Çap et

ŞİRKƏT / STRUKTUR

Geofizika və Geologiya İdarəsi

SOCAR-ın Geofizika və Geologiya İdarəsi (GGİ) Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2005-ci il tarixli 340 nömrəli Fərmanı əsasında keçmiş Geofizika və Mühəndisi geologiya İB-nin bazasında yaradılmışdır.

GGİ-nin tərkibində üç bölüm - “Kəşfiyyatgeofizika”, Mədəngeofizika” və “Kompleks Mühəndisi Axtarış” İstehsalat Bölümləri fəaliyyət göstərir. GGİ Azərbaycanın quru ərazisində və Xəzər dənizinin Azərbaycan sektorunda (eləcə də müqavilələr əsasında xarici ölkə ərazilərində) kəşfiyyat və mədən geofizikası, eləcə də kompleks mühəndisi-geoloji (mühəndisi qazma, sonar planalma, batimetriya, fasiləsiz seysmoakustik profilləmə), topogeodeziya və tematik tədqiqat işləri aparır. Aparılan kəşfiyyat geofizikası (seysmik, qravimaqnit, elektrik) işlərinin əsas məqsədi yer qabığının dərinlik geoloji quruluşunun öyrənilməsi, müxtəlif tipli struktur və qeyri-struktur tələlərin və perspektivli sahələrin dərin kəşfiyyat qazmasına hazırlanması, onların neftli-qazlılığının proqnozu, yataqların geoloji quruluşunun və məhsuldarlığının qiymətləndirilməsindən ibarətdir. Mədən geofizikası sahəsində yerinə yetirilən işlər qazmada və istismarda olan neft-qaz quyularında geofiziki kəşfiyyat, ehtiyatın hesablanma parametrlərinin hazırlanması, quyularda neftli-qazlı obyektlərin perforasiyası, qaz-karotaj, yataqların işlənməsinə geofiziki nəzarət məqsədi daşıyır. Kompleks mühəndisi-axtarış işləri mühəndisi-geoloji qazma, sonar planalma, batimetriya, fasiləsiz seysmoakustik profilləmə (FSAP), struktur xəritəalma, topoqrafik, naviqasiya təminatı və s. məqsədi ilə həyata keçirilir. GGİ kəşfiyyat və mədən geofizikası, eləcə də mühəndisi-geologiya işlərini müasir səviyyədə yerinə yetirmək üçün qərb standartlarına uyğun cihaz və avadanlıqlarla, müvafiq emal və interpretasiya proqramları ilə təchiz olunmuş və yüksək ixtisaslı kadr potensialına malikdir.

Rəis: Şirinov Elçin İngilab oğlu
Ünvan:AZ1033, Bakı şəhəri, Heydər Əliyev prospekti, 83a
Telefon:(+99412) 521 04 01, (+99412) 521 04 10, daxili:-12001
Faks: (+99412) 514 12 71
URL:www.socar.az/ggi
Email: elchin.shirinov@socar.az, office.ggi@socar.az

https://www.socar.az/socar/az/company/organization/geophysics-and-geology