-2005-ci illərdə Dünya Bankının Azərbaycandakı Ölkə Ofisində ölkə üzrə iqtisadçı vəzifələrində çalışıb. 2005-2013-cü illərdə Azərbaycan Respublikası Milli Bankında Tədqiqatlar departamentinin direktoru vəzifəsindən Mərkəzi Bankın Baş direktoru vəzifəsinədək yüksəlib. 2013-2016-cı illərdə “ADA” Universitetində Strategiya və inkişaf məsələləri üzrə prorektor, 2016-cı ilin yanvar ayından iyun ayına kimi isə Elmi məsələlər və strategiya üzrə prorektor vəzifələrini icra edib. 2016-2018-ci illərdə Azərbaycan Respublikası Maliyyə nazirinin müavini olub. 2018-ci ildən isə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın köməkçisidir.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 yanvar tarixli Sərəncamı ilə SOCAR-ın Müşahidə Şurasının üzvü təyin edilib. Dövlət başçısının 2021-ci il 1 dekabr tarixli Sərəncamı ilə isə “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə müəyyən edilmiş Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 7 mart 2024 tarixli Sərəncamı ilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin olunub.