Yüksək ixtisaslı kadrların hazırlanması, hazırkı işçi heyətinin kvalifikasiyasının artırılması, xüsusən rəqəmsal əsrdə tez-tez dəyişən texnologiyalarla bağlı nəzəri və tətbiqi biliklərin işçilərə aşılanması SOCAR üçün vacib və daim gündəmdə olan məsələrlərdən biridir. Bu məqsədlə SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi (TTSİ) müxtəlif peşələr üzrə beynəlxalq standartların tələbləri səviyyəsində yüksək keyfiyyətli təlimlər təşkil edir. Ehtiyac duyulan peşələr üzrə fəhlə kadrlarının hazırlanması, SOCAR-ın mühəndis-texniki işçilərə olan tələbatının monitorinqinin aparılması, eləcə də dənizdə çalışan neftçilərə beynəlxalq müqavilələr, standartlar və dəniz konvensiyaları əsasında təlimlərin keçirilməsi TTSİ-nin əsas fəaliyyət istiqamətlərindəndir. Bundan başqa, struktur bölmələrdə əməyin mühafizəsi və təhlükəsizlik qaydaları üzrə təlimatlandırma, müəssisələrdə çalışan işçilərin (məsələn, qaynaqçılar) attestasiyası və beynəlxalq standartlara uyğun sertifikatlaşdırılması da İdarənin fəaliyyət dairəsinə daxildir.
Hazırda bu istiqamətdə TTSİ-nin 5 təlim mərkəzi - Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzi (DİHMTM), Kadr hazırlığının təşkili mərkəzi (KHTM), Qala təlim-tədris mərkəzi (QTTM), Qobustan regional təlim mərkəzi (QRTM), Sumqayıt təlim-tədris mərkəzi (STTM) və Qaynaq işlərinin sertifikatlaşdırılması şöbəsi fəaliyyət göstərir. 01.10.2024-cü il tarixinədək ümumilikdə 186 306 nəfər (bunlardan 16 038 nəfəri kənar müəssisələrin payına düşür) sözügedən təlimlərdə iştirak etmiş və attestasiyadan keçib.