Xəbərlər arxivi

28 Aprel 2022

ELAN

+

Bakı şəhəri üzrə 1989 - 31.12.2001-ci il tarixədək SOCAR-ın mərkəzləşdirilmiş mənzil uçotunda olan vətəndaşların nəzərinə: Bibiheybət qəsəbəsi ərazisində inşa edilən yaşayış kompleksindən kooperativ mənzil almaq məqsədilə qeyd olunan tarixlər arasında mənzil uçotunda olan vətəndaşlardan xahiş olunur ki, elan verilən gündən etibarən 1 (bir) ay ərzində Baş ofisin Yaşayış sahələri üzrə iş şöbəsinə müraciət etsinlər.

Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi 16, Sosial inkişaf İdarəsinin inzibati binası.

Əlaqə telefonları: (012)5211063 şöbə rəisi, (012)5211222 şöbə rəisinin müavini, (012)5211272 böyük mühəndis.

28 Aprel 2022

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, prezident vəzifələrini müvəqqəti icra edən Rövşən Nəcəfin “Uniper” şirkətinin baş icraçı direktoru Klaus-Diter Maubax ilə görüşünə dair məlumat

+

2022-ci il 28 aprel tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Almaniyanın “Uniper” şirkəti arasında Əlaqələndirmə Komitəsinin keçirilmiş 7-ci iclası çərçivəsində SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifələrini müvəqqəti icra edən Rövşən Nəcəfin “Uniper” şirkətinin baş icraçı direktoru Klaus-Diter Maubaxın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub. Birinci vitse-prezident Rövşən Nəcəf SOCAR-ın strukturuna daxil olan “Azərikimya” İstehsalat Birliyi ilə “Uniper” şirkəti arasında əlaqələrdən, o cümlədən mövcud əməkdaşlığın genişləndirilməsi perspektivlərindən bəhs etdi, bu xüsusda Əlaqələndirmə Komitəsinin fəaliyyətinin əhəmiyyətinə toxundu. O, birgə layihələrin icrasında “Uniper” şirkətinin müvafiq təcrübəsinin önəmli rolunu qeyd etdi.

Azərbaycana ilk səfərindən məmnunluq ifadə edən Klaus-Diter Maubax SOCAR ilə uğurlu əməkdaşlığı yüksək qiymətləndirdi və bu biznes əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğuladı.

Görüşdə SOCAR ilə “Uniper” şirkəti arasında əməkdaşlığın müxtəlif istiqamətlərinə, enerji keçidi, o cümlədən bərpaolunan eneri ilə bağlı mövzulara və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparıldı.

19 Aprel 2022

2022-ci ilin I rübündə qazma, hasilat, emal və ixrac göstəriciləri

+

2022-ci ilin birinci rübündə SOCAR qazma üzrə artıma nail olmuşdur. Şirkət tərəfindən 18 min metrdən1 artıq qazma işləri həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur. Hesabat dövründə şirkət tərəfindən 1,9 milyon tondan2 çox neft, 1,9 milyard kubmetrdən3 çox qaz hasil olunub. Neft və qaz hasilatında əvvəlki illə müqayisədə qismən artım qeydə alınıb. Ölkə üzrə ümumilikdə 8,3 milyon tondan4 çox neft və 11,8 milyard kubmetr5 qaz hasil edilib. Dövr ərzində ölkə üzrə qaz hasilatı 13,5 faiz artıb. Hesabat dövründə SOCAR tərəfindən dünya bazarına 4,1 milyon tona6 yaxın xam neft, Gürcüstan bazarına isə 770 milyon kubmetr7 təbii qaz ixrac olunub. SOCAR-ın Gürcüstana ixrac etdiyi qaz həcmləri ötən ilin analoji dövrü ilə müqayisədə 50,6 faiz artıb. Qeyd edək ki, SOCAR öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən nefti də ixrac edir. Ümumilikdə isə ölkə üzrə 6,7 milyon tona8 yaxın neft, 5,9 milyard kub metr9 qaz ixrac edilmişdir. Ölkə üzrə qaz ixracında ötən ilin analoji dövrü ilə müqayisədə 14,7 faiz artım qeydə alınmışdır.

Şirkətin Azərbaycandakı emal kompleksində 1,6 milyon tona10 yaxın neft, 948 milyon kubmetrə11 yaxın təbii qaz emal olunmuşdur. Neft emalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,7 faiz artmışdır. Rüb ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunmuş 561 min tona12 yaxın neft, neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilmişdir. Hesabat dövründə ölkə ərazisində təbii qaz istehlakı ötən ilin analoji dövrü ilə müqayisədə 9,3 faiz artaraq təqribən 4,8 milyard kub metr13 təşkil edib. Karbamid və Metanol zavodlarının istehsal həcmlərinin kəskin artımı, həmçinin ölkədə qazlaşdırma səviyyəsinin 96,3 faizə yüksəlməsi qaz istehlakının artımına təsir göstərib.



Qeyd: Mətndə qeyd olunan rəqəmlər oxunaqlılıq məqsədi ilə yuvarlaqlaşdırılıb. Tam dəqiq rəqəmlər müvafiq olaraq, aşağıdakı istinadlarda göstərilib.





1 - 18.340 metr

2 - 1.930.062 ton

3 - 1.917.971.000 kubmetr

4 - 8.338.643 ton

5 - 11.803.557 kubmetr

6 - 4.085.193 ton

7 - 770.274 kubmetr

8 - 6.656.324 ton

9 - 5.883.866.000 kubmetr

10 - 1.582.710 ton

11 - 47.524.612 kubmetr

12 - 560.504 ton

13 - 4.759.048.000 kubmetr

15 Aprel 2022

SOCAR ilə Mingəçevir Dövlət Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

+

Aprelin 15-də SOCAR və onun “Cənubi Qafqaz Boru Kəməri Şirkəti”ndəki (CQBK) tərəfdaşları ilə Mingəçevir Dövlət Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Memorandumu “SOCAR Midstream”in icraçı direktoru Fuad Əhmədov və Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov imzalayıblar.

“SOCAR Midstream”in təhsil sahəsindəki sosial layihələri barədə məlumat verən Fuad Əhmədov bildirib ki, iqtisadiyyat, biologiya və kimya fənləri üzrə 8 dərslik Azərbaycan dilinə tərcümə edilib. O, həmçinin Massaçusetts Texnologiya İnstitutunun “Məlumat, İqtisadiyyat və İnkişaf Siyasəti”, “MikroMaster” proqramları üzrə Azərbaycan Dövlət İqtisad Universiteti ilə aparılan əməkdaşlıq, 7 universitetdə “SABAH” qrupuna daxil olan və magistratura səviyyəsi üzrə təhsil alan 372 tələbə üçün “IELTS” hazırlıq kurslarının təşkili barədə məlumat verib. Qeyd olunub ki, Mingəçevir Dövlət Universiteti ilə imzalanan Anlaşma Memorandumu neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində Azərbaycanın və regionun dayanıqlı inkişafını dəstəkləyəcək.

Mingəçevir Dövlət Universitetinin təhsil prioritetlərindən danışan Şahin Bayramov qeyd edib ki, “SOCAR Midstream” ilə əməkdaşlıq təhsilin inkişafına, müasir tələblərə cavab verən yüksək səviyyəli mütəxəssislərin yetişdirilməsinə mühüm töhfə verəcək.

Memorandumda Mingəçevir Dövlət Universiteti və “SOCAR Midstream” arasında müasir təhsil proqramları sahəsində əməkdaşlıq, mövcud potensialın gücləndirilməsi və yüksəkixtisaslı kadrların hazırlanması məsələləri əksini tapıb.

12 Aprel 2022

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) Modernizasiya və Yenidənqurma Layihəsi çərçivəsində icra olunan əsaslı təmir işlərinə dair məlumat

+

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) istehsal gücünün artırılması, respublikanın “AVRO-5” standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, ətraf mühitə təsirlərin minimuma endirilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri davam edir. Layihə çərçivəsində NEZ-də əməliyyat mükəmməlliyi və dayanıqlığı proqramı həyata keçirilir. Proqram çərçivəsində NEZ-in 2022-ci il üzrə əsaslı təmirlə bağlı iş həcmi müəyyənləşdirilib və kompleks tədbirlər planı hazırlanıb.

Nəticədə 4 aprel 2022-ci il tarixdən etibarən “NEZ” əsaslı planlı təmirə dayandırılıb. 2022-ci ilin əsaslı təmiri NEZ-də uzun müddətli (bir ildən çox) fasilədən sonra həyata keçirilir, işlər həcminə və mürəkkəbliyinə görə əvvəlki illərin təmir işlərindən kəskin fərqlənir. Təmirə dayanma zamanı SOCAR və kənar təşkilatlardan 2000-dən çox işçi qüvvəsi cəlb ediləcəkdir.

Əsaslı təmir müddəti ərzində respublikanın müvafiq mühərrik yanacaqları ilə fasiləsiz təmin olunması üçün SOCAR tərəfindən lazımi tədbirlər görülüb. Belə ki, NEZ-in strukturuna daxil olan keçmiş “Azərneftyağ” NEZ-in bir sıra qurğuları istismarını davam etdirəcək və müəyyən həcmdə kerosin, dizel və benzin istehsal olunacaqdır. Həmçinin ölkənin dizel və kerosin yanacaqlarına olan tələbatı NEZ-də formalaşdırılmış ehtiyatlar hesabına təmin ediləcəkdir. Fevral ayından etibarən müvafiq yanacaq ehtiyatının formalaşdırılmasına başlanılıb və hazırda da davam etməkdədir. Bununla əlaqədar, NEZ-də aparılan əsaslı təmir işləri müddətində ölkədaxili tələbat tam həcmdə təmin ediləcək.