“SOCAR Energy Georgia” MMC Gürcüstan bazarında neft və qaz məhsullarının idxalı, topdan və pərakəndə satışı, habelə təbii qazın paylanması məqsədilə 2006-cı ildə təsis edilməklə SOCAR-ın xarici ölkədə açılmış ilk şirkətidir. Şirkət dost ölkədə ən iri sərmayəçi və vergi ödəyən şirkətlərdən biridir.
Fəaliyyəti
Topdan və pərakəndə fəaliyyəti ilə yanaşı, “SOCAR Energy Georgia” tərəfindən yanacaqdoldurma məntəqələrinin (YDM) inşası və istismarı, neft məhsulları terminalları və nəqliyyat vasitələri ilə təchizat, idxal əməliyyatlarının həyata keçirilməsi kimi funksiyalar da yerinə yetirilir. Sadalanan fəaliyyət növlərini həyata keçirtmək üçün “SOCAR Georgia Gas”, “SOCAR Georgia Petroleum” və “SOCAR Georgia Security” kimi hüquqi cəhətdən tam olaraq “SOCAR Energy Georgia”-ya məxsus olan törəmə şirkətlər yaradılıb. YDM-lərin inşası və istismarı məqsədilə “SOCAR Georgia Petroleum” şirkəti 2006-ci ildə təsis edilib. 2010-cu ilin sonu üçün şirkətə məxsus YDM-lərin sayı artıq 60-a çatdırılıb. 01.01.2022-ci il tarixinə Gürcüstanda “SOCAR” brendi altında 110 YDM müştərilərə yüksək səviyyəli xidmət göstərir. “SOCAR Georgia Petroleum” 13 xidmət mərkəzi və 4 neft mehsullari terminalına malikdir. YDM-də mayeləşdirilmiş təbii qaz (LPG), sıxılmış təbii qaz (CNG), dizel yanacağı və müxtəlif oktanlı yüksək keyfiyyətli benzin satılır. Şirkətə məxsus YDM-lərdə satılan dizel və benzin yanacaq növləri Avropa ölkələrindən idxal olunur və tam olaraq "Avro-5" standartlarının tələblərinə uyğundur. Müştərilər YDM-lərdə “Way Mart” marketlər şəbəkəsindən, “Energy Card” bonus kartlarından, müxtəlif asanlaşdırılmış müasir satış üsullarından istifadə edə bilirlər. Elektriklə işləyən avtomobillərin sahibləri isə maşınlarını elektrik enerjisi ilə təmin edən aparatlardan yararlanırlar.
Digər törəmə şirkət olan “SOCAR Georgia Gas” ölkədə təbii qazın idxalı, pərakəndə və topdan satışı, paylanması və eləcə də, qaz boru kəmərlərinin tikintisi və reabilitasiyası məqsədilə 2007-ci ildə yaradılıb. 2008-ci ildə Gürcüstanda qazlaşdırma səviyyəsi 46% olubsa, “SOCAR Georgia Gas”-ın və Gürcüstan hökümətinin birgə fəaliyyəti nəticəsində 2024-ci ilin sonu üçün ölkənin qazlaşdırılamasının 90%-a çatıdırılması gözlənilir. Aparılan işlər nəticəsində 2009-cu ildə sayı 71 min olan abonentlərin miqdarı 01.01.2022-ci il tarixinə 806 minə çatdırılıb. 2007-2022-ci illər ərzində şirkət tərəfindən 12 min km-ə qədər qazpaylayıcı xətlər çəkilib.
Sosial layihələri
Şirkət kommersiya fəaliyyəti ilə yanaşı, Gürcüstan cəmiyyətinin ictimai-sosial gündəmində nəzərə çarpan çox sayda Korporativ Sosial Məsuliyyət (KSM) layihələrində də fəal iştirak edir. Artıq 10 ildən artıqdır ki, şirkət tərəfindən kimsəsiz insanlara hamilik edən “Katarzis” ictimai fonduna maliyyə dəstəyi verilir, COVID-19 pandemiyası dövründə isə şirkət, ölkənin Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə dövlət naziri Aparatının iştirakı ilə təşkil edilmiş aksiyalarda iştirak edib. Bu yardım aksiyaları çərçivəsində şirkət tərəfindən Gürcüstan üzrə köməyə ehtiyacı olan aztəminatlı 7 mindən çox ailəyə ilkin tələbat və qida məhsulları ilə yardım göstərilib.
2008-ci ildən etibarən həyata keçirilən “1+4” təhsil layihəsi üzrə, əsasən Gürcüstanın dövlət universitetlərində təhsil alan soydaşlarımızın təhsil haqları şirkət tərəfindən ödənilir. 2008-2022-cu illər ərzində 4300 nəfər tələbə şirkətin maddi dəstəyini ala bilib. 2013-2017-ci illərdə Gürcüstanın dövlət universitetlərində əla qiymətlərlə təhsil alan 120 tələbəyə təqaüd verilib. Marneulidəki “Azərbaycanlıların Mədəniyyət Mərkəzi” ictimai fondu tərəfindən azərbaycanlı tələbələrə təqaüd verilməsi proqramı 4 il ərzində hər il şirkət tərəfindən maliyyələşdirilib. Şirkət fəaliyyətə başladığı gündən etibarən Gürcüstanda bir neçə kəndə yeni avtomobil yolu çəkib, bəzilərində yolların yenidən qurulmasını təmin edib, çox sayda kənd və qəsəbələrdə məktəblərin, xəstəxanaların, idman meydançalarının əsaslı təmirini həyata keçirib. Ölkənin aqrar sektoruna kömək məqsədilə 2016-2017-ci illərdə şirkət 18 ədəd “Belarus” markalı traktoru Kvemo-Kartli bölgəsinə hədiyyə edib. Bu yardım aksiyaları çərçivəsində, həmçinin böyrək çatışmazlığından əziyyət çəkən yüzlərlə insana dəstək olunub və onlar müvafiq dərmanlarla təmin ediliblər. Şirkət tərəfindən Azərbaycanlı Əlillər Cəmiyyətinə avtomobil, əlilliyi olan imkansız şəxslərə 110 əlil arabası alınaraq hədiyyə edilib.
2021-ci il ərzində Laqodexi bələdiyyəsinin Kabal kəndində 120 yerlik müasir tipli uşaq bağçası, Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində isə beynəlxalq standartlar səviyyəsində idman kompleksinin tikintisi başa çatdırılıb və hər iki obyekt təmənnasız olaraq Gürcüstan Hökumətinə təhvil verilib.
Qeyd edilənlərlə yanaşı, ümumiyyətlə, şirkət Gürcüstanda sayı yüzlərlə olan sosial və humanitar layihələr, o cümlədən təhsil, səhiyyə, elm, idman, məscidlərin və Gürcüstan Pravoslav Patriarxiyasının nəzdində fəaliyyət göstərən kilsələrinin təbii qazla pulsuz təmin edilməsi kimi iri vacib sosial əhəmiyyətli xeyriyyəçilik fəaliyyəti həyata keçirib.
2007-2022-ci illər ərzində şirkət tərəfindən SOCAR-ın Tbilisi və Batumidəki inzibati ofis binaları, Tbilisi və Rustavi şəhərlərində Heydər Əliyev adına istirahət parklarının, Tbilisidəki M.F.Axundovun ev muzeyinin alınması və əsaslı təmir olunaraq istifadəyə verilməsi, eyni zamanda Marneulidəki “Çay Evi” və “Gənclər Mərkəzi”nin alınması və əhalinin istifadəsinə verilməsi, həmçinin Tbilisidəki Nəriman Nərimanov ev muzeyinin alınması və əsaslı təmir olunaraq istifadəyə verilməsi kimi iri tikinti layihələri daxil olmaqla Gürcüstan iqtisadiyyatına əhəmiyyətli məbləğdə investisiya yatırıb.
2008-ci ilin may ayından fəaliyyətə başlayan Kulevi neft terminalı neft və neft məhsullarının tranziti üçün nəzərdə tutulub. Dəmiryolu və gəmilər vasitəsilə nəql olunan neft məhsulları burada boşaldılır, rezervuarlarda saxlanılır və bundan sonra gəmilərə yüklənərək qərb istiqamətində daşınır. Terminal ildə 10 milyon ton neft və neft məhsulları yükləyib, boşaltmaq imkanına malikdir. Terminalın ehtiyat anbarının ümumi tutumu 402 min m³-dir. 01.06.2022-ci il tarixinə kimi Kulevi neft terminalından 30 milyon ton neft və neft – kimya məhsulları yüklənərək, qərb bazarlarına göndərilib.