Xəbərlər arxivi

19 Noyabr 2021

SOCAR rəhbərliyi Abu Dabi Beynəlxalq neft-qaz sərgi konfransında iştirak edib

+

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti 15-18 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərində səfərdə olub. Səfər çərçivəsində SOCAR prezidenti, Abu Dabi Milli Neft Şirkətinin (ADNOC) ev sahibliyi ilə dünyanın 30-dan artıq aparıcı enerji şirkətinin icraçı direktorlarının qatıldığı dəyirmi masada və Abu Dabidə keçirilən Beynəlxalq neft-qaz sərgi-konfransında (ADIPEC) iştirak edib.

Dəyirmi masanı BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri, ADNOC şirkətinin idarəedici direktoru və Qrup rəhbəri Dr. Sultan Əhməd Əl Caber açaraq qonaqları salamlayıb. Tədbirin moderatoru, IHS Markit informasiya provayderinin vitse-prezidenti, tanınmış ekspert Daniel Yergin müzakirə olunacaq mövzuları iştirakçıların diqqətinə çatdırıb. Dəyirmi masanın gündəliyində getdikcə dərinləşən hasilat çatışmazlığının aradan qaldırılması və enerji keçidi dövründə şirkətlərin üzləşdikləri çağırış və fürsətlər əsas diqqət mərkəzində olub. İştirakçılar bu il 31 oktyabr-13 noyabr tarixləri arasında Qlazqoda keçirilmiş BMT İqlim Dəyişiklikləri Konfransından (COP26) sonra karbohidrogenlər sahəsinə investisiyaların azalmasının qısa və orta müddətli dövr ərzində enerji istehsalına göstərəcəyi təsiri, habelə enerji sənayesində bu istiqamətdə idarəçilik məsələlərini müzakirə etmiş, hasilat və emal sənayesinin iqlim dəyişikliyi ilə mübarizədə rolu, innovasiyalar, tətbiq edilə biləcək yenilik və imkanlar haqqında fikir mübadiləsi aparmışlar.

Noyabrın 15-də SOCAR-ın nümayəndə heyəti ADIPEC sərgi-konfransının açılış mərasimində və konfransın sessiyalarında iştirak edib. SOCAR-ın sərgidəki stendi ziyarət olunub, bir sıra ikitərəfli görüşlər keçirilib.

Qeyd edək ki, hər il dünyanın neft, qaz və enerji şirkətləri təmsilçilərini və peşəkar mütəxəssisləri bir araya gətirən Abu Dabi Beynəlxalq neft-qaz sərgi konfransı (ADIPEC) qlobal enerji sahəsində getdikcə genişlənən və yeni dəyər yarada biləcək imkanları müəyyənləşdirir və hərəkətə gətirir. Sərgidə 2000-dən çox şirkət, o cümlədən 51 milli neft şirkəti, beynəlxalq neft və enerji şirkətləri yeni məhsullarını, həll və texnologiyalarını təqdim edir, yeni biznes əlaqələri qurmaq üçün imkanlar qazanır. Sərgidə 26 ölkənin stendləri nümayiş olunmuş və bu stendlərdə sənayenin bütün dəyər zənciri boyunca yaradılmış beynəlxalq ticarət mühiti öz əksini tapmışdır.

15 Noyabr 2021

SOCAR-ın nümayəndə heyəti beynəlxalq COP26 tədbirində iştirak edib

+

Qlazqo şəhərində keçirilən ənənəvi COP26 (Conference of the Parties - COP) konfransında SOCAR-ı ekologiya üzrə vitse-prezident Rəfiqə Hüseynzadənin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Bir sıra dövlət rəhbərlərinin, nazirlərin, nüfuzlu elm ocaqlarının, akademiya və institutların, habelə nəhənq şirkət rəhbərlərinin qatıldığı tədbirdə ətraf mühitin mühafizəsi istiqamətində dünyanın “Sıfır karbon emissiyası” (NetZero) hədəfinə çatması mövzusunda keçirilən müzakirələr aparılıb. Rəfiqə Hüseynzadə müzakirələrdə iştirak edib, atmosfer emissiyalarının sıfra endirilməsi istiqamətində SOCAR-da görülən uğurlu işlərin əhəmiyyətindən söz açıb. O qeyd edib ki, SOCAR-ın ekologiya sahəsində əsas məqsədlərindən biri dünyada NetZero hədəflərinə çatan ilk şirkətlərdən olmaqdır. Artıq əsas struktur vahidləri üzrə həyata keçirdiyi hasilatda səmt qazı atqılarını 2%-ə endirməyə nail olmuş SOCAR, 2022-ci ildə bu göstəricini sıfra endirməyi qarşısına məqsəd qoymuşdur. Bu gün şirkət tərəfindən təhvil verilən 6 milyard m3 qazın 2 milyard m3-lik həcmi səmt qazının tutulması hesabına əmələ gəlir.

Konfrans çərçivəsində Şotlandiya hökümətinin üzvlərinin, Şotlandiyanın NetZero, energetika və nəqliyyat məsələləri üzrə naziri Maykl Metisonun, hökümətin “Hidrogen siyasəti” üzrə rəhbəri Stüard Makkeyin, Aberdin şəhər şurasının başçısı cənab Riçard Svitnamın, hidrogen enerjisi ilə məşğul olan şirkətlərin icraçı direktorlarının, həmçinin, beynəlxalq neft-qaz şirkətləri rəhbərlərinin iştirakı ilə təşkil edilmiş “Hidrogen günü” tədbirinə qoşulan Rəfiqə Hüseynzadə hidrogen enerjisinin geniş tətbiqinin iqlim dəyişmələrinə təsirlərin azaldılmasına töhfə verəcəyini qeyd edib.

Səfər çərçivəsində R.Hüseynzadə bp-nin Region və şəhər dekorbanizasiyası üzrə vitse-prezidenti Andres Guevara De la Vega, bp-nin vitse-prezidenti Nigel Dunn, “Hydrogen, Howden Group” un qlobal direktoru Salah Mahdi ilə görüşərək konfransın mövzuları üzrə geniş fikir mübadiləsi aparmışdır. bp-nin Region və şəhər dekorbanizasiyası üzrə vitse-prezidenti Andres Guevara De la Vega ilə bu sahədə növbəti görüşün Bakıda keçirilməsi və birgə fəaliyyətin dərinləşdirilməsi haqqında razılıq əldə olunmuşdur.

Qeyd edək ki, COP konfransı (“Tərəflərin Konfransı”-Conference of the Parties - COP) BMT-nin 1994-cü ildə qüvvəyə minmiş İqlim Dəyişmələri üzrə Konvensiyası çərçivəsində ənənəvi olaraq hər il keçirilir.

11 Noyabr 2021

SOCAR-da bp qrupunun baş icraçı direktoru ilə görüş keçirilib

+

Noyabrın 11-də SOCAR-ın Baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev bp qrupunun baş icraçı direktoru Bernard Luninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bp nümayəndələri ilə görüşünün əhəmiyyətini vurğulayan Rövnəq Abdullayev, iki şirkət arasında əlaqələrin müsbət dinamikasından söz açıb. Pandemiyanın müsbətə doğru dəyişdiyi nəzərə alınaraq, bir sıra birgə layihələrin daha da sürətləndirilməsi imkanlarının ətraflı müzakirə edildiyi görüşdə xüsusi olaraq, mövcud yataqların dayanıqlı şəkildə işlənməsini təmin etmək, yeni yataqların kəşf olunması istiqamətində birgə səyləri, eləcə də hər iki şirkətin pay sahibi olduğu boru kəmərlərinin istismarını səmərəli şəkildə davam etdirmək kimi məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb. Görüşdə bildirilib ki, uzun illər Azərbaycanla əməkdaşlıq edən bp şirkətinin bu tərəfdaşlığa daim sadiq qalması və uğurlu nəticələr qazanması optimal strateji yanaşma və səmərəli birgə fəaliyyətin göstəricisidir. Cənub Qaz Dəhlizi kimi olduqca mürəkkəb və nəhəng bir layihənin SOCAR və bp şirkətləri tərəfindən vaxtında, qrafikə uyğun olaraq, yüksək keyfiyyətlə və smetadan aşağı qiymətə tamamlanması beynəlxalq miqyaslı bir nümunə kimi qiymətləndirilib.

bp qrupunun baş icraçı direktoru Bernard Luni rəhbərlik etdiyi şirkətin Azərbaycan və SOCAR ilə münasibətlərinin çox sıx, səmimi və səmərəli olduğunu, qarşılıqlı səylərlə yaranmış əməkdaşlıq modelinin ən yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb. O, qeyd edib ki, “Azəri-Çıraq-Günəşli” layihəsinin 30 ilə yaxın, “Şahdəniz” layihəsinin 20 il müddətində uğurla davam etdirilməsi, “Əsrin müqaviləsi” üzrə 4 milyard barel neftin çıxarılması bu davamlı və səmərəli münasibətlərin parlaq təzahürüdür. bp-nin prezidenti biznes əlaqələrinin davam etdirilməsində, hasilatın stabil saxlanılmasında və artırılmasında, eləcə də yeni yataqların kəşfi istiqamətində səylərin bundan sonra da davam etdirilməsi əzmində olduqlarını, bunun üçün həm iradə, həm də geniş resursların mövcud olduğunu vurğulayıb. Qonaq həmçinin, Azərbaycanla əməkdaşlığı daim şirkətin dayağı olduğunu, bu əməkdaşlığın daha da genişləndirilməsinin bp-nin biznes maraqları ilə uzlaşdığını nəzərə çatdırıb.

Xatırladaq ki, BP və tərəfdaşları Azərbaycanda ilk Hasilatın Pay Bölgüsü Sazişini SOCAR-la 1994-cü ildə ''Azəri'', ''Çıraq'' yataqlarının və ''Günəşli'' (AÇG) yatağının dərinlikdə yerləşən hissəsinin işlənməsi üçün imzalayıblar. Saziş üzrə hasilat 1997-ci ildə başlamış və həmin vaxtdan etibarən bu yataqlardan, ümumilikdə, 4 milyard bareldən artıq neft hasil edilmişdir. 2017-ci ildə SOCAR və AÇG tərəfdaşları düzəliş edilmiş və yenidən tərtib olunmuş HPBS-i imzalamış, bununla da həmin sazişin müddətini 2049-cu ilin sonuna qədər uzadılmışdır. SOCAR və bp “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi, habelə Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizinə daxil olan boru kəmərləri layihələrində tərəfdaşlıq edirlər. Son dövrdə iki şirkət arasında əməkdaşlıq daha da genişlənərək, “Şəfəq-Asiman” yataqlarında, eləcə də Abşeron yarımadasının dayazsulu hissəsində aparılan yeni kəşfiyyat layihələrini də əhatə etmişdir.

5 Noyabr 2021



SOCAR əməkdaşları Zəfər Günü münasibətilə şəhidlərimizin xatirəsinə 3 minə yaxın ağac əkmişlər

+

SOCAR əməkdaşları Zəfər Günü münasibətilə kütləvi iməciliklər, ağacəkmə tədbirləri keçirmişdir. Noyabrın 5-də Bibiheybət ərazisində keçirilmiş iməcilikdə, Vətən müharibəsində həlak olmuş şəhidlərimizin sayına uyğun olaraq, onların xatirəsinə 3 minə yaxın ağac əkilmişdir. Tədbirdə SOCAR-ın rəhbərliyi, Vətən müharibəsində iştirakçısı olmuş 70-dən çox neftçi, eləcə də idarə və müəssisələrin təmsilçiləri iştirak etmişlər.

Keçirilmiş iməciliklər SOCAR-ın fəaliyyət göstərdiyi ərazilərdə ətraf mühitə mənfi təsirləri minimuma endirmək məqsədi ilə aparılan genişmiqyaslı yaşıllaşdırma və abadlaşdırma işlərinin davamı olub, ekoloji vəziyyətin yaxşılaşdırılmasına töhfə vermişdir.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünə qoşulan SOCAR Nəsimi İli çərçivəsində ölkəmizdə keçirilən ağacəkmə kampaniyasında fəal iştirak etmiş və 100 min ağac əkmişdir. Ümumiyyətlə, bu günədək SOCAR əməkdaşları tərəfindən müxtəlif ərazilərdə 1 milyondan çox ağac-kol və gül bitkiləri əkilmişdir. Eyni zamanda son 15 il ərzində əvvəlki dövrlərdə neft və neft məhsulları ilə çirklənmiş 4040 hektarlıq mədən ərazilərinin 2888 hektarı təmizlənərək bərpa edilmişdir.

5 Noyabr 2021

SOCAR-da “Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilmişdir

+

Noyabrın 5-də SOCAR-da “Zəfər Günü”nə həsr olunmuş bayram tədbiri keçirilmişdir. Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, şirkət rəhbərliyinin nümayəndələri, şəhid neftçilərin ailə üzvləri və neftçi qazilər iştirak etmişlər. Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. “Neftçilər Vətən müharibəsində” foto-albomunun və eyni adlı filmin təqdimatı keçirilən tədbirdə təqdim olunan foto-albom və film haqqında tədbir iştirakçılarına məlumat verilmis, bildirilmişdir ki, Vətən müharibəsində iştirak etmiş SOCAR əməkdaşlarının həyat hekayələrinin əks olunduğu albom-kitabda Azərbaycan neftçilərinin Vətənə, millətə bağlılığı, ənənələrə sədaqəti əks olunub.

Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev qalib xalq olmağın sonsuz sevinc və qürurunu yaşayan Azərbaycan xalqını və onun avanqard qüvvəsi olan çoxminli neftçilər ailəsini Zəfər günü münasibəti ilə təbrik etmiş, SOCAR ailəsi üzvlərinin ön və arxa cəbhədə göstərdikləri hünər yolundan söz açmışdır. SOCAR-ın prezidenti demişdir: “Böyük Qələbəmiz şəhidlərimizin müqəddəs qanı ilə yoğrulub. Şəhidlərimiz bizim and yerimizdir. Uşaqdan böyüyə hər bir azərbaycanlı onların xatirəsini əziz tutur. Bu gün Şəhidlərimizin ruhu şaddır. Onların haqq işi qələbə çalmış, qanları yerdə qalmamışdır. 500-dən artıq neftçinin iştirak etdiyi Vətən müharibəsində 6 unudulmaz həmkarımız - Alı, Oktay, Şahgündüz, Tural, Səmural, Aydın Vətən uğrunda canlarından keçərək şəhidlik məqamına yüksəlmişlər. Onların xatirəsinin əbədiləşdiriləcək, onların ülvi idealları gənc nəslə aşılanacaq. Bu gün nümayiş etdirilən film və “Neftçilər Vətən müharibəsində” kitabı bu istiqamətdə atılmış ilk addımlardandır”. SOCAR prezidenti şəhid neftçilərin ailə üzvlərinin və neftçi qazilərin problemlərinin daim diqqət mərkəzində olduğunu söyləmiş, bu istiqamətdə görülən işlərdən danışmışdır.

Sonra şəhid Şahgündüz Cabbarovun atası Habil Cabbarov çıxış edərək ötən il Vətən müharibəsində əldə edilmiş qələbənin hər bir Azərbaycan vətəndaşının Zəfər yaddaşı olduğunu bildirmiş, ötən müddətdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan bəhs etmişdir.

Qazilərdən Təhlükəsislik İdarəsinin öperativ şöbəsinin mühəndisi Pərviz Quliyev öz döyüş təəsüratlarından danışmış, Vətən müharibəsində əldə edilmiş qələbənin inanılmaz hiss olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, Qarabağ uğrunda canından keçən qəhrəmanlarımız bu zəfərlə qalib millət obrazını tamamlamışlar. Tədbirin sonunda “Neftqazelmitədqiqatlayihə” institutunun texniki istismar şöbəsinin rəisi İbrahim Allahverdiyev İkinci Qarabağ müharibəsində şəhid olmuş neftçilərin ailə üzvləri, neftçi-qaziləri və bütün Azərbaycan neftçiləri adından Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarına ünvanlanmış müraciəti oxumuşdur.

3 Noyabr 2021

SOCAR-ın Təlim mərkəzi, qazma təlimi proqramının ən yüksək pilləsi üzrə Beynəlxalq Qazma Podratçıları Assosiasiyasında akkreditə olunub

+

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin qazma işi üzrə təlim proqramı Beynəlxalq Qazma Podratçıları Assosiasiyasının (IADC) “WellSharp Drilling Operations” proqramı çərşivəsində təlimin ən yüksək pilləsi üzrə akkreditasiyadan keçmişdir. Proqram dəniz və quru yataqlarında çalışan qazmaçıların hazırlanması və təkmilləşdirilməsi, habelə onların quyuətrafı sahələrdə yarana bilən risk və böhran vəziyyətlərinə hazırlıq səviyyəsinin təmin edilməsini nəzərdə tutur. “Qazma zamanı quyuda baş verən təzahürlərə nəzarət” (Well Control) təlim kursuna dair sənədlər toplusu və prosedurlar bu il avqustun 6-da baş ofisi ABŞ-ın Texas ştatında, Hyuston şəhərində yerləşən IADC-yə təqdim edilmişdir. Materiallar IADC-nin daxili yoxlama, texniki ekspertiza, keyfiyyət təminatı heyəti tərəfindən qiymətləndirilmiş və SOCAR-ın qazma üzrə təlim proqramının bütün səviyyələri akkreditə olunmuşdur.

“Qazma zamanı quyuda baş verən təzahürlərə nəzarət” kursu üzrə “Qazmaçı” və “Nəzarətçi” kimi mürəkkəb səviyyələr üzrə təlimlər həyata keçirilir. Təlim proqramının effektivliyini təmin etmək üçün aidiyyəti təlim mərkəzində qazma üzrə portativ simulyator quraşdırılmış və konfiqurasiya edilmişdir. Eləcə də müvafiq tədris proqramları və prosedurları sözügedən səviyyələrə uyğunlaşdırılmış, qazma sahəsində təlimçi-instruktorlardan ibarət qrupun formalaşdırılmasına başlanılmışdır.

Qeyd edək ki, SOCAR cari ilin iyun ayında bu proqramın ilkin (Introductory) səviyyəsinin tədrisi həyata keçirilmiş və SOCAR-ın müxtəlif müəssisələrini təmsil edən 10 nəfər dinləyici 2021-ci il iyulun 1-də təlim kursunu uğurla başa vuraraq beynəlxalq səviyyədə tanınan sertifikatlara layiq görülmüşdür. Təlimdə iştirak etmək istəyən şəxslər SOCAR-ın rəsmi saytı üzərindən müraciət edə bilərlər.