Xəbərlər arxivi

           
                           
                               TANAP boru kəmərinin Türkiyəyə qədər olan hissəsinin 99 faizi tamamlanmışdırGallery                            
                           
                               
                               
                                   29 Mart 2018                                                                    

TANAP boru kəmərinin Türkiyəyə qədər olan hissəsinin 99 faizi tamamlanmışdır

                               
                               

Martın 29-da Ankarada TANAP-ın İdarə Heyətinin ümumi iclası keçirilmişdir. İclasda artıq tamamlanmaqda olan TANAP-ın birinci fazası üzrə görülən işlər barədə İdarə heyəti üzvlərinə ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, Türkiyənin Əskişəhər bölgəsinə qədər olan birinci faza üzrə işlərin təqribən 99%-i yekunlaşmışdır. Avropaya qədər olan işlərin isə təqribən 80%-i həyata keçirilmişdir. Ümumilikdə layihə üzrə işlərin 93%-dən çoxu tamamlanmışdır. Hazırda bütün işlər ilkin qrafikə uyğun şəkildə, yüksək dəqiqlik və tikinti keyfiyyəti nəzərə alınaraq davam etdirilir.

TANAP-ın idarə heyətinin sədri, SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: “Cari ilin ikinci yarısından etibarən əvvəlcədən planlaşdırıldığı kimi TANAP-la 6 milyard kubmetr həcmində qaz Türkiyəyə ixrac olunacaqdır. Tikinti işlərinin qrafikə uyğun olaraq vaxtında və yüksək keyfiyyətlə tamamlanması üçün bütün tərəflər üzərlərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməlidirlər”.

Xatırladaq ki, 2015-ci ildə təməli qoyulan 1850 kilometrlik TANAP vasitəsi ilə başlanğıcda ildə 6 milyard kubmetr həcmində qaz Türkiyəyə ötürüləcək, 2020-ci ilin əvvəlindən TAP kəmərinə birləşdiriləcək TANAP-ın ümumi ötürücülük həcmi 16 milyarda çatdırılacaqdır. Sonrakı mərhələlərdə isə kəmərin ötürücülük həcmi 31 mlrd. kubmetrə çatdırıla bilər.

Layihədə SOCAR 58, BOTAŞ 30 və BP isə 12 faiz paya malikdir.