Xəbərlər arxivi

           
                           
                               SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) Modernizasiya və Yenidənqurma Layihəsi çərçivəsində icra olunan əsaslı təmir işlərinə dair məlumatGallery                            
                           
                               
                               
                                   12 Aprel 2022                                                                    

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) Modernizasiya və Yenidənqurma Layihəsi çərçivəsində icra olunan əsaslı təmir işlərinə dair məlumat

                               
                               

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) istehsal gücünün artırılması, respublikanın “AVRO-5” standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, ətraf mühitə təsirlərin minimuma endirilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri davam edir. Layihə çərçivəsində NEZ-də əməliyyat mükəmməlliyi və dayanıqlığı proqramı həyata keçirilir. Proqram çərçivəsində NEZ-in 2022-ci il üzrə əsaslı təmirlə bağlı iş həcmi müəyyənləşdirilib və kompleks tədbirlər planı hazırlanıb.

Nəticədə 4 aprel 2022-ci il tarixdən etibarən “NEZ” əsaslı planlı təmirə dayandırılıb. 2022-ci ilin əsaslı təmiri NEZ-də uzun müddətli (bir ildən çox) fasilədən sonra həyata keçirilir, işlər həcminə və mürəkkəbliyinə görə əvvəlki illərin təmir işlərindən kəskin fərqlənir. Təmirə dayanma zamanı SOCAR və kənar təşkilatlardan 2000-dən çox işçi qüvvəsi cəlb ediləcəkdir.

Əsaslı təmir müddəti ərzində respublikanın müvafiq mühərrik yanacaqları ilə fasiləsiz təmin olunması üçün SOCAR tərəfindən lazımi tədbirlər görülüb. Belə ki, NEZ-in strukturuna daxil olan keçmiş “Azərneftyağ” NEZ-in bir sıra qurğuları istismarını davam etdirəcək və müəyyən həcmdə kerosin, dizel və benzin istehsal olunacaqdır. Həmçinin ölkənin dizel və kerosin yanacaqlarına olan tələbatı NEZ-də formalaşdırılmış ehtiyatlar hesabına təmin ediləcəkdir. Fevral ayından etibarən müvafiq yanacaq ehtiyatının formalaşdırılmasına başlanılıb və hazırda da davam etməkdədir. Bununla əlaqədar, NEZ-də aparılan əsaslı təmir işləri müddətində ölkədaxili tələbat tam həcmdə təmin ediləcək.