0%

Kompleks Qazma İşləri Tresti


SOCAR-ın “Kompleks qazma işləri” tresti (KQİT) 2007-ci ildən etibarən fəaliyyət göstərir. Əsas missiyası son elmi-texniki yeniliklərdən yararlanaraq, çoxillik sənaye təcrübəsini sifarişlərin yüksək keyfiyyətlə yerinə yetirilməsində tətbiq edərək Azərbaycan iqtisadiyyatına töhfə verməkdir. Fəaliyyəti dövründə təhlükəsizlik qaydalarına əməl etməklə, ətraf mühitə ziyan vurmadan dünya standartları səviyyəsində 1,7 milyon metrə yaxın qazma işlərinin aparılması müəssisənin əzmkar və peşəkar komandasının nailiyyəti kimi qiymətləndirilə bilər.

KQİT fəaliyyəti dövründə ölkəmizin quru və dəniz əraziləri üzrə 30-a yaxın yataqda, o cümlədən “Bulla-Dəniz”, “Darvin Bankası”, “Neft Daşları”, “Günəşli”, “Qərbi Abşeron”, “Pirallahı adası”, “Siyəzən”, “Qaradağ” və başqa sahələrdə axtarış-kəşfiyyat və istismar qazma işlərini uğurla həyata keçirib, hazırda bu istiqamətdə işlər davam etdirilir.

KQİT qazma prosesini təyinatı üzrə kompleks şəkildə idarə edərək, maili qazma, kəmərendirmə, sementləmə, məhlul xidməti, qəza ləğvetmə və bu kimi digər xidmətləri yüksək keyfiyyətlə və çevik yerinə yetirir. Trest 2014-cü ildə, Xəzərin Azərbaycan sektorunda ilk dəfə olaraq, “Pirallahı adası” sahəsində horizontal quyu qazaraq mədənçilərə təhvil verib. Yüksək inhiraflı quyuların qazılması işləri quyu lüləsinin layın yatım bucağına uyğun (təqribən, 90° yaxın), layboyu daha dərinə gedərək aparılır və bu, hasilat zonasını böyütməklə daha çox məhsul çıxarılmasına imkan verir. Qazılmış quyularda tamamlama işləri üçün müasir standartlara uyğun hazır süzgəclərdən, lay sularını izolə etmək məqsədilə pakerlərdən, layların çirklənmədən qorunmasını və yüksək hasilatın əldə olunmasını təmin edən kalsium-bromid (CaBr2) tərkibli məhluldan istifadə edilir.

Milli neft sənayesinin parlaq səhifələrindən biri olan “Ümid” yatağını kəşf olunması ilə nəticələnən ilk quyunun məhz KQİT tərəfindən qazılması strateji əhəmiyyətli olmaqla yanaşı, mürəkkəb quyuların Trestə həvalə edilməsinin bariz nümunəsidir. Trestin çoxsaylı uğur və nailiyyətlərinə 2020-ci ildə, Xəzər regionunda ilk dəfə olaraq, geoloji cəhətdən çox mürəkkəb yataqlarda qazma məhlulunun ekvivalent sıxlıq pəncərəsinin dar olması şəraitində istifadə edilən MPD (Managed Pressure Drilling) yüksək təzyiqli qazma texnologiyasını tətbiq etməklə, “Bulla-dəniz” yatağında 91 nömrəli quyunun 6703 metr dərinliyə kimi baş verə biləcək mürəkkəbləşmələrdən sığortalanmış şəkildə bir sıra geoloji – geofiziki tədqiqat işləri aparmaqla qazılması da əlavə olunub. Bu işlərin aparılması zamanı, təbii ki, geoloji məlumatların və eləcə də, süxür nümunələri üzrə vaxtaşırı təhlillər də aparılıb.

KQİT-nin başlıca hədəflərindən olan qazma işlərinin mürəkkəbləşməsiz və keyfiyyətlə başa çatdırılması üçün bu işlər müasir texniki-texnoloji tələblərə cavab verən, dünya qazmaçılarının son nailiyyətlərindən hesab olunan “Top Drive” mexanizmi ilə təchiz olunmuş, böyük yükqaldırma qabiliyyətinə malik müasir ZJ-70DBS və ZJ-70D qazma qurğuları ilə aparılır. Həmçinin, quyularda ən müasir, qazma alətinin tutulma ehtimalı minimum olan karbohidrogen əsaslı qazma məhlulundan, qazma vaxtı quyu lüləsinin əyriliyinə və stratiqrafik kəsilişə nəzarət edən MWD/LWD telemetrik ölçü cihazlarından, litoloji kəsilişə uyğun, yüksək texniki göstəricilərə malik və beynəlxalq standartlara cavab verən PDC tipli baltalarla yığılmış QKAH-dan, qazmaya geoloji-texnoloji nəzarəti həyata keçirən geoloji texnoloji nəzarət stansiyasından istifadə olunur.

KQİT istehsalatda olduğu kimi, ofis şəraitində də innovativ texnologiyaların və idarəetmədə mütərəqqi metodların tətbiqinə diqqətlə yanaşır. Belə ki, Trestdə fəaliyyət göstərən Operativ İdarəetmə Mərkəzi real vaxt rejimində müxtəlif istehsalat sahələrində həyata keçirilən qazma işlərinə operativ mühəndislik nəzarəti həyata keçirilməsi üçün proseslərə mühəndis dəstəyi və operativ qərarvermə məqsədilə yaradılıb. Burada dünyanın qabaqcıl ali məktəblərində təhsil almış gənc qazma mühəndisləri çalışır. Onların əksəriyyəti SOCAR-ın təqaüd proqramı ilə təhsil alaraq məzun olmuşlar. Operativ İdarəetmə Mərkəzi daxili istehsalat kommunikasiyanın inkişaf etdirilməsində də böyük rol oynayır. Burada stasionar dəniz özüllərinə video-nəzarət yaradılır, istehsalat sahələri ilə birbaşa görüntülü iclaslar və mütəmadi səhər zəngləri həyata keçirilir.

“Kompleks qazma işləri” trestinin tabeliyində 5 bölüm - “Sahil”, “Neft Daşları-Günəşli”, “Abşeron” və “Qazmaservis” istehsalat bölümləri, eləcə də Təchizat və logistika bölümü fəaliyyət göstərir.

Təhlükəsiz iş şəraitinin yaradılması, ətraf mühitin mühafizəsi, insan resurslarının daim təkmilləşdirilməsi, resurslardan effektiv istifadə və ümumilikdə proseslərin beynəlxalq standartlara uyğun həyata keçirilməsi Trestin əsas prioritet fəaliyyət istiqamətləridir.