“BOS Şelf” MMC 2001-ci ildə dəniz neft və qaz yataqlarının işlənilməsi üçün dəniz platformalarının və dərin dəniz özüllərinin inşası və quraşdırılması məqsədilə təsis edilib. Elə həmin il Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) “BOS Şelf”lə Azərbaycan tarixində ən böyük neft-qaz layihəsi olan “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının tammiqyaslı işlənilməsi çərçivəsində dərin dəniz özüllərinin, o cümlədən “Çıraq” Neft Layihəsi üçün dayaq blokunun hazırlanması barədə müqavilə imzalayıb. Bu layihələr 2005-2012-ci illər ərzində beynəlxalq standartlara uyğun olaraq uğurla həyata keçirilib. 2012-ci ildə “BOS Şelf” Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun (BDÖZ) başlıca operatoruna çevrilərək, zavodun geniş modernizasiyası işlərini reallaşdırıb. Müəssisənin istehsalat qabiliyyəti artırılıb.
2013-cü ildə dəniz qaz yataqlarının mənimsənilməsi üzrə dünyada ən mürəkkəb layihələrdən biri olan “Şahdəniz”in 2-ci mərhələsi üçün dərin dəniz özüllərinin quraşdırılması barədə "bp" şirkəti ilə müqavilə imzalayan "BOS Şelf", layihənin texniki mürəkkəbliyinə baxmayaraq, qrafiki qabaqlayaraq işlərin əsas həcmini 2017-ci ilin mart ayında tamamlamağa nail olub.
2020-ci ilin avqust ayında “BOS Şelf” tərəfindən SOCAR tarixində həm qabarit ölçülərinə, həm də çəkisinə görə ən böyük sualtı konstruksiyanın inşası başa çatdırılıb. Dayaq blokunun ümumi çəkisi 16 min ton, diafraqmalar üzrə hündürlüyü 187 metrdir. Həmin ilin avqustun 10-da Heydər Əliyev adına BDÖZ-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə "Qarabağ" dayaq blokunun dənizə yola salınması prosesinə start verilib. "BOS Şelf" şirkəti tərəfindən neft-qaz kəşfiyyatı və hasilatı üçün inşa olunmuş dayaq bloku "Qarabağ" yatağında quraşdırılacaq stasionar dəniz özülünün üst hissəsini və göyərtə meydançasını saxlamaq məqsədilə şəbəkə tipli metal konstruksiya şəklində hazırlanıb.
Təchizat bazası
2015-ci ildə "bp" şirkətinin regionda ən böyük təchizat bazasının idarəçilik səlahiyyətini əldə edən “BOS Şelf” Azərbaycan ərazisində bu şirkətin bütün yüklərinin daşınması və saxlanılması kimi strateji bir vəzifəni öz üzərinə götürüb və fəaliyyət dairəsini genişləndirib. Müqavilənin imzalanması ilə “BOS Şelf” ölkənin energetika sektorunda mövqeyini gücləndirib və bir neçə vacib funksiyanı eyni zamanda əlində cəmləşdirən azsaylı şirkətlərdən birinə çevrilib. Bazanın saxlama yerləri Azərbaycan və Böyük Britaniya standartlarının tələblərinə uyğun olaraq inşa edilib və istismar olunmaqdadır. Buraya xırda ölçülü ehtiyat hissələrin və tez xarab olan malların saxlanılması üçün avtomatlaşdırılmış və idarə olunan iqlimə malik saxlama yerləri də daxildir. Bazanın ərazisində, həmçinin təhlükəli materialların saxlanılması üçün zona da mövcuddur. Materialların anbardan buraxılması üçün tələb olunan ümumi vaxt minimuma endirilib ki, bu da, anbarlama prosesinin ahəngdar təşkili sayəsində saxlanılan materialların əksəriyyətinin gecikdirilmədən yola salınmasına imkan yaradır.
2019-cu ildə "bp"-nin Gürcüstandakı Təzhizat bazasının idarəedilməsi ilə bağlı müqavilənin imzalanması və Logistika üzrə idarəetmə fəaliyyətlərinin genişlənməsi ilə “BOS Şelf” Gürcüstan bazarında da fəaliyyətə başlayıb.
Digər layihələr
2006-2012-ci illərdə “BOS Şelf”, həmçinin “İstiqlal”, “Dədə Qorqud”, “Heydər Əliyev” qazma qurğularının, Qazaxıstandan təhvil alınan TRB, ERSAİ II və ERSAI IV barjalarının modernizasiyasını uğurla həyata keçirib.
2020-ci ilin sentyabrın 19-da da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BDÖZ-da “Abşeron” yatağında quraşdırılacaq 4 əsas dayaq bloku və digər sualtı qurğuların dəniz işlərinin təməlqoyma mərasimində iştirak edib. Bununla bağlı işlər də “BOS Şelf” şirkətinə həvalə olunub. “Abşeron” layihəsi üzərində iş zamanı “BOS Şelf”, Azərbaycanda ilk dəfə bütün mühəndislik, təchizat, tikinti, quraşdırma (EPCI) işlərini həyata keçirərək layihənin tam təminatla təhvil verilməsi (turn-key project) üsulunu tətbiq edib.
“Abşeron” layihəsi çərçivəsinndə Xəzərdə ilk dəfə “boru içində boru” (pipe in pipe) texnologiyası tətbiq ediləcək və bunun üçün məxsusi çoxqat izolyasiyalı borulardan istifadə olunacaq. Boru xəttinin quraşdırma işləri “BOS Şelf”in iştirakı ilə konsorsium tərəfindən “İsrafil Hüseynov” borudüzən gəmisi vasitəsilə həyata keçiriləcək. Tikinti işlərinin həcminə ümumi çəkisi 10.000 tona yaxın olan 4 əsas və 6 köməkçi dayaq blokunun, körpülərin, estakadaların, məşəl sisteminin, sualtı qurğuların, boru xəttinin, modulların inşası və quraşdırılması daxildir. Lahiyə çərçivəsində “Qurban Abasov” gəmisinin modernizasiyası həyata keçiriləcək, “Azərbaycan” kran gəmisi isə yükqaldırma qabiliyyətinin artırılması məqsədilə yenidən sertifikatlaşdırılacaq.
Fəaliyyət dövrü ərzində “BOS Şelf” Azərbaycanın neft-qaz sektorunun tikinti sahəsində ən uğurlu şirkətlərindən birinə çevrilib.