Xəbərlər arxivi

23 Dekabr 2021

SOCAR Gürcüstanda fəaliyyətinin 15 illiyini qeyd edir

+

Tbilisidə SOCAR-ın Gürcütsanda fəaliyyətə başlamasının 15-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Gürcüstanın davamlı inkişaf və iqtisadiyyat naziri Natia Turnava, Tbilisi şəhərinin meri Kaxa Kaladze, Azərbaycanın Gürcüstandakı Səlahiyyətli və Fövqəladə səfiri Faiq Quliyev və digər rəsmi şəxslər iştirak etmişlər.

Çıxış edənlər SOCAR-ın Gürcüstanda neft sektorunun ən böyük investoru və ölkənin ən böyük vergi ödəyicisi olduğunu, yüksək sosial məsuliyyət daşıdığını vurğulamış, şirkətin həyata keçirdiyi layihələrin Azərbaycan və Gürcüstan arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfələrdən danışmışlar.

Daha sonra SOCAR-ın prezidenti Rövnəq Abdullayev bir neçə əməkdaşa “Fəxri neftçi” nişanı və şirkətin Fəxri fərmanlarını təqdim etmişdir. Bir qrup əməkdaşa isə Azərbaycan və Gürcüstan arasında dostluğun möhkəmlənməsinə, gənclərin inteqrasiyasına, habelə tarixi irsin qorunub saxlanılmasına verdikləri töhfələrə görə mükafatlar təqdim olunmuşdur.

Qeyd edək ki, 2006-cı ildə təsis olunan SOCAR-a məxsus Kulevi Neft Terminalı vasitəsilə neft məhsullarının Qərb bazarlarına nəqlini həyata keçirir. “SOCAR Energy Georgia” MMC özünün törəmə şirkətləri vasitəsilə 112 yanacaqdoldurma məntəqəsi, 16 xidmət mərkəzi və 5 neft terminalını istismar edir, Gürcüstan bazarında Azərbaycanın və üçüncü tərəflərin neft məhsullarının topdan və pərakəndə satışını təşkil edir. Şirkət Gürcüstanın regionlarına təbii qaz tədarükü və paylanması ilə məşğuldur və yerli qaz şəbəkələrini idarə edir. “SOCAR Georgia Gas” şirkətinin tərəfindən göstərilən xidmətin əhatə etdiyi abunəçilərin sayı 2008-ci ildən bəri 78 min abunəçidən 808 min abunəçiyə qədər artmışdır.

21 Dekabr 2021

SOCAR-ın Bakı Ali Neft Məktəbinin yaradılmasının 10-cu ildönümü qeyd olunub

+

Dekabrın 21-də SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) yaradılmasının 10 illiyi münasibətilə Ali Məktəbin kampusunda təntənəli yubiley tədbiri keçirilib. Yubiley tədbiri torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərin xatirəsinin yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb. Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il may ayının 1-də kampusun açılışında BANM haqqında söylədiyi fikirləri əks etdirən və “BANM- 10 il” adlı videoçarxlar nümayiş olunub. Tədbiri giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov demişdir: “Azərbaycanda müasir tədris proqramları və təlim texnologiyaları əsasında mühəndis kadrlar yetişdirən Ali Məktəbimizin məzunları SOCAR-ın və ölkənin müxtəlif sənaye müəssisələrində, eyni zamanda transmilli şirkətlərdə çalışaraq iqtisadiyyatın, sənayenin inkişafına töhfələr verir, dünyanın nüfuzlu ali məktəblərində təhsilini davam etdirir, nəhəng şirkətlərdə Azərbaycanı layiqincə təmsil edirlər. Böyük qürur və fəxarət hissi ilə bildirirəm ki, Bakı Ali Neft Məktəbi ən müasir texnologiyalar və peşəkar pedaqoji heyətlə təmin edilmiş innovativ təhsil müəssisəsi olaraq inkişaf edib, Azərbaycan ali təhsil müəssisələrinin reytinq cədvəlində liderliyə yüksəlib, orta qəbul balı üzrə Respublika birincisidir”.

Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev Ali Məktəbin tələbələrinə üz tutaraq, demişdir: “Bu gün bu təntənəli yubiley mərasimində əminliklə deyə bilərik ki, Bakı Ali Neft Məktəbi artıq öz sahəsində ölkəmizdə fəaliyyət göstərən ən qabaqcıl ali təhsil müəssisəsi kimi tanınır. Heç şübhə etmirəm ki, şirkətimizin, şanlı neft sənayemizin gələcək liderlərindən bir çoxu sizin aranızdadır. Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında SOCAR-ın lokal bir neft şirkətindən transmilli enerji şirkətinə çevrilməsinə nail olmuşuq. İndi sizin qarşınızda daha geniş üfüqlər açılıb. İnanıram ki, Siz təhsildə qazandığınız uğurları gələcək istehsalat fəaliyyətinizdə də davam etdirəcək, Azərbaycan neftçilərinin bu günkü nəslindən daha da irəli gedəcək, daha böyük nailiyyətlərə imza atacaqsınız.”

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin 20 dekabr 2021-ci il tarixli əmri ilə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Neft-qaz mühəndisliyi kafedrasının professoru Siyavuş Azakov SOCAR-ın “Fəxri neftçi” döş nişanı, həmin kafedranın professoru Fuad Vəliyev və dosenti Xanum Cəfərova SOCAR-ın “Fəxri fərmanı” ilə təltif ediliblər. Mükafatları SOCAR-ın prezidenti Rövnəq Abdullayev təqdim etmişdir.

Tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakı Ali Neft Məktəbinə fəaliyyətində uğurlar arzulayaraq, Ali Məktəbin 10 illik qısa müddətdə böyük nailiyyət əldə etdiyini, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə uğurlu əməkdaşlıq aparıldığını bildirmişdir.

Gənclər və idman naziri Fərid Qayıbov Bakı Ali Neft Məktəbinin fəaliyyətini yüksək qiymətləndirmiş, 10 illik yubiley münasibətilə təbriklərini çatdırmış və rəhbərlik etdiyi Nazirliyin BANM ilə əməkdaşlığa hazır olduğunu vurğulamışdır.

Təhsil nazirinin müavini Firudin Qurbanov tədbir iştirakçılarını salamlayaraq Bakı Ali Neft Məktəbini müasir tələblərə cavab verən ali təhsil ocağı kimi qiymətləndirib, Ali Məktəbdə ölkənin gələcəyi üçün önəmli ixtisaslarda təhsil verildiyini və ölkədə bu cür təhsil müəssisəsinin fəaliyyətinin qürurverici olduğunu qeyd edib.

Tədbirdə BANM-in uğurlu məzunlarından Ali Məktəbdə Keyfiyyətin təminatı şöbəsinin rəisi vəzifəsində çalışan, “Yüksəliş” müsabiqəsinin qaliblərindən olan Güldənə Hidayətli və SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası layihəsində çalışan Rafael Abdullayev tələbəlik həyatları haqqında xatirələrini bölüşmüşlər.

Mərasimin sonunda Azərbaycan Prezidenti İlham Əliyevə SOCAR-ın Bakı Ali Neft Məktəbinin 10 illik yubileyi ilə əlaqədar müraciət oxunub.

Azərbaycanın tam ingilisdilli yeganə texniki ali məktəbi olan SOCAR-ın Bakı Ali Neft Məktəbinin kampusunun açılışı 2017-ci il may ayının 1-də Prezident İlham Əliyev tərəfindən həyata keçirilib. BANM hələ ilk qəbul aparılan ildə Dövlət İmtahan Mərkəzinin (DİM) tərtib etdiyi reytinq cədvəlində 51 ali təhsil müəssisəsi arasında lider kimi tarixə düşüb. Hazırda BANM-də Neft-qaz mühəndisliyi, Kimya mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi, İnformasiya təhlükəsizliyi, Kompüter mühəndisliyi və Biznesin idarə edilməsi ixtisasları üzrə bakalavr, Neft-qaz mühəndisliyi, Kimya mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi və Biznesin idarə edilməsi (MBA) ixtisaslarında magistr pilləsi üzrə qəbul həyata keçirilir. Ali Məktəbdə doktorantura pilləsi və Neft-qaz mühəndisliyi ixtisası üzrə təkrar ali təhsil həyata keçirilir. SOCAR-ın Bakı Ali Neft Məktəbinə orta qəbul balı 650 və daha yuxarıdır. Bu da Azərbaycanda ən yüksək göstəricidir. 2021/2022-ci tədris ilində ölkə üzrə Prezident təqaüdünə layiq görülmüş 102 nəfərdən 33-ü BANM-in tələbəsidir. Bu, Azərbaycanın təhsil tarixində rekord göstəricidir. Hazırda Ali Məktəbdə təhsil alan Prezident təqaüdçülərinin sayı 205 nəfərdir.

11 Dekabr 2021

SOCAR rəhbərliyi Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir

+

Xalqımızın Ümummilli lideri Heydər Əliyevin anım günü ərəfəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti rəhbərliyi onun Fəxri xiyabandakı məzarını ziyarət etmişdir. Şirkət rəhbərliyinin nümayəndələri suveren Azərbaycan dövlətinin qurucusu və memarı, iqtisadiyyatımızın inkişafında, milli dövlətçiliyimizin möhkəmlənməsində müstəsna rol oynamış enerji strategiyasının banisi Ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə Azərbaycan neftçilərinin bəslədiyi dərin hörmət və ehtiramın ifadəsi olaraq Ulu öndərin məzarı üzərinə tər çiçəklər düzmüş, onun ruhu qarşısında baş əymişlər.



10 Dekabr 2021

SOCAR “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrində iştirak payını artırır

+

“Petronas” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının kəşfiyyatı və işlənməsi üzrə hasilatın pay bölgüsü sazişindəki payını satmağa qərar verəndən sonra layihənin tərəfdaşları arasında saziş üzrə üstünlük hüquqlarına dair müddəalara uyğun olaraq, SOCAR “Petronas” şirkətinə məxsus olan 4.35%-lik iştirak payını almışdır. “Petronas” şirkətinə məxsus 15.5%-lik iştirak payının qalan hissəsi “Şahdəniz” layihəsində iştirak edən “LUKOIL” və bp şirkətləri tərəfindən satın alınmışdır. Bununla da SOCAR-ın “Şahdəniz” layihəsində birbaşa iştirak payı 14.35%-ə yüksəlir. Bu şərtlər nəzərə alınmaqla müvafiq sazişin 2022-ci ilin yanvar ayında qüvvəyə minməsi gözlənilir. Bundan əlavə, səhmlərinin 51%-i Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və 49%-i SOCAR-a məxsus Cənub Qaz Dəhlizi Qapalı Səhmdar Cəmiyyəti də “Şahdəniz” layihəsində 6.67% iştirak payına malikdir.

Qeyd edək ki, “Şahdəniz” layihəsi üzrə tərəfdaş şirkətlərin iştirak paylarındakı dəyişikliklər Cənub Qaz Dəhlizinin seqmentlərindən biri olan Cənubi Qafqaz Boru Kəmərində şirkətlərin səhm paylarının bölgüsünə də aid edilmiş və müvafiq şirkətlərin kəmər üzrə iştirak paylarında da eyni nisbətdə dəyişikliklər təsbit olunmuşdur.

Xəzər dənizinin Azərbaycan sektorunda “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi üzrə hasilatın pay bölgüsü sazişi SOCAR və beynəlxalq şirkətlərin konsorsiumu arasında 4 iyun 1996-cı il tarixində imzalanmışdır. Yataq Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan 70 kilometr cənub şərqdə yerləşir. “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi və Cənub Qaz Dəhlizi ilə bağlı yekun investisiya qərarı 17 dekabr 2013-cü il tarixində qəbul edilmişdir. 2018-ci ildə “Şahdəniz 2” layihəsi çərçivəsində hasil edilmiş ilk təbii qaz həcmləri Türkiyə bazarına daxil olmuşdur. 31 dekabr 2020-ci il tarixindən etibarən “Şahdəniz” yatağından hasil edilən təbii qaz həcmləri Cənub Qaz Dəhlizi vasitəsilə Avropa ölkələrinə də nəql olunmaqdadır.

7 Dekabr 2021

SOCAR-ın prezidenti “Total Energies” şirkətinin nümayəndə heyəti ilə görüşmüşdür

+

SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Total Energies” şirkətinin Kəşfiyyat və hasilat üzrə prezidenti Arno Broyyakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirmişdir. SOCAR rəhbərliyi ilə mütəmadi işgüzar görüşlərin keçirilməsini “Total Energies” şirkəti tərəfindən “Abşeron” layihəsinə, Azərbaycan və SOCAR-la əməkdaşlığa verilən böyük önəmin göstəricisi kimi səciyyələndirən Arno Broyyak bildirmişdir ki, “Abşeron” yatağı son dövrdə “Total Energies” şirkətinin işləməyə cəlb olunduğu ən böyük yataqlardan biridir.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Abşeron” yatağının Azərbaycan üçün də son illərdə kəşf edilmiş ən böyük qaz yatağı sayıla biləcəyini söyləmiş, Xəzər dənizində ən dərin quyunun məhz bu layihə çərçivəsində qazıldığını vurğulamışdır. SOCAR prezidenti Heydər Əliyev adına yeni nəsil qazma qurğusunun əsas etibarilə “Abşeron” yatağındakı qazma işlərinə cəlb olunduğunu qeyd etmiş, bu müasir qurğunun Xəzər dənizində fəaliyyət göstərən digər şirkətlər üçün də böyük əhəmiyyət daşıdığını nəzərə çatdırmışdır. Görüşdə qarşıdakı dövrdə layihənin daha səmərəli idarə olunmasının müxtəlif aspektləri, yeni texnoloji həllər, eləcə də bərpa olunan enerji sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.

Qeyd edək ki, “Abşeron” yatağının işlənməsi layihəsi Abşeron Petroleum Birgə Əməliyyat Şirkəti (JOCAP) tərəfindən həyata keçirilir. Əməliyyatçı şirkətin səhmləri SOCAR Absheron (50%) və TOTAL E&P Absheron (50 %) şirkətləri arasında bərabər bölünüb. “Abşeron” bloku Bakıdan 100 km-lik məsafədə, dənizin 500 metr dərinliyində yerləşir. Yatağın ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində qiymətləndirilir. 2019-cu ildə SOCAR və “Total” “Abşeron” yatağında 7411 metr dərinlikdə ABD-001 hasilat və qiymətləndirmə quyusunda qazma işlərini uğurla başa çatdırıb. Qazma işlərinə 2018-ci ilin may ayında başlanılıb və işlər Heydər Əliyev adına yarımdalma qazma qurğusu vasitəsilə həyata keçirilib.

3 Dekabr 2021

SOCAR yeni mobil dalğıc kompleksinin sınaqlarına başlayır

+

Dekabrın 3-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri şirkətin Zığ-2 meydançasında General Əliağa Şıxlınski kran gəmisində xüsusi rama üzərinə quraşdırılmış 200 metrlik Mobil Dərinlik Dalğıc Kompleksinə baxış keçirmişlər. SOCAR rəhbərliyinin təmsilçiləri burada həmçinin “Neft Daşları” yatağında 10 ədəd istismar quyusunun qazılması üçün tikilən estakadayanı meydançanın göyərtəsi ilə, eləcə də metal konstruksiyaların təmizlənməsi və boyanın vurulması sexində görülmüş işlərlə də tanış olmuşlar. Bütün növ sualtı-texniki və dalğıc işlərinin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş Mobil Dərinlik Dalğıc Kompleksi “American Bureau of Shipping” (ABS) təsnifat cəmiyyətinin nəzarəti altında tikilmişdir və əsasən “Günəşli” yatağında istismar ediləcəkdir. “Unique Hydra” şirkəti tərfindən inşa edilmiş 200 metrlik Mobil Dərinlik Dalğıc Kompleksi 14 nəfər dalğıc akvanavt üçün hesablanıb. Kompleks vasitəsilə saturasiya üsulu ilə fasiləsiz şəkildə dalğıc enmələrini həyata keçirmək mümkün olacaqdır.

SOCAR rəhbərliyinə məlumat verilmişdir ki, hazırda Kompleksin dəniz sınaqlarının aparılmasına hazırlıq prosesi yekunlaşmaq üzrədir. Kompleks yanğınsöndürmə sistemi, odsöndürən balonlar, tüstüyə qarşı tənəffüs aparatları və s. ilə təchiz olunmuşdur. Saturasiya idarəetmə, dalğıc idarəetmə konteynerlərində karbon qazlı odsöndürmə sistemləri quraşdırılmışdır. Dəniz sınaqları tamamlandıqdan sonra kompleks istismara veriləcəkdir.

Qeyd edək ki, hazırda SOCAR-ın Dalğıc xidmətində 157 ixtisaslaşmış dalğıc fəaliyyət göstərir ki, onlardan 25 nəfəri saturasiya üsulu ilə dərinlik dalğıc işlərini yerinə yetirən dalğıc-akvanavtlardır. 2011-ci ildən etibarən SOCAR-ın təlim mərkəzində dalğıc hazırlığı kursu təşkil olunur. 2011-2021-ci illər ərzində bu kurslara ümumilikdə 88 dalğıc cəlb olunmuş və kursları müvəffəqiyyətlə bitirmişdir.