Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Kapital bazarları


SOCAR-ın törəmə şirkəti olaraq 2016-cı ildə təsis edilən “SOCAR Capital”-ın əsas hədəfi SOCAR Qrupuna daxil olan şirkətlərin yerli və qlobal maliyyə bazarlarına tam inteqrasiyasını təmin edərək bu qurumların layiq olduğu ən yüksək dəyərə çatdırılması və bunu öz paydaşları ilə bölüşdürməsidir.

“SOCAR Capital” şirkətinin əsas fəaliyyət seqmentlərindən biri SOCAR İstiqrazlarının idarəolunmasıdır. İstiqraz – borc qiymətli kağızlardır. SOCAR İstiqrazları, istiqrazı buraxan şəxsdən (emitent) əvvəlcədən müəyyən edilmiş tarixlərdə faiz (kupon) gəliri, istiqraz müddətinin sonunda isə qoyulmu ilkin vəsaiti (nominal) almaq hüququnu verən investisiya qiymətli kağızıdır.

Azərbaycanın qiymətli kağızlar bazarı və SOCAR İstiqrazlarının tarixinə qısa bir nəzər: Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, ölkənin qiymətli kağızlar bazarının yaradılması və inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə 1998-ci ilin sentyabrın 9-da Qiymətli Kağızlar haqqında Azərbaycan Respublikasının Qanunu təsdiq edilmiş, 1998-ci ilin dekabrın 30-da isə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi yaradılmışdı. Komitə qiymətli kağızlar bazarında vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini, habelə qiymətli kağızlar bazarının və onun infrastrukturunun inkişafını təmin edirdi. 2016-cı ildə bu Komitə Maliyyə Bazarlarına Nəzarət Palatası ilə əvəz olundu. Daha sonra Palata ləğv edildi və onun vəzifələri Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 28 noyabr 2019-cı il tarixli Sərəncamı ilə ölkədə maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi məqsədilə Mərkəzi Banka verildi. Mərkəzi Bank lisenziyalaşdırma, tənzimləmə, nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması funksiyalarını bu gün də uğurla həyata keçirir.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 may tarixli Sərəncamına əsasən təsdiq edilən “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramını əsas götürən SOCAR 2016-cı ildə Azərbaycan vətəndaşları üçün alternativ investisiya imkanları və maliyyə alətləri yaratmaq məqsədilə yeniliyə imza atdı. Həmin ilin sentyabr ayından etibarən, daxili bazar üçün aşağıdakı xüsusiyyətlərə malik SOCAR İstiqrazlarına abunə yazılışı başlandı:

  • Buraxılış məbləği: 100,000,000 (yüz milyon) ABŞ dolları;
  • Nominal dəyəri: 1000 (min) ABŞ dolları;
  • Tədavül müddəti: 5 il
  • İllik faizi: 5%
  • Faiz ödənişi periodu: hər 3 aydan bir

SOCAR İstiqrazlarının emissiyasından sonra əhali tərəfindən qiymətli kağızlar bazarına axın yaşandı. Marağın böyük olmasının əsas səbəbləri istiqrazların likvidliyi, etibarlılığı və faiz ödənişlərinin tam vaxtında ödənməsi idi. 100 milyon ABŞ dolları məbləğində buraxılmış SOCAR İstiqrazlarına 204 milyon dollarlıq sifariş gəldi. Satışlarda üstünlük fiziki şəxslərə verildi və sifarişlərin 90%-dən çoxu məhz Azərbaycan vətəndaşlarına aid oldu. Hər 3 aydan bir istiqraz sahiblərinin ABŞ dolları ilə olan bank hesablarına hər istiqraz üzrə 12,5 dollar məbləğində faiz gəlirləri köçürüldü.

SOCAR İstiqrazlarının özəlliyi:

  • SOCAR istənilən vaxt istiqrazları satış qiymətinə - 1000 ABŞ dollarına almağa hazırdır:

Adi hallarda istiqrazlar buraxan qurum onları müəyyən müddətdə (məsələn, 5 ildən sonra) bəlli bir qiymətə alacağına zəmanət verir. Həmin vaxtadək istiqrazlar birjada alınıb-satılır, təbii olaraq, onların qiymətləri artıb-azalır. Əgər istiqraz sahibi onu vaxtından əvvəl satmaq istəyərsə, bazardakı qiymətlə razılaşmalı olur. Yəni, istiqraz sahibi alıcı tapsa belə, bu kağızı bazar qiymətinə satmaq məcburiyyətində qalır. Bazar qiyməti isə istiqrazın dəyərindən ucuz da ola bilər. SOCAR isə lap başlanğıcdan bəyan etdi ki, bu qiymətli kağızı istənilən vaxt satış qiymətinə - azı 1000 ABŞ dollarına almağa hazırdır. Yəni, istiqraz sahibi heç vaxt zərər etməyəcək. Bu, əslində, dünyada görünməmiş yenilik idi.

  • İstiqrazlar Azərbaycan Respublikası vətəndaşları üçün bütün növ vergilərdən azaddır:

17 oktyabr 2016-cı il tarixində Bakı Fond Birjasında (BFB) SOCAR İstiqrazları üzrə təkrar bazar əməliyyatlarına başlanıldıqdan sonra yerli investorlarla birgə xarici ölkə vətəndaşları və hüquqi şəxslər də onları əldə etmək imkanı qazandılar. İlkin SOCAR İstiqrazları ilə təkrar bazarda aparılmış əməliyyatların həcmi 201 milyon ABŞ dollarından artıq olmuşdu. SOCAR İstiqrazları Azərbaycan Respublikası vətəndaşları üçün bütün növ vergilərdən azad idi. Bu, təkcə Azərbaycanda deyil, bütün regionda qiymətli kağızlar üçün tətbiq edilən ən əlverişli şərtlərdən hesab olunurdu.

  • REPO əməliyyatı istiqraz sahiblərinə güzəştli şərtlərlə kredit götürməyə imkan verir:

2017-ci ildə SOCAR İstiqrazları öz sahiblərinə daha bir imkan qazandırdı. Həmin ilin noyabr ayında SOCAR İstiqrazları ilə REPO əməliyyatlarına start verildi. REPO əməliyyatı istiqraz sahiblərinə öz qiymətli kağızlarını girov qoyaraq, güzəştli şərtlərlə (illik 3,5–4,5%) kredit götürməyə imkan verirdi. Nəticədə istiqraz sahiblərinin öz qiymətli kağızlarını satmasına ehtiyac qalmır, onlar istənilən zaman REPO əməliyyatı ilə vəsait cəlb edərək, qısamüddətli likvidlik təmin edə bilirdilər. REPO əməliyyatlarını cəlbedici edən digər bir amil də faiz dərəcəsinin əlverişli olmasıdır. Belə ki, ilkin istiqrazların illik kupon gəliri 5% olduğuna görə, REPO çərçivəsində kredit cəlb edənlər yenə də gəlir götürməkdə davam edirdilər. Məhz bu üstünlük nəticəsində, istiqraz sahibləri REPO əməliyyatlarına böyük maraq göstərdi. REPO əməliyyatları həm hüquqi, həm də fiziki şəxslərlə aparılmışıdı. İlkin SOCAR İstiqrazları ilə 36 milyon dollardan artıq REPO əməliyyatları icra olunub.

Bu günədək SOCAR İstiqrazları Azərbaycanda öz sahiblərinə ABŞ dolları ilə ən çox gəlir gətirən qiymətli kağız olub. Azərbaycanın qiymətli kağızlar bazarında korporativ istiqrazlar üzrə (ipoteka istiqrazları xaric) təkrar bazar əməliyytalarının əksəriyyəti məhz SOCAR İstiqrazlarının payına düşür. Belə ki, SOCAR İstiqrazları təkrar bazarda ən çox alınıb-satılan qiymətli kağız olub. BFB-da ticarət olunan bütün növ borc alətləri üzrə bağlanan alqı-satqı əqdlərinin 70%-ə yaxınını SOCAR İstiqrazları təşkil edib.

Cəmi bir neçə il ərzində “SOCAR Capital”-ın Azərbaycan kapital bazarlarına verdiyi töhfələrin bir qismi bunlardır:

  • Yerli kapital bazarının infrastrukturunun inkişafı;
  • İnvestor bazasının genişləndirilməsi;
  • Birja ticarət həcmlərinin artırılması;
  • Maliyyə savadlılığının yüksəldilməsi;
  • Dövriyyədən kənarda “yastıq altında” olan passiv pul vəsaitlərinin iqtisadiyyata qazandırılması;
  • Azərbaycan şirkətlərinin maliyyə bazarlarına çıxışının təşviqi;
  • Korporativ istiqraz bazarına aktivlik gətirilməsi;
  • İlk dəfə olaraq, Abunə Yazılışı üsulu ilə kütləvi yerləşdirmənin həyata keçirilməsi;
  • İlk dəfə olaraq, həm bir neçə investisiya şirkəti, həm banklar, həm də "ASAN xidmət" vasitəsilə investorlardan abunə yazılışı sifarişlərinin toplanması və geniş xalq kütləsinə çıxışın təmin olunması;
  • Verilən bütün vədlərin yerinə yetirilməsi və əməliyyatların qüsursuz şəkildə icra olunması.

SOCAR İstiqrazlarının 2-ci emissiyası:

Çoxsaylı müraciətlər və böyük tələbat nəzərə alınaraq, 20 sentyabr 2021-ci il tarixində SOCAR tərəfindən daxili bazar üçün yeni istiqrazlar buraxıldı. İlkin istiqrazların 5 illik tədavül müddəti isə 2021-ci ilin oktyabr ayında yekunlaşıb və istiqraz sahibləri ümumilikdə 25 milyon dollar gəlir əldə ediblər.

Yeni SOCAR İstiqrazları da 5 illik müddətə buraxılır. İstiqrazların ümumi həcmi 100 milyon ABŞ dolları təşkil edir və abunə yazılışı dövründə hər birinin qiyməti 1000 (min) dollar məbləğində müəyyən olunub. İllik faiz dərəcəsi 4.5%-dir və faizlərin ödənişi rüblük qrafiklər əsasında həyata keçirilir (Faiz ödəməsi: fevral, may, avqust və noyabr aylarının 1-də). SOCAR İstiqrazlarına abunə yazılışı 2021-ci ilin 20 sentyabr tarixindən başlayıb və 29 oktyabr tarixinədək davam edib. İstiqrazlara abunə yazılışında vətəndaşlarımız, Azərbaycanda qeydiyyatdan keçmiş yerli və xarici hüquqi şəxslər, daimi və ya müvəqqəti yaşamaq icazəsinə malik olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iştirak edə bilərlər. 1 noyabr 2021-ci il tarixində baş tutan yerləşdirmədə üstünlük, ilk növbədə, fiziki şəxslərə verilib. Xarici fiziki və hüquqi şəxslər isə istiqrazları təkrar bazarda istiqraz sahiblərindən satın ala biləcəklər. SOCAR istiqrazlarının təkrar bazarda likvidliyinin təmin olunması məqsədilə marketmeyker cəlb edir.

SOCAR İstiqrazlarının müddəti 5 illik olduğu üçün, 2 ildən sonra təkrar bazarda istiqraz əldə etmiş şəxs üçün istiqrazın müddəti 3 il olacaq. Nə vaxt alınmasından asılı olmayaraq, SOCAR İstiqrazlarının müddəti 2026-ci ildə başa çatır. Təkrar bazardan alınan SOCAR İstiqrazlarının şərtləri birinci bazardan alınan istiqrazlardan fərqlənmir.

SOCAR İstiqrazlarını 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərində yaradılmış SOCAR İstiqrazları köşklərindən, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinə (AzFinance, Unicapital, InvestAZ, PAŞA Kapital, Xalq Kapital, BTB Kapital, ABB-İnvest, MFX-Trading, CPM-İnvest, PSG-Kapital) müraciət edərək, əldə etmək mümkündür.

Yüksək gəlirliliyinə görə SOCAR İstiqrazları hazırda ölkəmizdə ən əlverişli və ən sərfəli investisiya alətidir. Likvidliyin yüksəkliyi, əməliyyatların rahatlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılması müqabilində əhali və hüquqi şəxslər istiqrazlara böyük maraq göstərirlər. SOCAR İstiqrazları Azərbaycanın kütləvi surətdə alınıb–satılan ilk qiymətli kağızına çevrilib.