Xəbərlər arxivi

5 Noyabr 2021



SOCAR əməkdaşları Zəfər Günü münasibətilə şəhidlərimizin xatirəsinə 3 minə yaxın ağac əkmişlər

+

SOCAR əməkdaşları Zəfər Günü münasibətilə kütləvi iməciliklər, ağacəkmə tədbirləri keçirmişdir. Noyabrın 5-də Bibiheybət ərazisində keçirilmiş iməcilikdə, Vətən müharibəsində həlak olmuş şəhidlərimizin sayına uyğun olaraq, onların xatirəsinə 3 minə yaxın ağac əkilmişdir. Tədbirdə SOCAR-ın rəhbərliyi, Vətən müharibəsində iştirakçısı olmuş 70-dən çox neftçi, eləcə də idarə və müəssisələrin təmsilçiləri iştirak etmişlər.

Keçirilmiş iməciliklər SOCAR-ın fəaliyyət göstərdiyi ərazilərdə ətraf mühitə mənfi təsirləri minimuma endirmək məqsədi ilə aparılan genişmiqyaslı yaşıllaşdırma və abadlaşdırma işlərinin davamı olub, ekoloji vəziyyətin yaxşılaşdırılmasına töhfə vermişdir.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünə qoşulan SOCAR Nəsimi İli çərçivəsində ölkəmizdə keçirilən ağacəkmə kampaniyasında fəal iştirak etmiş və 100 min ağac əkmişdir. Ümumiyyətlə, bu günədək SOCAR əməkdaşları tərəfindən müxtəlif ərazilərdə 1 milyondan çox ağac-kol və gül bitkiləri əkilmişdir. Eyni zamanda son 15 il ərzində əvvəlki dövrlərdə neft və neft məhsulları ilə çirklənmiş 4040 hektarlıq mədən ərazilərinin 2888 hektarı təmizlənərək bərpa edilmişdir.

5 Noyabr 2021

SOCAR-da “Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilmişdir

+

Noyabrın 5-də SOCAR-da “Zəfər Günü”nə həsr olunmuş bayram tədbiri keçirilmişdir. Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, şirkət rəhbərliyinin nümayəndələri, şəhid neftçilərin ailə üzvləri və neftçi qazilər iştirak etmişlər. Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. “Neftçilər Vətən müharibəsində” foto-albomunun və eyni adlı filmin təqdimatı keçirilən tədbirdə təqdim olunan foto-albom və film haqqında tədbir iştirakçılarına məlumat verilmis, bildirilmişdir ki, Vətən müharibəsində iştirak etmiş SOCAR əməkdaşlarının həyat hekayələrinin əks olunduğu albom-kitabda Azərbaycan neftçilərinin Vətənə, millətə bağlılığı, ənənələrə sədaqəti əks olunub.

Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev qalib xalq olmağın sonsuz sevinc və qürurunu yaşayan Azərbaycan xalqını və onun avanqard qüvvəsi olan çoxminli neftçilər ailəsini Zəfər günü münasibəti ilə təbrik etmiş, SOCAR ailəsi üzvlərinin ön və arxa cəbhədə göstərdikləri hünər yolundan söz açmışdır. SOCAR-ın prezidenti demişdir: “Böyük Qələbəmiz şəhidlərimizin müqəddəs qanı ilə yoğrulub. Şəhidlərimiz bizim and yerimizdir. Uşaqdan böyüyə hər bir azərbaycanlı onların xatirəsini əziz tutur. Bu gün Şəhidlərimizin ruhu şaddır. Onların haqq işi qələbə çalmış, qanları yerdə qalmamışdır. 500-dən artıq neftçinin iştirak etdiyi Vətən müharibəsində 6 unudulmaz həmkarımız - Alı, Oktay, Şahgündüz, Tural, Səmural, Aydın Vətən uğrunda canlarından keçərək şəhidlik məqamına yüksəlmişlər. Onların xatirəsinin əbədiləşdiriləcək, onların ülvi idealları gənc nəslə aşılanacaq. Bu gün nümayiş etdirilən film və “Neftçilər Vətən müharibəsində” kitabı bu istiqamətdə atılmış ilk addımlardandır”. SOCAR prezidenti şəhid neftçilərin ailə üzvlərinin və neftçi qazilərin problemlərinin daim diqqət mərkəzində olduğunu söyləmiş, bu istiqamətdə görülən işlərdən danışmışdır.

Sonra şəhid Şahgündüz Cabbarovun atası Habil Cabbarov çıxış edərək ötən il Vətən müharibəsində əldə edilmiş qələbənin hər bir Azərbaycan vətəndaşının Zəfər yaddaşı olduğunu bildirmiş, ötən müddətdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan bəhs etmişdir.

Qazilərdən Təhlükəsislik İdarəsinin öperativ şöbəsinin mühəndisi Pərviz Quliyev öz döyüş təəsüratlarından danışmış, Vətən müharibəsində əldə edilmiş qələbənin inanılmaz hiss olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, Qarabağ uğrunda canından keçən qəhrəmanlarımız bu zəfərlə qalib millət obrazını tamamlamışlar. Tədbirin sonunda “Neftqazelmitədqiqatlayihə” institutunun texniki istismar şöbəsinin rəisi İbrahim Allahverdiyev İkinci Qarabağ müharibəsində şəhid olmuş neftçilərin ailə üzvləri, neftçi-qaziləri və bütün Azərbaycan neftçiləri adından Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarına ünvanlanmış müraciəti oxumuşdur.