Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə Təlim Mərkəzinin (DİHMTM) əsas funksiyası Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin, Beynəlxalq Dəniz Təşkilatının (IMO) və Beynəlxalq Dəniz Podratçıları Assosiasiyasının (IMCA) tələblərinə uyğun olaraq dənizdə çalışan işçilər, o cümlədən dalğıclar üçün ixtisasartırma, təkmilləşdirmə və təlimatlandırma xarakterli müxtəlif kursların (50 adda) tədrisindən ibarətdir.
DİHMTM Böyük Britaniyanın Dənizdə neft-qaz hasilatı üzrə mütəxəssis hazırlığı təşkilatı (OPITO) tərəfindən Dənizdə təhlükəsizlik texnikasının əsasları və fövqəladə hallar şəraitində hazırlıq üzrə təlim (BOSIET), Batmaqda olan helikopteri tərketmə üzrə təlim (HUET) və Dənizdə fövqəladə hallarda davranış üzrə təkrar təlim (FOET) kurslarının tədrisi ilə əlaqədar akkreditə edilib. Bu akkreditasiya SOCAR-ın dəniz neft-qaz platformalarında və qurğularında çalışan mühəndis-texniki heyətin və kənar təşkilatların mütəxəssislərinin sağlamlıq, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, habelə fövqəladə hallarda, qəzaya yaxın vəziyyətlərdə və risklərə nəzarət sahələrində təlim ehtiyaclarının təmin olunmasına imkan verir.
Mərkəzdə praktiki təlimlər uzunluğu 50 metr, eni 21 metr olan, müasir simulyatorlarla təchiz edilmiş, ixtisaslaşmış Hovuz Təlim Kompleksində, dənizdə yerləşən və müxtəlif tipli kollektiv xilasetmə vasitələrlə (sürətli və sürətli olmayan xilasedici qayıqlarla) təchiz olunmuş sağqalma üzrə xilasedici təlim bloklarında və müvafiq yanğın qurğuları, tüstü labirintləri və yanğınla mübarizə trenajorları ilə təchiz edilmiş yanğın təlim poliqonunda, o cümlədən dalğıc stansiyasında və barokamerada keçirilir.
İxtisasartırma, yenidənhazırlanma, ikinci peşəyə yiyələnmə və maarifləndirmə sahəsində keçirilən kurslarda iştirak etmək üçün TTSİ-nin təlim mərkəzinə və ya müvafiq şöbəsinə müraciət edilməsi tövsiyə olunur.
Əlaqə məlumatları:
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi
Ünvan: Bakı ş., Nizami r., A.Manafov küç., 1
Telefon: (012) 521 00 00 (daxili: 48201, 48098)