Xəbərlər arxivi

25 Iyun 2021

Dövlət Neft Şirkətinin və Dövlət Sərhəd Xidmətinin BIRGƏ MƏLUMATI

+

Son günlər müxtəlif üzmə vasitələrindən istifadə olunmaqla “Neft Daşları”nda qanunsuz balıq ovlanması hallarının artması müşahidə edilməkdədir. Hazırda ov mövsümü olmadığına baxmayaraq, qanunsuz balıq ovu ilə məşğul olan şəxslərin “Neft Daşları”nın ətrafına, hətta estakadaların altına tor ataraq mühafizə olunan mədən ərazilərində istehsalat proseslərinə maneçilik törətmələri müəyyən olunmuşdur.

Qanunsuz balıq ovu üçün istifadə edilən torlar istehsalat prosesi zamanı müxtəlif avadanlıqların, ehtiyat hissələrinin, həmçinin “Neft Daşları”nda işləyən əməkdaşları daşıyan gəmilərin, qayıqların hərəkətinə mane olmaqla yanaşı, su nəqliyyat vasitələrinin estakadaya çırpılmasına, nəticədə ağır qəza hallarının baş verməsinə səbəb ola bilər.

SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən ərazinin xüsusi rejimli obyektə aid olduğu, kənar şəxslərin mühafizə zonasına girişinin qadağan edildiyi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara qanunsuz balıq ovu ilə məşğul şəxslər məhəl qoymamış, qanunsuz əməllərini davam etdirmişlər.

İyun ayının 23-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Xəzər dənizinin mərkəzi istiqamətində dövlət sərhədinin və neft-qaz hasilatı infrastrukturunun mühafizəsini həyata keçirən sərhəd gözətçi gəmisi tərəfindən “Dövlət Sərhəd Xidməti və Dövlət Neft Şirkəti arasında qarşılıqlı fəaliyyət Planı”na uyğun olaraq “Neft Daşları”nda dəniz estakadalarının ətrafında dənizə atılmış uzunluğu təxminən 1 km balıqçı toru toplanılmış və ərazidən kənarlaşdırılmışdır.

24 Iyun 2021

“SOCAR-PETROFAC” BİRGƏ MÜƏSSİSƏSİ MƏRKƏZİ-ŞƏRQİ AZƏRİ (ACE) LAYİHƏSİNƏ DƏSTƏK VERƏCƏK

+

SOCAR və Petrofac şirkətlərinin birgə müəssisəsi “SOCAR-Petrofac” bp şirkətinin Azərbaycanda əməliyyatçısı olduğu Mərkəzi-Şərqi Azəri (ACE) layihəsini dəstəkləmək üçün BP Azərbaycan şirkəti ilə 25 milyon dollar dəyərində yeni saziş imzalamışdır. Saziş çərçivəsində layihənin quruda və dənizdə obyektlərin istismara verilməsi və tənzimlənməsi, habelə digər sahələr üzrə mütəxəssislər, eləcə də yardımçı xidmətlər ilə təminatı həyata keçiriləcəkdir.

ACE layihəsi Azəri-Çıraq-Dərinsulu Günəşli yataqlar blokunun işlənməsinin hazırkı mərhələsidir. Layihə çərçivəsində yeni dəniz özülünün tikintisi və quraşdırılması, gündəlik 100 000 barrelədək neft hasil olunması nəzərdə tutulur. Hazırda tikinti işləri davam edir. İlk neftin hasilatı 2023-cü ildə gözlənilir.

“SOCAR-Petrofac” ACE özülünün Bayıl istehsalat sahəsində SOCAR-ın “Azfen” şirkəti tərəfindən tikilməkdə olan üst modulunun təhvil verilməsi üçün mütəxəssislər təyin edəcək. Platformanın üst hissəsi quruda istismara təhvil verildikdən sonra dənizə yola salınacaq və özülün dayaq bloku üzərində yerləşdiriləcək. “SOCAR-Petrofac”ın əməkdaşları tərəfindən həyata keçiriləcək işlər əsasən mexaniki və elektrik quraşdırma, avadanlıqların yerləşdirilməsi və telekommunikasiya xidmətlərini əhatə edir.

SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov demişdir: “Azəri-Çıraq-Dərinsulu Günəşli yataqlar bloku Azərbaycanın neft sənayesinin ən gəlirli aktividir. AÇG üzrə müqavilə 2050-ci ilə qədər uzadılandan sonra, burada hasilatın dayanıqlığını təmin etmək üçün yeni müasir tipli ACE dəniz özülünün tikintisinə start verilib. Ölkəmiz üçün olduqca əhəmiyyətli olan bu layihədə “Petrofac” şirkəti ilə birgə müəssisəmiz də xidmət göstərərək, öz töhfəsini verəcək. Bu gün SOCAR-ın törəmə şirkətləri və birgə müəssisələri Azərbaycanda nəhəng neft-qaz layihələri həyata keçirən əməliyyatçılara yüksək səviyyədə xidmətlər göstərir. Məhz bunun nəticəsidir ki, Azərbaycanda neft-qaz özüllərinin, boru kəmərlərinin, zavodların, müxtəlif təyinatlı qurğu və gəmilərin tikintisi və quraşdırılması əsasən yerli mütəxəssislər tərəfindən icra olunur. Nəticədə, Azərbaycan vətəndaşları üçün yeni iş yerləri yaranır, onların rifah halı təmin olunur.”

“Petrofac” şirkətinin təlim xidmətləri bölməsinin qlobal rəhbəri Petti Eyd belə şərh vermişdir: “İndi bağladığımız saziş Azərbaycanda həyata keçirilmiş fəaliyyətimizin uğurlarına əsaslanır. “SOCAR-Pterofac” birgə müəssisəsi bp-nin Xəzər dənizindəki əməliyyatlarını daha geniş miqyasda dəstəkləmək üçün böyük imkanlara malikdir. Bu layihə çoxlu sayda iş yerlərinin yaradılmasına yol açır. Saziş müddətində 200 nəfərə yaxın mütəxəssisin işə cəlb olunması, obyektlərin təhlükəsiz və uğurla istismara verilməsi üçün tələb olunan bütün yardımçı xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur.”

“SOCAR-Petrofac” birgə müəssisəsi 2017-ci il dekabrın 5-də SOCAR və Petrofac şirkətləri tərəfindən ölkənin neft-qaz, neft-kimya sahələrində təlim və tədris istiqamətində kommersiya imkanlarından daha səmərəli yararlanmaq məqsədi ilə yaradılmışdır. Müqaviləyə əsasən birgə müəssisədə SOCAR-ın səhm payı 51%, Petrofac şirkətinin payı 49% nisbətində müəyyən edilmişdir. Birgə müəssisənin yaradılmasında təsisçi şirkətlər öz imkanlarından istifadə edərək, neftçilərin bilik və bacarıqlarının inkişafına dəstək vermək məqsədi daşıyırlar. Birgə müəssisə Azərbaycanın enerji sektorunda və digər ölkələrdə həyata keçirilən enerji layihələrinə dəstək verir, bu layihələrdə çalışan işçilər üçün daha mükəmməl və müasir proqramlar əsasında təlim-tədris xidmətləri təqdim edir.





Redaktorlar üçün qeyd: Petrofac enerji sənayesinə xidmət göstərən beynəlxalq provayderdir. Onun şaxələnmiş müştəri portfelinə dünyanın aparıcı neft və qaz şirkətləri daxildir.

Petrofac neft, qaz, emal, neft-kimya, bərpa olunan enerji infrastrukturunun layihələndirilməsi və tikintisini, fəaliyyətini, istismar və idarə olunmasını həyata keçirir. Şirkətin məqsədi müştərilərini dünyanın artan enerji tələbatının ödənilməsində dəstəkləməkdir. Şirkətin altı dəyəri - təhlükəsiz, etik, innovativ, çevik, keyfiyyətli və qənaətcil çatdırma - onun fəaliyyətinin əsasını təşkil edir.

Petrofac-ın əsas bazarları Yaxın Şərq və Şimali Afrika regionu, Böyük Britaniya və Şimal dənizidir. Şirkət bu regionlarda effektiv xərclərə və ölkədaxili dəyərləri əsas tutan yerli çatdırma modelinə əsaslanan təhlükəsiz, etibarlı və innovativ fəaliyyət qurmuşdur. Şirkət Hindistan, Cənub-Şərqi Asiya və ABŞ daxil olmaqla digər mühüm bazarlarda da fəaliyyət göstərir. Dünya üzrə 31 ofisi və 10 700 əməkdaşı vardır.

Petrofac London Fond Birjasında qeydə alınmışdır. (simvol: PFC).

Ətraflı məlumat üçün Petrofac-ın vebsaytına müraciət edin www.petrofac.com

8 Iyun 2021

SOCAR-ın Heydər Əliyev adına NEZ-in modernizasiya layihəsində qəzasız 25 milyon adam-saat iş görülüb

+

İyunun 8-də NEZ-in modernizasiyası çərçivəsində 25 milyon təhlükəsiz adam-saatlıq iş həcminə nail olunmasına həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, şirkət rəhbərliyinin nümayəndələri, “SOCAR Downstream Management” şirkətinin rəhbərliyi və bu şirkətin Müşahidə Şurasının üzvləri, eləcə də layihənin əsas podratçılarından “Wood”, “Tecnimont”, “TR”, “Azfen”, “Prokon”, “Ustay” şirkətlərinin təmsilçiləri iştirak etmişlər.

Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev qeyd etmişdir ki, zavodun davamlı istismarını və AVRO-5 standartına cavab verən yanacaq məhsulları istehsalını təmin etmək məqsədi daşıyan modernizasiya və yenidənqurma layihəsi miqyas etibarilə nəhəng olmaqla yanaşı, həm də öz mürəkkəbliyi ilə fərqlənir: “Bu layihə gündəlik fəaliyyətini davam etdirən, strateji əhəmiyyətli məhsullar istehsal edən və yanğın-partlayış təhlükəli xüsusi diqqət tələb edən bir zavod təsərrüfatının ərazisində həyata keçirilir. Belə bir mürəkkəb iş şəraitində çalışmaq, əlbəttə ki, bizdən ikiqat diqqət və əzmkarlıq tələb edir. Bu mənada layihə çərçivəsində 25 milyon qəzasız adam-saat həcmində işin görülməsi uğurlu nəticədir. Müqayisə üçün deyim ki, bu, bir neçə il öncə tikilmiş “SOCAR Polymer” kompleksi və ya Karbamid zavodunun inşasına sərf edilmiş iş həcmindən çoxdur. Bu göstərici SOCAR-da əməyin təhlükəsizliyi məsələsinə verilən önəmin, uğurlu SƏTƏMM siyasətinin parlaq təzahürüdür”.

SOCAR-ın prezidenti bildirmişdir ki, həm dənizdə, həm də quruda təhlükəsizlik qaydaları daha da təkmillləşdirilib, qəzalı vəziyyətdə olan əməliyyat sahələri ləğv edilib, yaxud yüksək standartlar səviyyəsində bərpa və təmir olunub, işçilərin fərdi təhlükəsizlik qaydalarına riayət edilməsi üzərində nəzarət daha da gücləndirilib. SOCAR bu istiqamətdə apardığı fəaliyyətlərdə nüfuzlu beynəlxalq neft-qaz təşkilatlarının qabaqcıl təcrübəsinə əsaslanır. Şirkətin Əməliyyatların Bütövlüyünün İdarəetmə Sisteminə (SOIMS) dair standart hazırlanıb və uğurla tətbiq olunur.

Sonra layihə komandasına, podratçılara sertifikatlar və hədiyyələr təqdim olunmuşdur.

Podratçı şirkətlərinin təmsilçiləri yaradılmış şəraitə və onların əməyinə verilən qiymətə görə minnətdarlıqlarını bildirmiş, SOCAR-la əməkdaşlıqdan məmnunluqlarını ifadə etmişlər. Sonda SOCAR rəhbərliyi, “SOCAR Downstream Management” şirkətinin Müşahidə Şurasının üzvləri və podratçı təşkilatların rəhbərləri mühüm uğur münasibəti ilə xatirə lövhəsinə imza atmışlar.

5 Iyun 2021

SOCAR-ın prezidenti Total şirkətinin baş icraçı direktoru ilə görüşüb

+

İyunun 5-də Sankt-Peterburq şəhərində SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Total” şirkətinin baş icraçı direktoru Patrik Puyanne ilə görüşüb. Görüşdə SOCAR və “Total” şirkətlərinin həyata keçirdiyi birgə layihələr və mövcud əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Qeyd edək ki, Total şirkəti Bakı-Tblisi-Ceyhan neft boru kəmərinin səhmdarlarından biridir və Azərbaycanda “Abşeron” yatağının işlənməsində iştirak edir. Abşeron Petroleum Birgə Əməliyyat Şirkətinin (JOCAP) səhmləri SOCAR Absheron (50%) və TOTAL E&P Absheron (50 %) şirkətləri arasında bərabər bölünüb.

5 Iyun 2021

SOCAR-ın prezidenti Rosneft şirkətinin baş icraçı direktoru ilə görüşüb

+

İyunun 5-də Sankt-Peterburq şəhərində SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Rosneft” şirkətinin baş icraçı direktoru İqor Seçinlə görüşüb. Görüş zamanı SOCAR ilə “Rosneft” arasında qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, enerji keçidindən irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Xatırladaq ki, SOCAR-ın prezidenti işgüzar səfəri çərçivəsində Peterburq beynəlxalq iqtisadi forumunda iştirak edib və forumun Energetika panelində çıxış edib.

5 Iyun 2021

SOCAR-ın prezidenti Peterburq beynəlxalq iqtisadi forumunda çıxış edib

+

Rövnəq Abdullayev enerji keçidi dövrünün çağırışları və Azərbaycanın neft-qaz sənayesinin perspektivləri haqqında danışdı Peterburq beynəlxalq iqtisadi forumunun Energetika panelində iştirak edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev Azərbaycanın neft-qaz sənayesinin enerji keçidi dövründə perspektivləri haqqında danışıb. SOCAR-ın prezidenti qeyd etmişdir ki, Azərbaycan iqlim dəyişikliyi probleminə ciddi yanaşır: bu dəyişikliyin nəticələri göz qabağındadır. Məhz buna görə 2016-cı ilin aprelində Azərbaycan Paris sazişini imzalamış, 1990-cı illə müqayisədə 2030-cu ilədək istixana qazlarının atmosferə atılmasının 35% azaldılması ilə bağlı öhdəlik götürmüşdür. Bu günə kimi 30% azalmaya nail olunub.

Rövnəq Abdullayev vurğulamışdır ki, Azərbaycan dünya enerji bazarı ilə strateji tərfdaşdır: “Hazırda AB-nin idxal etdiyi neftin 4%-i ölkəmizin payına düşür. Biz ildə 40 milyard kubmetr qaz hasil etməklə yanaşı həm Azərbaycanda, həm də xaricdə qazlaşdırma üzrə böyük miqyaslı layihələr həyata keçiririk. SOCAR 2005-ci ildən etibarən Azərbaycanda qazlaşdırmanın səviyyəsi 55%-dən 96%-ə, Gürcüstanda 40%-dən 82%-ə çatdırıb. Bununla da milyon tonlarla mazutun yandırılmasının qarşısı alınıb.

Cənub Qaz Dəhlizinin istismara verilməsi ilə Cənub-Şərqi Avropaya, o cümlədən hələ də enerji daşıyıcısı kimi kömürdən istifadə edən ölkələrə qazın ixracına başlanılıb. Təmiz iqtisadiyyata keçid dövründə təbii qazdan istifadə hələ labüd görünür. Əlbəttə, biz yaxşı başa düşürük ki, zaman keçdikcə ənənəvi enerji mənbələrinə tələbat azalacaq. Lakin bu bir anda baş verməyəcək”.

SOCAR-ın prezidenti keçid dövründə bütün dəyər zənciri boyunca enerji effektivliyini yüksəltməklə istixana qazların emissiyasını azaltmağın əhəmiyyətini vurğulayıb. Nümunə üçün SOCAR tərəfindən 2022-ci ilədək səmt qazının atmosferə atılmasının tam dayandırılmasına nail olmaq üçün həyata keçirilən və BMT-nin xüsusi mükafatına layiq görülmüş tədbirləri, həmçinin karbon qazının tutulması və boşalmış neft-qaz laylarına vurulması, eləcə də perspektivdə yaşıl hidrogen istehsalı və Cənub Qaz Dəhlizi ilə nəql layihələrini göstərmişdir.

Rövnəq Abdullayev vurğulamışdır ki, SOCAR ardıcıl olaraq öz biznesini şaxələndirməklə az karbohidrogenli istiqamətlərə doğru hərəkət edir və gələcəkdə bu vektoru davam etdirmək əzmindədir. Bu isə SOCAR-a transformasiya olunmağa və yeni şərtlər altında rəqabətə davamlılığını qoruyub saxlamağa imkan verəcək.

Peterburq beynəlxalq iqtisadi forumu 1997-ci ildən etibarən təşkil olunur və son onilliklərdə dünyanın aparıcı biznes nümayəndələrinin iştirak etdiyi nüfuzlu müzakirə platformasına çevrilib. Bu il Peterburq beynəlxalq iqtisadi forumu 2-5 iyun tarixlərində keçirilir. Forum proqramının əsas mövzuları dünya və Rusiya iqtisadiyyatı, sosial məsələlər və texnologiyaların təşkili ilə bağlıdır.