SOCAR 2008-ci ildə Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya kompleksi “Petkim”in 51%-ni alaraq qardaş ölkədəki fəaliyyətlərinə başlayıb. “SOCAR Türkiyə” qrupuna daxil olan şirkətlərin fəaliyyət sahəsinə xam neft və təbii qazın idxalı, topdan və pərakəndə satışı, təbii qazın paylanması, neft-kimya məhsullarının istehsalı və satışı daxildir. “SOCAR Türkiyə”, 2008-ci ildən etibarən biznes tərəfdaşlarıyla birgə Türkiyə iqtisadiyyatına, ümumilikdə, 17,6 milyard ABŞ dolları həcmində sərmayə yatırıb.
Qrupun “Petkim”, “STAR Neft Emal Zavodu”, “SOCAR Terminal”, “SOCAR Depolama” və “Petkim RES” (Külək Elektrik Stansiyası) şirkətləri İzmirin Əliağa bölgəsində yerləşir. “TANAP boru kəməri”, “Bursagaz”, “Kayserigaz”, “Enervis” və “SOCAR Enerji Ticaret” şirkətləri isə təbii qazın nəqli və paylanması üzrə ixtisaslaşıb. Bundan əlavə, yanacaq doldurma məntəqələrinin fəaliyyəti ilə məşğul olan “SOCAR Ticaret”, rabitə və telekomunikasiya şirkətlərindən “Millenicom” və “SOCAR Fiber”, eləcə də inşaat şirkəti “SCR Gayrimenkul” “SOCAR Türkiyə”nin portfelində mühüm yer tutur.
Neftin emalı, neft-kimya məhsullarının istehsalı, xam neft və təbii qazın idxalı, saxlanması, paylanması və satışı, eləcə də logistika sahəsində böyük nailiyyətlər qazanan “SOCAR Türkiyə” qardaş ölkənin ən böyük sənaye holdinqinə çevrilib. Hazırda o, Türkiyənin ən böyük xarici investorudur. Qrupun Türkiyədə birbaşa yaratdığı məşğulluq 5 300 nəfər, podratçılar ilə birlikdə isə 10 000 nəfərdən çoxdur. “SOCAR Türkiyə” qrupu şirkətləri hər il Türkiyənin cari kəsirinin təqribən 2 milyard ABŞ dolları həcmində azalmasına töhfə verir.
NEFT EMALI VƏ NEFT-KİMYA İŞ BİRLİYİ
Petkim
“SOCAR Türkiyə” 2008-ci ildə Türkiyənin ilk və yeganə neft-kimya kompleksi olan “Petkim”in səhmlərinin 51%-ni 2 milyard 40 milyon dollara satın alıb. Kompleks 15 əsas zavod və 6 köməkçi emal müəssisəsindən ibarət olaraq 60-a yaxın müxtəlif növ neft-kimya məhsulu istehsal edir. İldə 3,6 milyon ton istehsal gücünə malik “Petkim” kimya, qablaşdırma, tikinti, boru, boya, kənd təsərrüfatı, elektrik, elektronika, avtomobil, toxuculuq, dərman və tibb ləvazimatları, yuyucu vasitələr və kosmetika kimi sahələr üçün xammal istehsal edir. Kompleksin nəzdində aşağı və yüksək sıxlıqlı polietilen, polipropilen, etilen-propilen, polivinil xlorid, akrilonitril, etilen qlikol, saflaşdırılmış turşu, aromatik xlor qələvi, karbohidrogenlər, vinil xlorid monomer, plastik işlər və ftal anhidridi zavodları fəaliyyət göstərir.
“Petkim” kompleksi İstanbul Sənaye Palatası və Egey bölgəsi Sənaye Palatası tərəfindən açıqlanan "İlk 500 böyük sənaye müəssisəsi", "Egey regionunun ən böyük 100 sənaye müəssisəsi" və "Ən çox ixrac edən şirkətlər" siyahılarında mütəmadi olaraq əsas yerlərə layiq görülür. Sənaye kompleksi 2021-ci ildə 810,9 milyon ABŞ dolları dəyərində hazır məhsul ixrac edərək Egey bölgəsinin ən çox ixrac edən şirkətinə çevrilib. Hazırda “Petkim”in Türkiyənin neft-kimya məhsulları bazarında payı təxminən 16% təşkil edir.
“STAR” Neft Emalı Zavodu
Türkiyədə özəl sektor tərəfindən tək nöqtəyə yatırılan ən böyük investisiya layihəsi olan “STAR” Neft Emalı Zavodunun (NEZ) açılışı 2018-ci ilin 19 oktyabr tarixində Azərbaycan və Türkiyə dövlət başçılarının iştirakı ilə keçirilib. İzmirin Əliağa yarımadasında istismara verilən zavod “Petkim”in əsas xammal ehtiyacı olan nafta və Türkiyəyə idxal olunan bir sıra məhsulları istehsal edir. Layihənin reallaşdırılması üçün 6,3 milyard ABŞ dolları sərmayə yatırılıb. Məhsulların böyük əksəriyyəti Türkiyənin daxili bazarı üçün nəzərdə tutulub. İldə 11 milyon ton xam neft emal etmək gücündə olan “STAR” NEZ Türkiyədəki cari kəsirin azalmasına mühüm töhfə verir.
SOCAR Depolama
“SOCAR Depolama” şirkəti xammal və hazır neft məhsullarının saxlanması məqsədilə 2016-cı ildə təsis edilib. Terminalın fəaliyyət dairəsinə neft və neft məhsullarının çənlərdə saxlanılması, tankerlərə doldurulması, dəniz tankerlərindən çənlərə boşaldılması kimi əməliyyatlar daxildir. “STAR” NEZ-in saxlama tutumunun artırılması nəticəsində “SOCAR Depolama” terminalının ümumi çən tutumu 575.000 m³-ə qədər artırılıb. Bununla da, “SOCAR Depolama” şirkəti Türkiyənin 5 ən böyük terminalından birinə çevrilib.
Petkim RES
Alternativ enerji istehsalında əhəmiyyətli yer tutan “Petkim Külək Elektrik Stansiyası” “Petkim” kompleksinin enerji təhlükəsizliyini artırmaq, xərclərini azaltmaq, eləcə də ekoloji cəhətdən təmiz və bərpa olunan enerji mənbələrindən istifadə məqsədilə təsis edilib. Layihənin ümumi dəyəri 55 milyon avro, stansiyanın mexaniki gücü 51 meqavattdır. Yarımadada yerləşən və 17 turbindən ibarət olan “Petkim RES”də turbinlərinin quraşdırılması 2017-ci ilin sonunda başa çatdırılıb. Stansiyada ildə 200 gigavat, yaxud təqribən 40 min ailənin istifadə etdiyi elektrik enerjisinə bərabər enerji istehsal edilir.
SOCAR Ticaret
"SOCAR Türkiyə"nin törəmə müəssisələrindən "SOCAR Türkiye Petrol Enerji Dağıtım A.Ş." (bundan sonra "SOCAR Ticaret") regionda yanacağın topdan və pərakəndə satışı, aviasiya (SOCAR Aviation) və dəniz nəqliyyatı (SOCAR Marine) üçün yanacaq satışını həyata keçirir. "STAR" NEZ-in satış gücünü artırmaq məqsədilə "SOCAR Ticaret" bütün Türkiyə ərazisindən olan yanacaq təchizatçıları (vasitəçilər) ilə müqavilələr bağlamağa nail olub. Hazırda "SOCAR Türkiyə" pərakəndə yanacaq doldurma sektorunda 13-ü SOCAR, 98-i isə diler tərəfindən idarə olunan cəmi 111 YDM ilə fəaliyyət göstərir.
Şirkətin "SOCAR Aviation" markası 2013-cü ildə təsis edilib. İstanbulun Sabiha Gökçen hava limanında "Pegasus" və digər aviasiya şirkətlərinin yanacaqla təmin olunması ilə fəaliyyətə başlayan "SOCAR Aviation" 2016-cı ildən Atatürk (İstanbul), Adnan Menderes (İzmir), Bodrum və İstanbulun yeni tikilən hava limanında aviaşirkətləri yanacaq ilə təchiz edir. Qlobal "Türk Hava Yolları" aviaşirkəti də "SOCAR Aviation"-ın əsas müştərilərindəndir.
"SOCAR Marine" markası isə dəniz nəqliyyat vasitələrinin yanacaq ehtiyacını təmin edir. 2013-cü ildə fəaliyyətə başlayan "SOCAR Marine" istər yerli bazarda, istərsə də beynəlxalq səviyyədə dəniz nəqliyyat vasitələrini yüksək keyfiyyətli yanacaqla təmin edərək dənizçilik sektoruna öz töhfəsini verir. İlkin tədarükə Türkiyənin İskəndərun və Mersin bölgələrində başlayan "SOCAR Marine" bölgənin beynəlxalq dəniz yanacağı bazarına çıxmasını təmin edib. "SOCAR Marine" hazırda 680.000 ton/il tranzit dəniz yanacağı satışı ilə türkiyənin bazar lideridir.
TƏBİİ QAZ İŞ BİRLİYİ
"SOCAR Türkiyə"nin Təbii Qaz Biznes Bölməsi Türkiyə bazarında təbii qazın idxalı, pərakəndə və kommersiya satışı, eləcə də paylanması kimi əməliyyatları həyata keçirir və SOCAR ailəsinə 2019-cu ildə qoşulan "Kayserigaz", “Bursagaz”, “Enervis”, “SOCAR Enerji Ticarət” şirkətlərini idarə edir.
Kayserigaz
Türkiyənin ən önəmli sənaye şəhərlərindən olan Kayseridə təbii qazın paylanması, nəqli və marketinqini həyata keçirən “Kayserigaz” şirkəti 2003-cü ildən fəaliyyət göstərir. Şirkətin səhmlərinin 80%-i “SOCAR Türkiyə”, 10%-i “Çalık Holding” şirkətlərinə, 10%-i isə Kayseri Böyükşəhər Bələdiyyəsinə məxsusdur. Türkiyənin ən müasir təbii qazpaylama şirkəti olan “Kayserigaz”-ın nəzarət etdiyi şəbəkənin ümumi uzunluğu 5 603 km-dir. 2020-ci ildə Şirkətin abunəçilərinə göstərdiyi xidmət və müştəri məmnunluğu 99% səviyyəsində qiymətləndirilib. Hər il abunəçiləri davamlı olaraq artan “Kayserigaz”-ın 2004-cü ildə 20 min abunəçisi var idisə, 2021-ci ilin sonunda onların sayı 511 minə çatıb. “Kayserigaz” SCADA sisteminə inteqrasiya olunaraq qaz şəbəkəsinə maksimum nəzarət edir, hər hansı bir qəza baş verdikdə, qısa bir zamanda, onu aradan qaldıra bilir. Şirkət ISO 9001, ISO 10002, ISO 14001, ISO 27001, ISO 31000 və ISO 45001 sertifikatlarına sahibdir.
Bursagaz
Türkiyənin ən böyük 4-cü şəhəri və sənaye bölgəsi sayılan Bursada fəaliyyət göstərən “Bursagaz” şirkəti 1992-ci ildə BOTAŞ tərəfindən təsis edilib. 1,1 milyondan çox abunəçisi olan “Bursagaz” 2004-cü ildə özəlləşdirilib və 2019-cu ildə “SOCAR Türkiyə”nin strukturuna daxil olub. Şirkətin səhmlərinin 80%-i “SOCAR Türkiyə”, 10%-i “Çalık Holding” şirkətlərinə, 10%-i isə Bursa Böyükşəhər Bələdiyyəsinə məxsusdur. Ümumi uzunluğu 7 025 km (2021-ci ilin sonuna qədər) olan müasir təbii qaz paylama şəbəkəsinə nəzarət edən “Bursagaz” Türkiyənin “Best Employer Awards” və “Great Place to Work“ mükafatlarına layiq görülüb. Şirkət ISO 9001, ISO 10002, ISO 14001, ISO 27001, ISO 22301, ISO 50001 və ISO 45001 sertifikatlarını əldə edib.
SOCAR Enerji Ticaret
Türkiyədə təbii qaz və elektrik enerjisinin topdan satışını həyata keçirən “SOCAR Enerji Ticaret” şirkəti 2009-cu ildən təbii qaz ticarətində ən böyük özəl sektor təmsilçisi sayılır. Öz sahəsində lider şirkətlərdən olan “SOCAR Enerji Ticaret” 2021-ci ildə 15 TWh (saatda trilyon vat) təbii qaz və elektrik enerjisi satışını həyata keçirib. “SOCAR Türkiyə”nin illik təbii qaz istehlakı, təxminən, 1,7 milyard m³ təşkil edir və cari investisiyaları nəzərə almaqla növbəti illərdə bu göstəricinin daha da artırılacağı nəzərdə tutulur. Bu isə “SOCAR Enerji Ticaret”in rolunun daha da yüksələcəyi deməkdir.
Enervis
“Enervis” şirkəti 2012-ci ildən enerji və paylama sahəsində ixtisaslaşmış xidmətlər göstərir və əsasən daxili quraşdırma nəzarəti, sayğacların kalibrlənməsi və oxunması kimi əməliyyatları yerinə yetirir.
PORTFEL İDARƏETMƏSİ İŞ BİRLİYİ
SOCAR Terminal
“SOCAR Türkiyə”nin aktivlərindən biri də Egey dənizi bölgəsinin ən böyük inteqrasiya olunmuş konteyner limanı sayılan “SOCAR Terminal”dır. Şirkət 22 noyabr 2010-cu il tarixində təsis edilib. Tutumu 1.5 milyon TEU olan “SOCAR Terminal” layihəsinə ümumilikdə 400 milyon ABŞ dolları sərmayə qoyulub.
Millenicom
Türkiyənin telekomunikasiya sektorunda fəaliyyət göstərən “Millenicom” şirkəti 2004-cü ildən müştərilərinə yüksək səviyyədə telekommunikasiya və rabitə xidmətləri göstərir. 2019-cu ildə “SOCAR Türkiyə”nin strukturuna daxil olan şirkətin hazırda 280 000 fərdi və korporativ müştərisi var. “Millenicom” fərdi müştərilərinə ADSL, VDSL, FİBER variantlarında məhdudiyyətsiz internet və telefon xidmətləri təklif edərək, 7/24 fasiləsiz Çağrı Mərkəzi dəstəyi göstərir. 2017-ci ildə “İlin Alternativ Operator Xidmətləri” kateqoriyasının qalibi və 2018-ci ildə “Türkiyənin rabitə xidmətləri sektorunun üçüncüsü” seçilib.
SOCAR Fiber
“SOCAR Türkiyə”nin telekomunikasiya sektorunda ixtisaslaşmış digər bir şirkəti “SOCAR Fiber” 2013-cü ildə təsis edilib və 2014-ci ilin iyulunda Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə İdarəsindən idarəetmə xidməti üzrə lisenziya alıb. Səhmlərinin 100%-i “SOCAR Türkiyə”yə məxsusdur. “SOCAR Fiber” elektron rabitə və sürətli internet xidmətləri göstərən bütün operator şirkətlərinə magistral şəbəkə xidməti (backbone network service) təklif edir. Şirkət Türkiyədə TANAP boru kəməri boyunca 1.850 km uzunluğunda fiber optik şəbəkədən yararlanmaq imkanını yaradıb.
DİGƏR QRUP ŞİRKƏTLƏRİ
SOCAR Ar-Ge ve İnovasyon A.Ş
"SOCAR Ar-Ge ve İnovasyon A.Ş" şirkəti "Petkim"in 51 illik tədqiqat və inkişaf təcrübəsini bütün qrupa ötürmək məqsədilə 2019-cu ilin dekabrında təsis edilib. İzmirin Əliağa bölgəsində 1200 m²-lik ərazidə yerləşən şirkətdə reologiya, katalizator, polimer xarakteristikası, ətraf mühit və biotexnologiya, kimyəvi analiz və xromatoqrafiya sahələrində xidmət göstərən 6 laboratoriya fəaliyyət göstərir. Bundan əlavə, "Ar-Ge" mərkəzinə polimer emalı, polimerləşmə və katalizator test sistemlərinə imkan verəcək 400 m²-lik pilot istehsal müəssisəsi olan ofislər də daxildir. Şirkətin həyata keçirdiyi "Nefertiti" layihəsinin məqsədi günəş enerjisi vasitəsilə karbon dioksiddən etanol/izopropanol kimi kimyəvi maddələr əldə etməkdir. Layihə Avropa Komissiyasının "Horizon 2020" Qrant Proqramı tərəfindən maliyyələşdirilir.
SCR Gayrimenkul
"SOCAR Türkiyə"nin strukturunda olan bütün şirkətlərin təmir və tikinti, dizayn, yoxlama, eləcə də əmlak idarəetmə işləri "SCR Gayrimenkul" şirkəti tərəfindən həyata keçirilir. Şirkətin gerçəkləşdirdiyi mühüm layihələrə İstanbulda sahəsi 24 000 m² olan “SOCAR Plaza”, sahəsi 30 000 m² olan SOCAR Türkiyə Əliağa Baş Ofis binası və sahəsi 11 200 m² olan Ankaradakı ofisi misal ola bilər. “SCR Gayrimenkul” SOCAR-ın Əliağadakı xüsusi sənaye zonasında bir çox layihələr reallaşdırır.