Dünya iqtisadiyyatının sürətli transformasiyası və enerji bazarlarında baş verən dəyişikliklər fonunda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2023-cü ilin 1-ci rübünü uğurla başa vurmağa nail olub.
Müvəffəqiyyəti şərtləndirən amillər sırasında maliyyə və biznes dayanıqlılığının gücləndirilməsi, əməliyyat effektivliyinin artırılması, rəqəmsal enerji texnologiyalarının tətbiqi, habelə əməyin təhlükəsizliyinin gücləndirilməsi xüsusi yer tutub. Səmərəli fəaliyyət istehsalat göstəricilərinə də öz müsbət təsirini göstərib.
Cari ilin birinci rübündə SOCAR tərəfindən 20 min metrə1 yaxın qazma işləri həyata keçirilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,6% çoxdur. Hesabat dövründə şirkət tərəfindən 1,9 milyon tondan2 çox neft, 2,2 milyard kubmetrdən3 çox qaz hasil olunub. Neft hasilatı nisbətən sabit qalsa da qaz hasilatında əvvəlki illə müqayisədə 15% artım qeydə alınıb. Ölkə üzrə ümumilikdə 7,7 milyon tondan4 çox neft və 12,2 milyard kubmetrə5 yaxın qaz hasil edilib. Ümumilikdə ölkə üzrə qaz hasilatı 3% artıb.
Hesabat dövründə SOCAR tərəfindən dünya bazarına 4,6 milyon tondan6 çox xam neft, Gürcüstan bazarına isə 581 milyon kubmetr7 təbii qaz ixrac olunub. SOCAR-ın dünya bazarına ixrac etdiyi neft həcmləri ötən ilin analoji dövrü ilə müqayisədə 13,2% artıb. Qeyd edək ki, SOCAR öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən neft həcmlərini də ixrac edir. Ümumilikdə isə ölkə üzrə 6,4 milyon tondan8 çox neft, 6,3 milyard kub metrdən9 çox qaz ixrac edilib. Ölkə üzrə qaz ixracında ötən ilin analoji dövrü ilə müqayisədə 7,6 % artım qeydə alınıb.
Şirkətin Azərbaycandakı emal kompleksində 1,7 milyon tona10 yaxın neft, 892 milyon kubmetrdən11 çox təbii qaz emal olunub. Neft emalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,4% artıb. Rüb ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 478,1 min ton12 neft, neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilib. Hesabat dövründə ölkə ərazisində təbii qaz istehlakı 4,8 milyard kub metr13 təşkil edib.
Qeyd: Mətndə istifadə olunan rəqəmlər oxunaqlılıq məqsədi ilə yuvarlaqlaşdırılıb. Tam dəqiq rəqəmlər müvafiq olaraq, aşağıdakı istinadlarda göstərilib.
119.732 metr
2 1.920.491 ton
3 2.205.352.000 kubmetr
4 7.720.101 ton
5 12.159.085.000 kubmetr
6 4.623.221 ton
7 581.435 kubmetr
8 6.436.054 ton
9 6.332.441.000 kubmetr
10 1.667.384 ton
11 892.330.154 kubmetr
12 478.125 ton
13 4.761.042.000 kubmetr