Xəbərlər arxivi

16 Iyun 2022

Diqqət!

+

Son zamanlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) adından istifadə edilərək maddi maraq qarşılığında hüquqi və fiziki şəxslərə fərdi və korporativ qaydada əməkdaşlıq, işə düzəltmə, investisiya yatırma imkanları və s. ilə bağlı müxtəlif təkliflər edilir. Müraciətlər əsasən, sosial media platformaları, elektron ünvan və ya telefon zəngləri vasitəsilə həyata keçirilir.

Bu cür hallarla mübarizə məqsədilə SOCAR tərəfindən hazırlanmış və ictimaiyyətin məlumatlandırılması məqsədi daşıyan müraciəti 3 dildə diqqətinizə çatdırırıq.

15 Iyun 2022

SOCAR-ın Müşahidə Şurasının sədri Türkiyənin energetika və təbii sərvətlər naziri ilə görüşüb

+

Türkiyədə səfərdə olan Azərbaycan Respublikasının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzlə görüşüb.

SOCAR-ın Müşahidə Şurasının sədri ölkələrimiz arasında yüksək səviyyəli strateji əməkdaşlığı, qardaş Türkiyə ilə möhkəm dostluq əlaqələrini, iqtisadi-ticarət və enerji tərəfdaşlığını vurğulayıb, SOCAR tərəfindən Türkiyədə həyata keçirilən layihələr barədə danışıb, “Petkim Külək Enerji Stansiyası”nın Türkiyənin bərpa olunan enerji potensialının yüksəlməsinə, karbon emissiyalarının əhəmiyyətli dərəcədə azalmasına töhfəsini qeyd edib.

Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz ölkələrimizin qarşılıqlı dostluq və qardaşlıq münasibətlərini, yüksək səviyyəli tərəfdaşlığını diqqətə çatdırıb, Türkiyə-Azərbaycan iş birliyinin daha da gücləndirilməsi istiqamətləri, ölkəsinin Azərbaycanda həyata keçiriləcək qaz hasilatının artırılması layihələrində investor olaraq iştirakı barədə fikirlərini bildirib.

Görüşdə Azərbaycan və Türkiyə arasında energetika, bərpa olunan enerji sahələrində əməkdaşlığın, SOCAR-ın Türkiyədəki fəaliyyətinin genişləndirilməsi imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

14 Iyun 2022

“SOCAR Türkiyə”də görüş keçirilib

+

Türkiyəyə səfər çərçivəsində Azərbaycan Respublikasının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə “SOCAR Türkiyə”də görüş keçirilib.

Görüşdə “SOCAR Türkiyə” tərəfindən 2021-ci ildə görülmüş işlər, 2022-ci il üçün qarşıda duran məsələlər və hədəflərin həyata keçirilməsi istiqamətində atılan addımlara dair təqdimat edilib, həmçinin SOCAR-ın Türkiyədəki layihələri və onların gələcək perspektivləri ilə bağlı müzakirələr aparılıb.

Müşahidə Şurasının sədri Mikayıl Cabbarov “SOCAR Türkiyə”nin törəmə müəssisəsi olan STAR Neft Emalı Zavodunun Dünya İqtisadi Forumunun qabaqcıl istehsal müəssisələrini özündə birləşdirən “Global Lighthouse” şəbəkəsinə daxil edilməsinin və dünyada bu mükafatı alan ilk neft emalı zavodu olmasının əhəmiyyətindən bəhs edib.

Mikayıl Cabbarov qardaş Türkiyə iqtisadiyyatının inkişafına SOCAR-ın mühüm töhfə verdiyini məmnunluqla vurğulayıb və Türkiyə İxracatçılar Məclisinin “2021-ci il ixracat çempionları” nominasiyasında “SOCAR Türkiyə”nin 8-ci yerə layiq görülməsinin böyük uğur olduğunu qeyd edib.

Həmçinin görüşdə iştirak edən SOCAR-ın birinci vitse-prezidenti, SOCAR prezidenti vəzifəsininin müvəqqəti icraçısı Rövşən Nəcəf, SOCAR-ın dünyada mövcud çağırışları daim diqqətdə saxladığını və öz müəssisələrində təmiz və rəqəmsal enerji texnologiyalarının tətbiqinə üstünlük verdiyini bildirib.

Rövşən Nəcəf SOCAR-ın enerji keçidi, rəqəmsallaşma və innovasiya kimi strateji təşəbbüslərindən bəhs edərək, “SOCAR Türkiyə”nin rəqəmsallaşma sahəsində əldə etdiyi uğurların bu strategiyanın əsas tərkib hissəsi olduğunu vurğulayıb.

Sonra nümayəndə heyəti “SOCAR Türkiyə”nin ofisində Azərbaycanın neft salnaməsindən bəhs edən muzeydə olub.

13 Iyun 2022

“SOCAR Türkiyə” Türkiyə İxracatçılar Məclisinin açıqladığı “2021-ci il İxracat Çempionları” siyahısında ilk onluqda

+

Türkiyə İxracatçılar Məclisi (TİM) “2021-ci il İxracat Çempionları” siyahısını açıqlayıb. Türkiyənin ən böyük xarici investoru olan “SOCAR Türkiyə” bu siyahıda 8-ci yerə layiq görülüb. Həmçinin “SOCAR Türkiyə”nin törəmə müəssisəsi olan Petkim TİM-in “İlk 1000 ixracatçı” siyahısında 22-ci sırada yer alıb. Haliç Konqres Mərkəzində keçirilən tədbirdə ötən il Türkiyədə ən böyük ixrac dövriyyəsinə malik olmuş 10 şirkətə mükafatlar verilib.

Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan “SOCAR Türkiyə”nin layiq görüldüyü mükafatı Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarova təqdim edib.

SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov qeyd edib ki, Türkiyədə 2021-ci ilin lider ixracatçı müəssisələri arasında yer alan “SOCAR Türkiyə” pandemiyanın mənfi təsirlərinə baxmayaraq, istehsal prosesini fasiləsiz olaraq davam etdirib: “Xüsusilə SOCAR-ın törəmə müəssisələri olan Petkim ve STAR NEZ-in inteqrasiyalı fəaliyyəti sayəsində fasiləsiz istehsalatı yaradılan sinerji, güclü hesabatlılıq və texnoloji transformasiya ilə dəstəkləyərək bu uğura nail olduq. Türkiyənin ilk 10 ixracatçı müəssisəsi arasında yer almaqdan böyük qürur duyuruq. Dost və qardaş Türkiyənin ixracatına verdiyimiz töhfə bizim üçün xüsusilə önəmlidir”.

7 Iyun 2022

Azərbaycanda ilk dəfə karbon kreditlərinin sertifikatlaşdırılması layihəsi uğurla icra olundu

+

SOCAR növbəti ekoloji nailiyyətə imza atıb. Belə ki, şirkət ilk dəfə “Upstream Emission Reduction” (UER) layihəsi çərçivəsində neft-qaz hasilatı zamanı formalaşan emissiyaların sertifikatlaşdırılmasını həyata keçirib. Bu layihə neft-qaz sektorunda emissiyaların ciddi şəkildə azaldılması ilə yanaşı, əlavə iqtisadi üstünlüklərin əldə edilməsinə şərait yaradıb. UER mexanizmi neft-qaz əməliyyatları zəncirində istixana qazı emissiyalarının əhəmiyyətli dərəcədə azaldılmasına nail olmaq üçün səmərəli alətdir.

Avropa İttifaqının Yanacaq Keyfiyyəti Direktivinə əsasən, neft-qaz təchizatçıları UER layihələrini əməliyyatlar zamanı emissiyaların azaldılması, habelə onların ətraf mühitə təsirlərinin minimuma endirilməsi məqsədilə həyata keçirir və bu barədə müvafiq sertifikatlar alırlar. Proses nəticəsində əldə edilən UER sertifikatları daha sonra enerji təchizatçılarına satıla bilər ki, bu da həmin şirkətlərin emissiyaların azaldılması hədəflərinə çatması üçün bir vasitədir.

Belə ki, Norveç Krallığının “Carbon Limits” şirkəti ilə əməkdaşlıq çərçivəsində SOCAR-ın fəaliyyət sahələrində “Sızmaların müəyyənləşdirilməsi və aradan qaldırılması” (“Leak Detection and Repair” - LDAR) pilot layihəsinin həyata keçirilməsinə dair 2018-ci il 11 may tarixli Anlaşma Memorandumu imzalanıb.

Layihə çərçivəsində “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİ, Ə.C.Əmirov adına NQÇİ, H.Z.Tağıyev adına NQÇİ, N.Nərimanov adına NQÇİ və “Abşeronneft” NQÇİ-də monitorinqlər keçirilib, sızma mənbələri müəyyənləşdirilib və onların aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb.

Həyata keçirilmiş layihənin nəticəsi olaraq 14500 ton CO2 ekvivalentində emissiya həcmi sertifikatlaşdırılıb və müvafiq qaydada satılıb. Layihənin icrası nəticəsində SOCAR 3 milyon manat mənfəət əldə edib.

SOCAR bu sahədə əldə olunan uğurlu təcrübəni nəzərə alaraq, gələcəkdə daha geniş seqmentlər üzrə azaldılmış emissiya həcmlərinin ticarəti üzrə yeni layihələr həyata keçirmək niyyətindədir.

4 Iyun 2022

Bakı Enerji Forumu çərçivəsində Şuşada keçirilən xüsusi sessiyaya dair məlumat

+

Bakı Enerji Həftəsinə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən xüsusi sessiya ilə yekun vurulub

İyunun 4-də Bakı Enerji Forumu çərçivəsində Şuşa şəhərində 100-dən çox yerli və xarici nümayəndənin iştirak etdiyi xüsusi sessiya keçirilib.

“Xalis sıfıra aparan yol: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji potensialının inkişafı” mövzusuna həsr olunan xüsusi sessiyada əvvəlcə Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı Enerji Həftəsi iştirakçılarına ünvanladığı məktubu oxuyub.

Türkiyə Prezidenti məktubunda bütün sahələrdə olduğu kimi, enerji sahəsində də Azərbaycan və Türkiyənin mükəmməl əməkdaşlığının ölkələrimiz və bölgəmiz üçün strateji xarakter daşıdığını qeyd edib.

Məktubda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bərpa olunan enerji sahəsində ortaya qoyduğu vizyonun regionun sabitliyi və rifahı baxımından önəmli olduğu vurğulanıb.

Daha sonra energetika naziri Pərviz Şahbazov çıxış edərək, xalis sıfıra aparan inkişaf yolunda Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətdən danışıb. Nazir azad edilmiş ərazilərin bərpa olunan enerji potensialı və əməkdaşlıq imkanlarından bəhs edib. O, həmçinin Şuşada imzalanacaq sənədlərin “enerji keçidi” prosesinə töhfə verəcəyini bildirib.

SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf çıxışında “SOCAR-ın 2035-ci ilə qədər Korporativ Strategiyası” çərçivəsində, enerji keçidi, rəqəmsallaşma və innovasiya kimi fəaliyyət sahələrini ehtiva edən yeni üfüqlər üzrə strateji təşəbbüslərindən bəhs edib. O qeyd edib ki, forumun xüsusi sessiyası çərçivəsində bərpa olunan enerji mənbələrinin birgə inkişafı haqqında SOCAR və “Masdar” arasında imzalanacaq Anlaşma Memorandumu, eyni zamanda SOCAR və bp arasında Əməkdaşlıq Müqaviləsi bu strategiyanın əsas komponentlərindən biri kimi qiymətləndirilə bilər.

R.Nəcəf Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Yaşıl enerji” zonası elan edilən bu ərazilərin öz geniş iqtisadi, nəqliyyat, turizm və bərpaolunan enerji potensialı ilə bundan sonra uzun illər ərzində Azərbaycanın və regionun dayanıqlı inkişafına, bölgədə sülhə, əmin-amanlığa, əməkdaşlığa dəyərli töhfələr verəcəyini vurğulayıb.

bp-nin Regional prezidenti Qəri Counz çıxışında bp-nin təxminən 30 il ərzində Azərbaycanda neft-qaz sektorunda uğurla fəaliyyət göstərdiyini bildirib. O, bu illər ərzində SOCAR ilə etibarlı əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd edib.

bp-nin Regional prezidenti Şuşada imzalanacaq sənədlərin “enerji keçidi” dövründə Azərbaycanın bərpa olunan enerji potensialının inkişafına töhfə verəcəyini vurğulayıb.

Daha sonra Total Energies şirkətinin Azərbaycan üzrə icraçı direktoru Regis Agutun, Masdar Clean Energy şirkətinin İcraçı direktor vəzifəsini icra edən Fauaz Al Muharraminin, ACWA Power şirkətinin İnvestisiya direktoru Klayv Törtnün çıxışları dinlənilib.

Həmçinin, Bakı Enerji Həftəsi haqqında video çarx nümayiş etdirilib, Şuşa xüsusi sessiyası çərçivəsində əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması mərasimi keçirilib.

Qeyd edək ki, SOCAR ilə bp arasında imzalanan Əməkdaşlıq Müqaviləsi və “Masdar” şirkəti arasında imzalanan Anlaşma Memorandumu SOCAR-ın neft-qaz əməliyyatlarının karbonsuzlaşdırılmasını və enerji səmərəliliyi sahəsində qabaqcıl texnologiyaların tətbiqini, habelə bərpa olunan enerji mənbələrinin birgə inkişafını hədəfləyir.

Şuşa Şəhər Dövlət Qoruğu İdarəsi tərəfindən təşkil olunan Şuşa turunda isə tədbir iştirakçıları mədəniyyət paytaxtımızın tarixi və mədəni abidələrini ziyarət edib, şəhərdə aparılan bərpa və yenidənqurma işləri ilə tanış olub.