SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) Kadr Hazırlığının Təşkili Mərkəzi (KHTM) neft sənayesi üçün yüksək peşəkar milli kadrların hazırlanması, fəhlələrin ixtisaslarının artırılması, maarifləndirilməsi, təlimatlandırılması və yenidən hazırlanması məqsədilə fəaliyyət göstərir.
Müasir tələblərə uyğun informasiya texnologiyaları avadanlıqları ilə təchiz olunmuş Mərkəz zəngin maddi-texniki bazaya, təlim emalatxanalarına və laboratoriyalara malikdir.
Mərkəzdə bu ixtisaslar üzrə peşəkar fəhlə kadrları hazırlanır:
- elektrik qaz qaynaqçısı
- nəzarət-ölçü cihazları və avtomatika
- daxiliyanma mühərriki üzrə çilingər
- kran maşinisti
- texnoloji kompressorların maşinisti
- təmirçi çilingər
- texnoloji qurğuların təmiri çilingəri
- texnoloji qurğuların operatoru
- elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru
- neft-qaz quyularının qazılması üzrə qazmaçı köməkçisi
- neft və qaz hasilatı üzrə operator
- ilməçi
- qaldırıcı maşinist
- tornaçı
- kimyəvi analiz laborantı və s.
Təşkil olunan kurslarda nəzəri dərslər (30%), praktiki və istehsalat təlimləri (70%) keçilir. Nəzəri dərslər dinləyicilərin əməyin mühafizəsi və təhlükəsizlik texnikası, Azərbaycan qanunvericiliyinin əsasları, materialşünaslıq, elektrotexnika, texniki rəsmxət, ingilis dili, kompyuter texnologiyasının əsasları və fiziki tərbiyə fənləri üzrə bilik və bacarıqlarının artırılmasına xidmət edir. Praktiki məşğələlər xüsusi təchiz olunmuş ixtisas otaqlarında yüksək bilik və təcrübəyə malik istehsalat təlimi ustaları tərəfindən aparılır. Dinləyicilər təhsil müddətində aylıq təqaüd, xüsusi geyim və gündəlik naharla təmin olunurlar.
Mərkəz tərəfindən SAP MM - “Materialların idarə edilməsi modulu”, SAP FI - “Maliyyə uçotu modulu”, SAP SD - “Satış və çatdırılma modulu”, SAP PM - “Texniki xidmət və təmir modulu”, SAP OPENTEXT - “Elektron Sənəd Dövriyyəsi Sistemi”, SAP HR - “İnsan Resursları funksiyalarının tənzimlənməsi” və SAP PS - “Layihələrinin idarə olunması modulu” üzrə kurslar da təşkil edilir. Təlim Mərkəzində, həmçinin BMT İnkişaf Proqramı və SOCAR-ın birgə layihəsi əsasında həyata keçirilən “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planları” (NAMA) layihəsi çərçivəsində quraşdırılmış Eko-sürücü simulyatoru vasitəsilə kurslar da tədris edilir.
KHTM-də 400-dən çox ixtisas üzrə müxtəlif kurslar 6 ay və ya 1 il müddətində tədris olunur. Mərkəzə şagird qəbulu prosesi üzrə SOCAR-ın İnsan Resursları Departamentinin (İRD) təşkil etdiyi müsabiqədə iştirak etmək istəyənlər www.socar.az veb-səhifəsinin “Karyera” bölməsinin “Təlim mərkəzinə sənəd qəbulu” alt-bölməsinə elektron ərizə ilə müraciət etməlidirlər. “SOCAR-ın təlim mərkəzlərinə şagird qəbulu Qaydaları”nda göstərilən şərtlərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə - müsahibələr/sənədlərin yoxlanılması mərhələsinə buraxılırlar. Müsahibələrdə uğur qazanan şəxslər isə üçüncü mərhələdə - test imtahanında iştirak etmək hüququ əldə edirlər. Test imtahanında iştirak edən namizədlərin ən yüksək bal toplayanları KHTM-də təhsil almaq hüququna malik olurlar.
KHTM-nə şagird qəbulu üçün müsabiqədə iştirak etmək istəyənlər aşağıdakı şərtlərə cavab verməlidirlər:
- Azərbaycan Respublikasının vətəndaşı olmalı;
- Müsabiqənin keçirildiyi tarixədək 29 yaşı tamam olmamalı;
- Orta ixtisas təhsili, ilk peşə-ixtisas təhsili və ya ən azı, tam orta təhsili olmalı (hazırda təhsilini davam etdirən və ali təhsili olan gənclər müraciət edə bilməzlər);
- Hərbi bileti olmalı (“Atıcı” peşəsi üzrə müraciət edənlər həqiqi hərbi xidmət keçmiş olmalı, digər peşələr üzrə həqiqi hərbi xidmət keçməsindən asılı olmayaraq).
Müsahibəyə gələrkən aşağıda qeyd olunan sənədlər təqdim olunmalıdır:
- Şəxsiyyət vəsiqəsi (əsli);
- Diplom və ya attestat (əsli);
- Hərbi biletin əsli (oğlanlar üçün);
- Sağlamlıq haqqında arayış (forma 86);
- Rentgen (flüoqrafiya, flüoqrafiyanın şəklini gətirmək mütləqdir);
- Məcburi köçkün vəsiqəsi (Sumqayıt şəhəri və Abşeron rayonunda məskunlaşanlar üçün);
- BC kateqoriyası üzrə sürücülük vəsiqəsi (Yükləyicinin sürücüsü peşəsinə müraciət edənlər).
Əlaqə məlumatları:
SOCAR-ın İRD-nin Təlim və inkişaf şöbəsi
Ünvan: Bakı ş., Heydər Əliyev prospekti, 121
E-poçt: tis@socar.az
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi
Ünvan: Bakı ş., Nizami r., A.Manafov küç., 1
Telefon: (012) 521 00 00 (daxili: 48098)
E-poçt: cabir.a.haciyev@socar.az