“Caspian Pipe Coatings” MMC boru kəmərlərinin korroziyaya qarşı izolyasiyası və betonla örtüklənməsi işlərini həyata keçirmək məqsədilə 2002-ci ildə Bakıda yaradılıb. Əsas sifarişçiləri SOCAR və "Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti" (ABƏŞ) olan müəssisə ötən illər ərzində 2842 km uzunluğunda 6-48″ diametrli boruların korroziyaya qarşı izolyasiyası və betonla örtüklənməsini, eləcə də gəmilərə yüklənməsini və təyinatı üzrə göndərilməsini həyata keçirib. Belə ki, “Caspian Pipe Coatings” MMC 2002-ci ildən etibarən “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz-1”, “Şahdəniz-2”, “Azəri Mərkəzi-Şərqi”, “Ümid”, “Abşeron”, “Neft Daşları-Bahar”, “Bahar-Hövsan”, “Çıraq Neft Layihəsi”, “Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi”, “Təbii qazın qaldırılması”, eləcə də Qazaxıstanda həyata keçirilən “Kaşaqan” və Türkmənistanda “Jdanov” layihələri çərçivəsində işlər icra edib. Hazırda müəssisə “BOS-Şelf” və “Saipem” şirkətlərinin sifarişi ilə “Örtükləmə sexinin çoxqatlı polipropilen texnologiyası ilə təkmilləşdirilməsi” layihəsi və “Ümid Babək Əməliyyat Şirkəti”nin sifarişi ilə müvafiq layihələr üzrə işləri qrafikə uyğun davam etdirir.