Xəbərlər arxivi

22 Oktyabr 2021

Equinor” şirkəti Azərbaycanda SOCAR ilə birgə həyata keçirilən bütün layihələrdə fəaliyyətlərini davam etdirmək əzmindədir

+

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Norveçin “Equinor” şirkətinin kəşfiyyat üzrə vitse-prezidenti Tore Losetin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. “SOCAR Tower”-də keçirilmiş görüşdə SOCAR və “Equinor” şirkətləri tərəfindən bərabər pay bölgüsü əsasında həyata keçirilən “Qarabağ” yatağının işlənməsi, eləcə də “Dan Ulduzu”-“Əşrəfi”-“Aypara” perspektivli strukturlarında aparılan kəşfiyyat layihələrində növbəti addımların icrası müzakirə olunmuşdur.

“Equinor” şirkətinin nümayəndələri Azərbaycanda SOCAR ilə birgə həyata keçirilən bütün layihələrdə fəaliyyətlərini davam etdirmək əzmində olduqlarını bildirmiş, “Qarabağ” yatağından sonra “Aypara” və “Gündüz” kimi perspektivli strukturlarda da kəşfiyyat qazmasının aparılması üçün mövcud imkanlar ətrafında fikir mübadiləsi aparmışlar.

Xatırladaq ki, Norveçin “Equinor” şirkəti (keçmiş Statoil) və SOCAR Azərbaycanda “Qarabağ” yatağının işlənməsi və “Əşrəfi”-“Dan Ulduzu”-Aypara” perspektiv sahələrində kəşfiyyat və hasilatın təşkili üzrə əməkdaşlıq edirlər. Şirkətlər həmçinin “Azəri”-“Çıraq” və “Dərinsulu Günəşli” (AÇG) neft yatağının işlənilməsi layihəsində iştirak payına malikdirlər. 2018-ci ilin may ayında “SOCAR Karabakh” və “Equinor” şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsinə dair Risk Xidməti Sazişi imzalamışlar. Sazişə əsasən şirkətlər bərabər paya malikdirlər.

20 Oktyabr 2021

SOCAR-da Baker Hughes şirkətinin rəqamsal həllər sahəsi üzrə rəhbərləri ilə görüş keçirilmişdir

+

Oktyabrın 20-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev neft və qaz sənayesində texnoloji xidmətlər sahəsində dünya liderlərindən olan Baker Hughes şirkətinin rəqəmsal həllər (Digital Solutions) üzrə prezidenti və içraçı direktoru Rami Qasemin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. 2019-cu ildə tərəflər arasında keçirilmiş müzakirələrdə toxunulan məsələlər üzrə ötən müddətdə görülmüş işlərdən danışılmış, SOCAR-da rəqəmsal transformasiyanı dəstəkləmək məqsədilə Şirkətin 2035-ci ilə qədər Korporativ Strateqiyasına uyğun atılacaq növbəti addımlar haqqında ətraflı fikir mübadiləsi aparılmışdır. Görüşdə həmçinin SOCAR-ın mövcud investisiyalarına əsaslanan icra strategiyasının əsas elementi kimi aktivlərin idarə olunması üzrə həllər sahəsində tərəfdaşlığın perspektivlərinə toxunulmuş, bildirilmişdir ki, iki şirkət arasında rəqəmsal transformasiya, sıfır emissiya və karbon neytrallığı kimi aktual istiqamətlərdə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.

Baker Hughes-un nümayəndələri tərəfindən keçirilmiş qısa təqdimatda şirkətin yeni enerji erasına transformasiya üzrə müştərilərinə göstərdiyi xidmətlər haqqında ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, Baker Hughes-un təklif etdiyi yüksək effektli texnologiyların tətbiqi enerji əməliyyatları zamanı tullantıların azaldılmasına, neft-qaz yataqlarında əməliyyatların daha təmiz, təhlükəsiz və səmərəli aparılmasına əlverişli imkanlar yaradır. Eyni zamanda Sənaye 4.0 və qlobal miqyaslı dekarbonizasiya erasında ehtiyac duyulan texnoloji həllərin kompleks şəkildə tətbiqi vasitəsi ilə karbon emissiyası sıfıra endirilir ki, bu da ətraf mühitin mühafizəsinə əhəmiyyətli töhfədir.

Qeyd edək ki, Baker Hughes Azərbaycanda 1990-cı ildə fəaliyyətə başlamışdır. Şirkət SOCAR-la yanaşı, bp, TOTAL, Equinor şirkətləri, eləcə də SOCAR-ın Caspian Drilling Company birgə müəssisəsi ilə əməkdaşlıq edir. Azərbaycanda bu şirkətin 4 məhsul növündən - neft xidmətləri, neft avadanlıqları, turbo maşın və proses həlli, və rəqəmsal həllər məhsullarından istifadə olunur.

Hazırda neft və qaz sektorunda avadanlıq, xidmət və rəqəmsal həllər üzrə kompleks fəaliyyət göstərən Baker Hughes müştərilərinə karbohidrogenlərin daha səmərəli, məhsuldar və təhlükəsiz şəkildə, ətraf mühitə daha çox qayğı göstərməklə nəql olunmasında yardım edir.

20 Oktyabr 2021

SOCAR-ın “Elm Fondu” və “Elmi Tərəqqi Fondu” qrant müsabiqəsi keçirəcək

+

SOCAR-ın “Elm Fondu” və “Elmi Tərəqqi Fondu” dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental və innovasiya yönümlü elmi tədqiqat layihələrinə dəstək məqsədi ilə qrant müsabiqələrini elan edir. SOCAR-ın “Elm Fondu” tərəfindən AMEA-da neft, qaz və kimya sənayəsi ilə bağlı aktual problemlərin tədqiqi ilə məşğul olan alimlərin fəaliyyətini stimullaşdırmaq, eləcə də onlara əlavə yaradıcılıq imkanları yaratmaq məqsədilə 2021-ci il üçün qrant müsabiqəsi elan olunub. “Elm Fondu”nun qrant müsabiqəsinin şərtləri ilə bu keçiddən tanış ola bilərsiniz.

SOCAR-ın “Elmi Tərəqqi Fondu” təbiət və texnika elmləri sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental və tətbiqi xarakterli elmi-tədqiqat layihələrini dəstəkləmək, Milli Aviasiya Akademiyasında (MAA) çalışan və ya MAA ilə əməkdaşlıq edən elmi tədqiqat və tədris müəssisələrində fəaliyyət göstərən alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanı yaratmaq məqsədi ilə 2021-ci il üçün müsabiqə elan edib. Müsabiqənin şərtləri ilə bu keçiddən tanış ola bilərsiniz.

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə neftvermə əmsalının sabit saxlanılması və artırılması istiqamətində həyata keçirilən elmi araşdırmaları yüksək qiymətləndirmiş və demişdir: “Uzun müddət istismar edilən yatqlarda neftvermə əmsalının 5-10 faiz artırılması yeni yataqların kəşf edilməsi qədər əhəmiyyətlidir. Bunun üçün müasir elmi nailiyyətlərin həm dənizdə, həm də quruda olan neft yataqlarına tətbiqi vacibdir. Fikrimcə, müasir texnologiyaların tətbiqi məqsədi ilə reallaşdırılan elmi araşdırmalar uzun müddət istismar edilmiş neft yataqlarının hələ uzun illər istismarına yardımçı ola bilər”.

SOCAR-la Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Azərbaycan Milli Aviasiya Akademiyası (AMAA) arasında bağlanmış Memorandumlar əsasında müvafiq olaraq yaradılmış “SOCAR-ın Elm Fondu” və “SOCAR-ın Elmi Tərəqqi Fondu” ölkədə təbiət və texniki elmlər sahəsində fundamental və tətbiqi xarakterli elmi-tədqiqat layihələrini, neft, qaz və neft-kimya sənayesi ilə əlaqədar elmi araşdırmaları daha da inkişaf etdirmək, alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanları yaratmaq məqsədilə fəaliyyət göstərir.

19 Oktyabr 2021

SOCAR-STP şirkətinin istehsal imkanları SOCAR-ın beynəlxalq tərəfdaşlarına təqdim olunub

+

Oktyabrın 19-da SOCAR prezidenti Rövnəq Abdullayev, şirkət rəhbərliyinin nümayəndələri, BP AGT, KJOC, PETRONAS Azerbaijan, Baker Hughes, TotalEnergies, NICO Azerbaijan, Equinor, Schlumberger, CAMERON, Sumqayıt Texnologiyalar Parkı, JOCAP şirkətlərinin rəhbərləri SOCAR-STP-də olmuşlar. Səfərin reallaşdırılmasında məqsəd SOCAR-STP-nin müasir standartlara uyğun yaratdığı istehsalat və xidmət imkanları ilə ölkəmizdə fəaliyyət göstərən aparıcı şirkətləri tanış etmək idi. İndiyədək Azərbaycanda həyata keçirilən layihələrdə avadanlıqların bir hissəsi mürəkkəb loqistika şəraitində ölkəmizə idxal olunurdusa, artıq bir çoxu SOCAR-STP tərəfindən ölkə daxilində istehsal olunur və beynəlxalq şirkətlərin həyata keçirdiyi böyük layihələrdə istifadə oluna bilər. Bu günlərdə SOCAR-STP MMC şirkəti tanınmış Amerika Neft İnstitutunun (API) Monoqram Proqramı üzrə üç istehsal istiqaməti - fırlanan qazma komponentləri (API Spec 7-1), qazma yivləri və birləşməsi (API Spec 5CT), quyu başlığı və fontan armaturu məhsulları (API Spec 6A) üzrə sertifikatlara layiq görülüb. Bununla da SOCAR-STP API tərəfindən istehsal sertifikatlarına layiq görülən ilk yerli şirkət olmuşdur.

Qonaqlar Ağır maşınqayırma zavodunun termik emal sobasının, təzyiq tutumlarının istehsalı, istilik dəyişdiricilərinin istehsalı və təmiri, kran istehsalı, mexaniki emal, neft və qaz avadanlıqlarına xidmət sahələrində, koordinat ölçmə mərkəzində olmuş, onlara müvafiq sahələrin və mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, termik emal sobası yüksək təzyiqli tutumların qaynaq tikişlərinin gərginliyinin çıxarılması - normallaşdırılması üçün nəzərdə tutulmuşdur. Yükgötürmə qabiliyyəti 50 ton həcmində olan sobada maksimum temperatur 750 dərəcə C-dir. Burada 14 ədəd yeraltı və yerüstü çənin istehsalı nəzərdə tutulub. İstilik dəyişdiricilərinin istehsalı və təmiri sahəsində neft-kimya sənayesində və elektrik stansiyalarında istifadə olunan müxtəlif ölçülü yağ və su soyuducularının təmiri və istehsalının həyata keçirldiyi diqqətə çatdırılmışdır. Kran istehsalı sahəsində körpülü kranların yığıldığı və işıq dirəklərinin hazırlanması prosesinə baxış keçirən qonaqlara sahədə istehsal olunan kranlar, onların yükqaldırma qabiliyyəti və s. haqqında məlumat verilmiş, neft-qaz avadanlıqlarının xidmət sahəsində isə beynəlxalq API standartlarına uyğun əməliyyatların aparılması nəzərə çatdırılmışdır. İstehsal olunan avadanlıqların beynəlxalq standartlara uyğun olması onların Azərbaycanda beynəlxalq şirkətlərin iştirakı ilə həyata keçirilən layihələrə cəlb olunması üçün şərait yaratmışdır.

Dəqiq mexaniki emal zavoduna baş çəkən qonaqlar koordinat ölçmə maşınına baxış keçirmiş, müxtəlif növ və ölçüdə detalların emaldan sonrakı ölçülərinin yoxlanılması prosesi ilə əyani şəkildə tanış olmuşlar. Burada həmçinin mikrorimer qurğusuna və daxili sənədləşmə cihazı da nümayiş etdirilmişdir.

SOCAR-STP-nin rəhbəri Fərid Ağayev qonaqlara tədbirdə iştirakları üçün minnətdarlığını bildirdi və dedi: “Ümüdvaram ki, SOCAR-STP yaxın gələcəkdə MDB ölkələrində ən qabaqcıl şirkətlərdən olacaq, Sizin dəstəyinizlə yerli istehsalatın qaldırılması hamımızın borcudur. Həm yerli istehsalatın qaldırılması, həm də yeni müasir tələblərə cavab verən tələbələrin inkişafı istiqamətində hər birimiz dəstək olmalıyıq.”

Tədbirdə çıxış edən Rövnəq Abdullayev tez bir zamanda belə bir müəssisənin yaradıldığına görə fəxr etdiyini bildirdi.” “Ən müasir standartlara cavab verən müəssisə maşınqayırma sənayesinin bərpa olunması məqsədi ilə yaradılıb. Azərbaycanda neft maşınqayırma sənayesi həmişə yüksək səviyyədə olmuşdur. Cənab Prezidentinin göstərişi ilə SOCAR bu sahənin bərpasında aktiv mövqe tutdu. Maşınqayrıma sənayesində yenilik etmək istədik və yerli istehsalı artırmaq üçün bu sənayeyə maksimum dəstək verdik. İndi regionumuzun digər müəssisələrində icrası mümkün olmayan işləri burada görə bilirik. Bu gün xarici tərəfdaşlarımız, SOCAR-ın müəssisə və təşkilatlarının rəhbərləri buradadır. Burada yığışmağın səbəbi odur ki, tərəfdaşlarımız burada yaradılan imkanlarla tanış olsun və yararlana bilsin. Düşünürəm ki, bu müəssisənin gələcəyi parlaq olacaq”.

Yaşar Lətifov SOCAR-STP-nin müşahidə şurasının üzvləri adından çıxış etdi, bildirdi ki, müəssisə yerli istehsalın inkişafı və idxalın əvəzləşdirilməsi istiqamətində böyük işlər görmüşdür. Həmçinin o, Sumqayıt Texnologiyalar parkının rəhbərliyinə minnətdarlığını çatdırdı. “Amerika Neft İnstitutu tərəfindən məhsulun tanınması üzrə müvafiq sertifikatlaşdırılmanın təsdiqi, APİ Specification 1Q idarəetmə keyfiyyətinin təsdiqlənməsi, eyni zamanda müəyyən məhsullara API monoqramlı sertifikatların verilməsi bu müəssisənin məhsulunun və xidmətlərinin qlobal səviyyədə tanınmasının təsdiqidir. Bunun bəhrəsini yaxın zamanlarda ölkəmizdə də görəcəyik. SOCAR-STP-də açıq qapı siyasəti aparılır. Bütün orijinal avadanlığın istehsalçılarının evi ola bilər. Bütün bu nailiyyətlər, imkanlar qlobal pandemiya vəziyyətində əldə olunmuşdur. Bir milyon adam-saat həcmində işlər tam təhlükəsiz şəraitdə yerinə yetirilib”.

“Bp-Azərbaycanın” prezidenti Qəri Cons ilk öncə bu heyrətamiz yerə dəvət olunduğuna görə tədbir iştirakçılarına minnətdarlığını bildirdi və dedi: “Çox qısa zaman kəsiyində belə bir nailiyyət əldə etmək möhtəşəm hadisədir. Belə bir müəssisənin yaradılması Azərbaycan üçün inqilabi xarakter daşıya bilər. Çünki bundan əvvəlki dövrlərdə bütün neft avadanlığı digər ölkələrdən daşınırdı ki. İndi isə bu işlər Azərbaycanda həyata keçiriləcək. Biz müəssisə ilə tanışlıq zamanı bütün işçilərin gənc olmasını müşahidə etdik, bu da regionun və bu sahənin gələcək inkişafından xəbər verir və sözün əsl mənasında onların qarşısında mükəmməl imkanlar açır. İndi isə regionda çalışan digər layihə opertorlarına üzümü tutub deyirəm ki, bu artıq sizin üçün yeganə fürsətdir və bundan faydalanmalısınız. Bu növbəti 25 ildə bizi irəli aparacaq müəssəslərdən biri ola bilər. Belə bir nəticəni əldə etmək, təhlükəsiz icra etmək çox böyük nailiyyətdir”.

Xatırladaq ki, SOCAR (50%) və Sumqayıt Texnologiyalar Parkı (STP) (50%) tərəfindən 2020-ci ildə yaradılan “SOCAR-STP” MMC MDB regionunun ən böyük mexaniki avadanlıq emalatxanası və ağır kranlar zavodunu əhatə edən istehsalatı idarə edir. Birgə müssisənin yaradılması SOCAR və ölkənin ən iri sənaye komplekslərindən olan STP arasında neft-qaz hasilatı sektorunda maddi-texniki bazanın daha da təkmilləşdirilməsi, mütərəqqi texnologiyaların tətbiqi, texniki xidmət və mütəxəssis mübadiləsinin təminatı üzrə əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi məqsədini daşıyır.

15 Oktyabr 2021

Beynəlxalq Arbitraj Məhkəmələrindən sonra Azərbaycan və Türkiyə məhkəmələri də SOCAR-ın lehinə qərar çıxardı

+

Beynəlxalq Arbitraj Məhkəmələri tərəfindən müxtəlif kommersiya müqavilələri üzrə götürülmüş öhdəlikləri yerinə yetirmədiyinə görə, “Palmali” şirkətlər qrupu və qrupun rəhbəri Mübariz Mənsimovla əlaqədar SOCAR-ın lehinə çıxarılmış qərarların tanınması və icrası məqsədi ilə SOCAR Azərbaycan, Türkiyə və Malta məhkəmələrinə müraciət etmişdir. Şirkət, eyni zamanda adı çəkilən ölkələrin məhkəmə və səlahiyyətlı orqanlarına Beynəlxalq Arbitraj Məhkəmələrin qərarlarının icrasını təmin etmək məqsədi ilə “Palmali” şirkətlər qrupu və onun rəhbəri Mübariz Mənsimova məxsus əmlaka həbs qoyulması barədə iddia ərizəsi ilə müraciət edib. Artıq Türkiyə birinci instansiya məhkəməsi SOCAR-ın əmlaka həbs qoyulması barədə iddiasını təmin etmək haqqında qərar çıxarmış, lakin cavabdeh tərəfin vəkilləri bu qərara etiraz etmişlər. Appelasiya şikayətinə baxan İstanbul Regional Ədalət Məhkəməsi “Palmali” şirkətlər qrupunu təmsil edən vəkillərin iddialarını əsassız hesab etmiş və 7 oktyabr 2021-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin cavabdehlərin əmlakına həbs qoyulması ilə bağlı qərarını qüvvədə saxlamışdır. Apellyasiya məhkəməsinin qərarı qətidir. Azərbaycanda və Maltada isə cavabdehlərin aktivləri üzərinə həbs qoyulması haqqında SOCAR-ın iddiaları daha əvvəl təmin edilmişdir.

Azərbaycan Respublikasının Ali Məhkəməsi 8 sentyabr 2021-ci il tarixli qərarı ilə artıq beynəlxalq arbitraj məhkəmələrinin qərarını tanıyıb. Türkiyə və Malta məhkəmələrində hazırda arbitraj məhkəmələrinin qərarlarının tanınması məsələsəinə baxılır.

Xatırladaq ki, “Palmali” şirkətlər qrupu müxtəlif kommersiya müqavilələri üzrə götürdüyü öhdəlikləri pozduğuna görə SOCAR, SOCAR Trading SA, SOCAR Overseas Ltd. və Azerbaijan (ACG) Limited şirkətləri tərəfindən 2018-ci ildə həmin şirkətlər qrupu və onun rəhbəri Mübariz Mənsimovla bağlı üç müstəqil arbitraj məhkəməsinə - London Beynəlxalq Arbitraj Məhkəməsi, London Dəniz Arbitrləri Birliyi və Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasının (UNCİTRAL) arbitraj qaydalarına uyğun fəaliyyət göstərən məhkəməyə - müraciət olunmuşdur. Nəticədə, 2020-2021-ci illərdə hər üç müstəqil arbitraj məhkəməsində SOCAR-ın xeyrinə qərarlar verilmişdir. Arbitraj məhkəmələrində “Palmali” şirkətlər qrupunun və qrupun rəhbəri Mübariz Mənsimovun SOCAR-a 240.000.000 ABŞ dollarından artıq pul təzminatı ödəməsinə qərarlar çıxarılmış, eyni zamanda cavabdeh tərəfin əks iddiaları rədd edilmişdir. Göstərilən məbləğin “Palmali” tərəfindən tam ödənilməsinə qədər həmin məbləğə faizlər hesablanması da davam etdiriləcəkdir.

15 Oktyabr 2021

SOCAR-da TOTAL şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir

+

SOCAR-ın prezidenti Rövnəq Abdullayev “TOTAL Energies” şirkətinin Karbon neytrallığı və Avropa qitəsi üzrə aparıcı vitse-prezidenti Kristin Heyli və Qazaxıstan, Azərbaycan və Tacikistan üzrə regional rəhbəri, vitse-prezidenti Piter Holdinqlə görüşmüşdür. SOCAR Towerdə keçirilmiş görüşdə iki şirkətin həyata keçirdiyi birgə layihələr haqqında ətraflı fikir mübadiləsi aparılmışdır. Tərəflər “Abşeron” layihəsi çərçivəsində görülən tikinti-quraşdırma işlərinin əhəmiyyətini vurğulamış, fəaliyyətin səmərəliliyini artırmaq üçün görülən tədbirlərdən bəhs etmişlər. “TOTAL” şirkətinin Azərbaycanla uzunmüddətli əməkdaşlıqda maraqlı olması bir daha nəzərə çatdırılmış, neft-qaz sektorunda daha sıx əməkdaşlığın təşkili məsələləri müzakirə olunmuşdur.



Xatırladaq ki, ''Abşeron'' perspektiv strukturunun kəşfiyyatı, işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında'' Saziş 27 fevral 2009-cu il tarixində imzalanıb. Layihənin operatoru ''SOCAR Absheron'' və ''TOTAL E&P Absheron'' törəmə şirkətlərinin bərabər paylarla iştirak etdiyi JOCAP (''Joined Operating Company Absheron Petroleum'') birgə müəssisəsidir. ''Abşeron'' qaz-kondensat yatağı Xəzər dənizində, ''Azəri-Çıraq-Günəşli'' yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşir.

14 Oktyabr 2021

SOCAR üçüncü rübdə neft hasilatını 10%, qaz hasilatını 9% artırıb

+

SOCAR 2021-ci ilin üçüncü rübündə qazma və hasilat üzrə artıma nail olmuşdur. Şirkət üzrə 20 min metrdən artıq1 qazma işi həyata keçirilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 82% çoxdur. Şirkətin istismar etdiyi yataqlarda 2 milyon tona yaxın2 neft, 2 milyard kubmetrə yaxın3 qaz çıxarılmış və beləliklə, SOCAR əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatını 10%, qaz hasilatını isə 9% artırmışdır. Şirkətin istismar etdiyi neft və qaz yataqlarında hasilat səviyyəsinin sabit saxlanılması məqsədi ilə həyata keçirilən kompleks tədbirlər planı davamlı şəkildə icra olunmuşdur.

2021-ci ilin üçüncü rübündə ölkə üzrə 8,7 milyon tona yaxın4 neft, 11,3 milyard kubmetrdən artıq5 qaz hasil edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatında 6%, qaz hasilatında isə 38.6% artımın qeydə alınması deməkdir. Neft hasilatının artımı əsasən OPEC+ razılaşması çərçivəsində hasilata tətbiq olunan məhdudiyyətlərin nisbətən yumşaldılması ilə bağlı olub.

Üçüncü rüb üzrə ixrac göstəriciləri də qənaətbəxş olub. SOCAR tərəfindən 4,5 milyon ton6 neft ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22% yüksək nəticədir. Qeyd edək ki, şirkət tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də SOCAR-ın özünə məxsus xam neft həcmlərini əks etdirir. Ölkə üzrə ixrac olunan təbii qaz həcmləri daha çox - 48% artırılaraq, 4,4 milyard kubmetr7 təşkil edib. Hesabat dövründə ölkə daxilində 2,4 milyard kubmetr8 qaz istehlak olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% çoxdur.

Cari ilin iyul-sentyabr ayları ərzində SOCAR tərəfindən 1,8 milyon ton9 neft emal olunub ki, bu da ötən ilin müvafiq aylarında olduğundan 46.5% çoxdur. Bu kəskin artım ötən il Heydər Əliyev adına NEZ-də aparılmış dövri təmir işlərinin məhz ilin üçüncü rübünə təsadüf etməsi ilə izah olunur. Bu ilin üçüncü rübündə isə zavod dövri təmirə dayanmayıb. Rüb ərzində SOCAR-ın Qaz Emalı Zavodunda 812 milyon kubmetr10 qaz emal edilib.

Üçüncü rübdə şirkətin ixrac etdiyi neft-qaz emalı və neft-kimya məhsullarının da həcmi nəzərəçarpacaq dərəcədə yüksəlmişdir. SOCAR Azərbaycandan təqribən 1.1 milyon ton11 həcmində, yəni ötən ilin eyni dövrü ilə müqayisədə 88% çox neft emalı və neft-kimya məhsulları ixrac etmişdir. Bu artımda, əlbəttə, yuxarıda göstərilən səbəbdən NEZ-də istehsalın yüksəlməsi mühüm rol oynayıb. Bununla yanaşı, yüksək təzyiqli polietilen, mütləqləşdirilmiş izopropil spirti və karbamid kimi kimya məhsullarının ixracında da əhəmiyyətli artım qeydə alınmışdır.

Redaktorlar üçün qeyd: Mətndə qeyd olunan rəqəmlər oxunaqlılıq məqsədi ilə yuvarlaqlaşdırılıb. Tam dəqiq rəqəmlər isə, müvafiq olaraq, aşağıdakı istinadlarda göstərilmişdir.


1 -20.236 metr

2-1.987.644 ton

3-2.002.497.000 m3

4-8.682.193 ton

5-11.340.169.000 m3

6-4.453.035 ton

7-4.447.460.000 m3

8-2.473.655.210 m3

9-1.839.959 ton

10-811.881.000 m3

11-1.074.651 ton

14 Oktyabr 2021

SOCAR prezidenti Əlcəzairin Azərbaycandakı səfiri ilə görüşüb

+

Oktyabrın 14-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Salima Abdelhak ilə görüşmüşdür. Azərbaycan və Əlcəzairin zəngin karbohidrogen ehtiyatlarına malik ölkələr olduğunu vurğulayan xanım səfir son illərdə ölkəmizdə həyata keçirilən strateji əhəmiyyətli infrastruktur layihələrinin uğurlarını diqqətlə izlədiklərini bildirmiş, bu sırada Cənub Qaz Dəhlizi layihəsinin son seqmenti olan TAP boru kəmərinin yekunlaşmasını xüsusi qeyd etmişdir. Xanım səfir TAP boru kəmərinin istismara verilməsi ilə neftlə yanaşı Azərbaycan qazının da Avropaya nəqlinə start verildiyindən məmnunluq hissi ilə bəhs etmişdir. O qeyd etmişdir ki, Əlcəzair də Avropanın enerji təchizatında təcrübəli oyunçulardan biri olmaqla, müvafiq ixrac infrastrukturuna malikdir. Əlcəzair qazı boru kəmərləri vasitəsilə, eləcə də mayeləşdirilmiş (LNG) halda bazarlara daşınır. Səfir öz ölkəsinin “Sonatrach” şirkəti və SOCAR arasında əlaqələrin genişləndirilməsində, yeni əməkdaşlıq imkanlarının, o cümlədən, Avropa bazarında əməkdaşlıq imkanlarının araşdırılmasında maraqlı olduğunu söyləmişdir.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Sonatrach” şirkətinin yeni rəhbərliyi ilə görüşməkdən məmnun olacağını bildirmiş, müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər olduğunu vurğulamışdır. Görüşdə qlobal pandemiyanın sona yaxınlaşdığı da nəzərə alınaraq, “Sonatrach” şirkəti ilə SOCAR arasında əməkdaşlığın yenidən nəzərdən keçirilməsi razılaşdırılmışdır.