Xəbərlər arxivi

20 Avqust 2021

“Ümid” qaz-kondensat yatağında rekord göstəricilərlə 18 saylı quyu istismara verildi

+

SOCAR-ın strateji əhəmiyyət kəsb edən qısa və uzunmüddətli biznes planlarının icrası çərçivəsində “Ümid-1” platformasından U1-18 saylı istismar quyusunda qazma işləri 6120 metr dərinlikdə uğurla başa çatdırılmış, məhsuldar qatın Vll horizontu tam açılmışdır. “Ümid-Babək” dəniz blokunun işlənməsində səmərəliliyin artırılması məqsədi ilə həm əvvəl qazılmış quyularda, həm də bu quyuda yerinə yetirilmiş tədqiqat işləri nəticəsində quyu konstruksiyasında növbəti optimallaşadırma tədbirləri aparılmış, beləliklə, quyuların gündəlik qaz hasilatı potensialının 0.75 mln. m³-dən pilləli şəkildə 3.0 mln. m³-ə, kondensat hasilatının isə 120 tondan 500 tona kimi artırılmasına nail olunmuşdur. Hasilat potensialının artırılması ilə yanaşı istismarın təhlükəsizliyi də diqqət mərkəzindədir. Təhlükəsizliyin təminatı üçün quyu bütövlüyünün təmin edilməsində bir sıra innovativ texnologiyalar tətbiq edilmişdir. “Ümid-Babək” dəniz blokunun kəşfiyyatı və işlənməsi üzrə operator təyin edilmiş “Ümid-Babək Əməliyyat Şirkəti” (UBOC) ilk dəfə olaraq beynəlxalq təcrübəyə əsaslanaraq, quyunun qazmasını “açar təhvili”ndən “günəmuzd tipli müqavilə” formatına dəyişmişdir. Qazma-tamamlama işlərinə birbaşa rəhbərlik edən UBOC əməliyyatları Halliburton, Schlumberger, SOCAR-AQŞ, Baker Hughes, Azəri-Mİ və s. kimi beynəlxalq servis şirkətləri ilə birlikdə həyata keçirmişdir.

U1-18 saylı quyuda baş verən prosesləri izləmək məqsədilə 5044 metr dərinlikdə stasionar quyudibi manometr yerləşdirilmişdir. Mütəmadi ölçülən təzyiq və temperaturu yer səthinə ötürməklə quyunun ilkin hasilata verilməsi, optimal rejimin seçilməsi və fasiləsizliyinin təmin edilməsi, həmçinin lay proseslərinin analiz edilməsi üçün əvəzsiz rol oynayan bu cihazla yanaşı, 18 saylı istismar quyusunda ilk dəfə “Telecoil” texnologiyasının da tətbiqi həyata keçirilmişdir.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: “Ölkəmizin yanacaq enerji balansının tənzimlənməsi üçün “Ümid” qaz-kondensat yatağının işlənməsi layihəsi mühüm əhəmiyyət daşıyır. Layihə uğurla davam etdirilir. 2010-cu ildə Azərbaycanın müstəqilliyi dövründə daxili resurslar hesabına kəşf edilmiş “Ümid” yatağında 18 saylı quyuda qazma işlərinin aparılması COVİD-19 pandemiyası dövrünə təsadüf etdiyindən, təhlükəsizlik tədbirləri gücləndirilmiş və xüsusi nəzarət sisteminin yaradılması nəticəsində qazmanın fasiləsiz təşkilinin təmin edilməsi mümkün olmuşdur. Bununla da neftçilər Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyev cənablarının qarşımıza qoyduğu daha bir məqsədə nail olmuşlar”.

Hazırda “Umid-1” platformasında gündəlik 3.1 mln m³ qaz və 500 ton kondensat hasil edilir. Yeni quyunun tamamlanaraq istismara daxil edilməsi ilə platformanın maksimal hasilat potensialı 6.7 mln. m³ qaz və 950 ton kondensata kimi artırılmışdır. Bu həcmdə hasilat potensialının Xəzər dənizində SOCAR-ın istismar etdiyi platformalar arasında ən yüksək göstərici olması gözlənilir. “Ümid” yatağının tammiqyaslı işlənməsi məqsədilə yerüstü infrastrukturun tikinti işləri çərçivəsində “Umid-1” platformasından “Daşgil-2” terminalına dənizin dibi ilə çəkilməsi nəzərdə tutulan 56 km uzunluğunda 500 mm-lik nəql xətti 2022-ci ilin may ayında istismara verildikdən sonra hasilat potensialından tam istifadə ediləcəkdir. Platformadan çıxarılan qaz “Daşgil-2” terminalından Səngəçal Baş Qurğularına diametri 1000 mm olan 34 km-lik yeni tikilmiş quru nəql xətti vasitəsilə ötürülərək, orada ölkənin qaz şəbəkəsinə qoşulacaqdır. Bu mərhələyə aid olan obyektlərin 2022-ci ilin birinci yarısına təhvil verilməsi üçün UBOC tərəfindən işlər qrafikə uyğun olaraq aparılır.

12 Avqust 2021

SOCAR-da təqdimat

+

Avqustun 12-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 avqust 2021-cı il tarixində, müvafiq Sərəncamları ilə SOCAR-ın vitse-prezidentləri təyin olunmuş Kənan Təhməz oğlu Nəcəfovu və Zaur Aydın oğlu Qurbanovu kollektivə təqdim etmişdir. Yeni təyin olunmuş vitse-prezidentlərin hər birinin əmək fəaliyyəti haqqında geniş məlumat verən Rövnəq Abdullayev onların Azərbaycan neft sənayesi ilə uzun müddət əlaqəli fəaliyyətdə olduqlarını söyləmiş, qeyd etmişdir ki, Kənan Nəcəfov BP şirkətinin London və Aberdin mərkəzlərində kommersiya təhlili və biznesin inkişafı üzrə müxtəlif vəzifələrdə çalışmış, həmçinin Bakıda “Nobel Oil Ltd” şirkətində strategiya üzrə baş inzibatçı və baş icraçı direktorun müavini vəzifələrində uğurla çalışmış və yaxşı təcrübə qazanmışdır.

Zaur Qurbanovun bundan əvvəl Azərbaycan İnvestisiya Holdinqinin direktor müavini vəzifəsində çalışdığını bildirən SOCAR prezidenti, onun daha öncə müxtəlif beynəlxalq şirkətlərdə və sonralar “Ernst & Young” beynəlxalq audit şirkətinin Azərbaycandakı nümayəndəliyində vergi direktoru kimi fəaliyyət göstərdiyni və 10 ilə yaxın bir dövrdə SOCAR-ın auditinin həyata keçirilməsində yaxından iştirak etdiyini vurğulamışdır.

R.Abdullayev yeni təyin olunmuş vitse-prezidentləri təbrik edərək, onların qarşısında mühüm vəzifələr dayandığını qeyd etmiş və bu vəzifələrin icrasında onlara müvəffəqiyyətlər arzulamışdır.

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Azərbaycan neft-qaz sənayesinin zəngin tarixindən, şanlı ənənələrindən və müstəqillik illərində qazandığı böyük uğurlardan danışmış, yeni təyin olunmuş vitse-prezidentlərə işlərində uğurlar arzulamış, onlara bəslənən inam və etimadı öz işləri ilə doğruldacaqlarına əminliyini ifadə etmişdir.

Daha sonra SOCAR-ın vitse-prezidentləri K.Nəcəfov və Z.Qurbanov layiq görüldükləri yüksək etimada görə dövlətimizin rəhbərinə minnətdarlıqlarını bildirmiş və göstərilən etimadı doğrultmaq üçün əzmlə çalışacaqlarını söyləmişlər.

2 Avqust 2021

Cənubi Qafqaz Boru Kəmərinin operatorluğunun bp-dən SOCAR-a ötürülməsi prosesi başa çatıb

+

Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) operatirluğunun BP Exploration (Shah Deniz) Limited şirkətindən SOCAR Midstream Operations Limited şirkətinə ötürülməsi prosesi avqustun 1-də başa çatıb. Cənubi Qafqaz Boru Kəməri təbii qazın Azərbaycandan Gürcüstan ərazisi üzərindən Türkiyə və Avropaya ixracı üçün nəzərdə tutulan Cənub Qaz Dəhlizinin dörd seqmentindən biridir. Texniki operatorluğun ötürülməsi 2013-cü ilin dekabrında imzalanmış CQBK sahibləri arasında sazişin yenilənmiş variantında nəzərdə tutulmuşdu. Saziş CQBK-nin genişləndirilməsi layihəsi başa çatdıqdan bir il sonra SOCAR-a boru kəmərinin texniki operatorluğunu öz üzərinə götürmək hüququ verib. Kəmərin genişləndirilməsi üzrə tikinti işləri 2019-cu ilin martında başa çatıb. 2020-ci ilin martında isə SOCAR Midstream Operations Limited razılaşdırılmış keçid dövründə rəsmən CQBK-nin texniki operatoru olub. 2020-ci ilin martında başlayan keçid prosesi 2021-ci ilin iyulunda müvəffəqiyyətlə başa çatıb. COVID-19-un yaratdığı problemlərə baxmayaraq, bp və SOCAR keçid prosesinin bütün aspektlərini effektiv həyata keçirmək üçün sıx əməkdaşlıq etmişlər.

SOCAR prezidenti Rövnəq Abdullayev demişdir: “Cənubi Qafqaz Boru Kəməri şirkətinin 6 illik uğurlu kommersiya operatorluğundan sonra SOCAR kəmərin texniki operatorluğunu öz üzərinə götürür. Bu, Azərbaycan Dövlət Neft Şirkətinin beynəlxalq qaz kəmərinin idarə edilməsi istiqamətində əldə etdiyi daha bir böyük nailiyyətdir. Kəmər Cənub Qaz Dəhlizinin vacib bölmələrindən biridir, Azərbaycanın qaz ixracını artırmaqla bərabər, qardaş Türkiyə və Avropanın enerji təhlükəsizliyinin dəstəklənməsi, təchizatın şaxələndirilməsi və karbon oksidi tullantılarının azaldılmasına da xidmət edir. Cənub Qaz Dəhlizinin bütün seqmentlərində SOCAR ilə bərabər iştirak edən bp şirkətinə səmərəli əməkdaşlığa görə təşəkkür etmək istəyirik.”

SOCAR Midstream şirkətinin icraçı direktoru Fuad Əhmədov demişdir: “Cənubi Qafqaz Boru Kəmərinin texniki operatorluğunu qəbul etməkdən qürur duyuruq. Eyni zamanda bu vəzifənin üzərimizə dərin məsuliyyət qoyduğunu da dərk edirik. Texniki operatorun xələfi kimi biz bp-nin boru kəmərinin operatoru olduğu dövrdə nümayiş etdirdiyi təhlükəsiz, effektiv, ətraf mühit və cəmiyyət üçün əlverişli fəaliyyətini təmin etmək məqsədi ilə bp və digər tərəfdaşlarla sıx əməkdaşlıq etməyə davam edirik. Əminik ki, birgə işimiz kəmərin keçdiyi ölkələrə, hissədarlara, əməkdaşlara və kəmərin keçdiyi yerlərdə yaşayan icmalara fayda verəcək”.

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons demişdir: “Biz dəqiq və kompleks şəkildə həyata keçirilmiş keçid prosesinin ardınca ÇQBK-nin texniki operatorluğunun SOCAR-a uğurlu ötürülməsindən məmnunluq duyuruq. CQBK Cənubi Qaz Dəhliznin həlledici hissəsidir, bu kəmər vasitəsilə Xəzərin enerji resursları ilk dəfə Avropa bazarlarına nəql olunub və bu prosesin təhlükəsizlik, səmərəlilik və uzunmüddətli etibarlılıq çərçivəsində davam etməsi üçün əməkdaşlığımız vacibdir. SOCAR kəmərin kommersiya operatoru kimi öz zəngin təcrübəsini ortaya qoyub və biz əminik ki, texniki operatorluğu da eyni effektivlik və təcrübə ilə həyata keçirəcək. Şahdəniz və CQBK layihələrinin ən böyük hissədarı olaraq, biz üzərinə düşən yeni vəzifənin həyata keçirilməsində SOCAR-ı dəstəkləmək məqsədilə onunla sıx əməkdaşlığmızı davam etdirmək əzmindəyik və SOCAR-a böyük uğur arzulayırıq.”

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə ixrac boru kəmərləri üzrə sahə əməliyyat meneceri Eldar Qaziyev demişdir: “CQBK ixrac əməliiyalarının başladığı 2006-cı ildən bəri təhlükəsiz və etibarlı şəkildə fəaliyyət göstərir və bu diqqətəlayiq performans kəmərin əməliyyat heyətinin və işçi qüvvəsinin sayəsində əldə olunmuşdur. Texniki operatorluğun ötürüldüyü bu mühüm anda mən onların bütövlükdə ixrac sisteminin təhlükəsizliyini və etibarlılığını təmin edən dəyərli töhfələrini, işə məsuliyyətli yanaşmalrını və mükəmməl işlərini qeyd etmək istərdim. Əminik ki, əməliyyat təhlükəsizliyinə sadiqlik və işçi heyətin yüksək keyfiyyətli bacarıqları SOCAR-ın texniki operatorluğu dövründə də davam edəcək. Uğurlu keçidə nail olmaq üçün hər iki komandamızın nümayiş etdirdiyi birgə iş mükəmməl tərəfdaşlıq və sıx əməkdaşlığın nümunəsidir. Biz keçidin kəmərin fəaliyyətinə təsir etmədən təhlükəsiz və rahat tamamlanmasına görə xüsusi qürur duyur və bunu mümkün etdikləri üçün SOCAR və bp komandalarına təşəkkür edirik.”

Cənubi Qafqaz Boru kəməri (CQBK) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şahdəniz qaz yatağından hasil edilən qazı Gürcüstana və Türkiyəyə nəql etmək üçün 2006-cı ilin sonlarında inşa edilib. Kəmər Səngəçal Terminalından başlayır, Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə paralel eyni marşrutda davam edərək, Türkiyədə bu ölkənin qazpaylama sisteminə qoşulur. Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) Şahdəniz yatağının tam miqyaslı işlənməsi və Cənub Qaz Dəhlizinin açılması ilə bağlı olub. Layihəyə 2013-cü ildə start verilib və 2018-ci ilin iyun ayında istismara verildikdən sonra Türkiyəyə, 2020-ci ilin dekabr ayında isə Avropaya qaz nəql etməyə başlayıb. Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bp (28,8%), TPAO (19%), AzSCP (10%), SGC Midstream (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%) və NİKO (10%) şirkətləridir.