0%

Qala Təlim-Tədris Mərkəzi


SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) 2011-ci ildə istifadəyə verilmiş Qala Təlim-Tədris Mərkəzində (QTTM) hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin komandir-rəis və şəxsi heyətinin hazırlığı üzrə maarifləndirici, həm də ixtisasartırma kursları təşkil edilir.

Mərkəzdə SOCAR-ın Təhlükəsizlik İdarəsinin işçiləri üçün “Komanda rəisi”, “Qarovul rəisi” və “Atıcı”, habelə digər qurumların əməkdaşları üçün “Komanda rəisi”, “Mühafizəçi”, “Qəza xilasetmə qrupu”, “Rabitə xəbərdarlıq manqası”, “Yanğınsöndürmə manqası” və “Sanitar postu manqası” kursları təşkil edilir ki, bu da əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması və xidməti fəaliyyət üçün zəruri olan bilik və bacarıqların aşılanması məqsədi daşıyır.

Kurslarda dinləyicilərə posta buraxılış qaydaları, psixoloji hazırlıq və peşə etikası, şəxsi heyət arasında kommunikasiya, ekstremal şəraitlərdə istiqamətlənmə, eləcə də fövqəladə hadisələr zamanı ilk tibbi yardımın göstərilməsi, müəssisələrdə əməyin mühafizəsi, texniki və fiziki təhlükəsizlik, istehsalat sanitariyası qaydaları, qəzaların nəticələrinin ləğv edilməsi və təxliyə planları tədris olunur.

QTTM-də 6 ay və ya 1 il müddətində tədris olunan ixtisaslara qəbul prosesi üzrə SOCAR-ın İnsan Resursları Departamentinin (İRD) təşkil etdiyi müsabiqədə iştirak etmək istəyənlər www.socar.az veb-səhifəsinin “Karyera” bölməsinin “Təlim mərkəzinə sənəd qəbulu” alt-bölməsinə elektron ərizə ilə müraciət etməlidirlər. Namizədlər “SOCAR-ın təlim mərkəzlərinə şagird qəbulu Qaydaları”nda göstərilən şərtlərə cavab verdiyi halda, ikinci mərhələyə buraxılırlar. Təlim mərkəzlərinə qəbul üzrə müsabiqənin ikinci mərhələsini - müsahibələr/sənədlərin yoxlanılması təşkil edir və bu mərhələd uğur qazanan şəxslər müsabiqənin üçüncü mərhələsində - test imtahanında iştirak etmək hüququ əldə edirlər. Test imtahanında iştirak edən və ən yüksək bal toplayanlar isə təlim mərkəzində təhsil almaq hüququ qazanırlar.

QTTM-nə qəbul üçün müraciət edənlər aşağıdakı şərtlərə cavab verməlidirlər:

  • Azərbaycan Respublikasının vətəndaşı olmalı;
  • Müsabiqənin keçirildiyi tarixədək 29 yaşı tamam olmamalı;
  • Orta ixtisas təhsili, ilk peşə-ixtisas təhsili və ya ən azı, tam orta təhsili olmalı (təhsilini davam etdirənlər və ali təhsililər müraciət edə bilməzlər);
  • Hərbi bileti olmalı (“Atıcı” peşəsi üzrə müraciət edənlər həqiqi hərbi xidmət keçməli, digər peşələr üzrə həqiqi hərbi xidmət keçməsindən asılı olmayaraq).

Müsahibəyə gələrkən aşağıda qeyd olunan sənədlər gətirilməlidir:

  • Şəxsiyyət vəsiqəsi (əsli);
  • Diplom və ya attestat (əsli);
  • Hərbi biletin əsli (oğlanlar üçün);
  • Sağlamlıq haqqında arayış (forma 86);
  • Rentgen (flüoqrafiya, flüoqrafiyanın şəklini gətirmək mütləqdir) arayışı;
  • Məcburi köçkün vəsiqəsi (Sumqayıt şəhəri və Abşeron rayonunda məskunlaşanlar üçün);
  • BC kateqoriyası üzrə sürücülük vəsiqəsi (Yükləyicinin sürücüsü peşəsinə müraciət edənlər üçün).

Əlaqə məlumatları:

SOCAR-ın İRD-nin Təlim və inkişaf şöbəsi
Ünvan:
Bakı ş., Heydər Əliyev prospekti, 121
E-poçt: tis@socar.az

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi
Ünvan: Bakı ş., Nizami r., A.Manafov küç., 1
Telefon: (012) 521 00 00 (daxili: 48007, 48098)
E-poçt: cabir.a.haciyev@socar.az