Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

"Bakı Gəmiqayırma Zavodu" MMC


Böyük gəmiçilik ənənələrinə və müxtəlif təyinatlı gəmilərdən ibarət donanmaya malik olan Azərbaycanın bu sahədə Xəzər dənizindəki lider mövqeyinin qorunması, yaranmış gərgin rəqabət şəraitində mövcud gəmi parkının yenilənməsi və müasirləşdirilməsi məqsədilə 2010-cu ildə Bakı Gəmiqayırma Zavodunun təməli qoyulub. 2011-ci il mayın 10-da “Bakı Gəmiqayırma Zavodu” MMC birgə müəssisəsi təsis olunub. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə rəsmi açılışı baş tutan zavoda 2015-ci ildə Qaradağ Sənaye Parkının rezidenti statusu verilib.

Gəmiqayırma zavodunun tikintisi tarixi hadisədir. Çünki Azərbaycanda heç vaxt gəmiqayırma zavodu olmamışdır. Sovet dövründə bir neçə gəmi təmiri zavodu olmuşdur. Biz gəmilərin alınması ilə əlaqədar bütün işləri xarici tərəfdaşlarla həll edirdik. Təsəvvür etmək çətin deyildir ki, bu məqsədlər üçün nə qədər böyük vəsait ayrılmışdır. Bundan sonra isə artıq Azərbaycanda işləyəcək bizə lazım olan bütün növ gəmiləri ölkəmizdə istehsal edəcəyik

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Bakı Gəmiqayırma zavodu ən müasir tələblərə cavab verən ən müxtəlif təyinatlı gəmilərint ikintisi, təmiri və ümumilikdə, dəniz və ofşor mühəndislik işlərinin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir. İstehsal gücü ildə 25 min ton metal konstruksiya olan və bu imkanlarına görə Xəzər dənizi hövzəsində analoqu olmayan müəssisədə ildə 15 min ton yükgötürmə qabiliyyətinə malik 4 və ya 70 min ton yükgötürmə qabiliyyətinə malik 2 tanker və 4 özül təchizat gəmisi inşa etmək, müxtəlif təyinatlı 80-100 gəmini təmir etmək mümkündür. İstehsal prosesində metalkəsmə, profiləymə, lövhəəymə, 3D borukəsmə rəqəmsal avadanlığı kimi müasir texnoloji vasitələrdən istifadə olunur. Zavod Finlandiya, Niderland, Almaniya, Çex Respublikası, Böyük Britaniya, Koreya Respublikası və Sinqapurda yüksək standartlar səviyyəsində istehsal olunan avadanlıqla təchiz edilib.

72 hektar əraziyə malik zavodda bugünədək “Azərbaycan” bərə gəmisi, “Kəlbəcər” və “Laçın” adlı 2 neft tankeri, 50 tonluq dartıcı qüvvəyə malik “SOCAR-1” yedək gəmisi, Heydər Əliyev adına altıncı nəsil yarımdalma qazma qurğusunun pantonları və üst göyərtələri, hər biri 80 sərnişin tutumuna malik “Üfüq”, “Zəfər”, “Turan” adlı 3 sərnişin gəmisi və “Xankəndi” Sualtı Tikinti Gəmisi inşa olunub.

“Xankəndi” sualtı gəmisi

“Azərbaycan” bərə-gəmisinin uzunluğu 154.50, eni 17.70, bortunun hündürlüyü isə 7.5 metrdir. Gəmi 30 nəfərlik heyətlə saatda 14 knot sürətlə hərəkət edə bilir. Qısa beynəlxalq səfərlər üçün nəzərdə tutulan gəmi 100 nəfər sərnişin tutumuna malik olmaqla yanaşı, T-1 ölçülü dəmiryolu vaqonları (56 ədəd vaqon-çən, 46 ədəd yarımvaqon, 44 ədəd yük vaqonu), avtomobillər və yük maşınlarını (50 ədəd yarımqoşqulu yük avtomobili) daşımağa qadirdir. Gəmi 2600 kVt gücə malik 2 əsas mühərrik, 188 ton yük qaldırma qabiliyyətli yük lifti, helikopter meydançası, yan rampa, stabilizator sistemi, 2 ədəd dartıcı lokomotivlə təchiz olunub.

“Azərbaycan” bərə-gəmisi

“Kəlbəcər” neft tankerinin uzunluğu 141, eni 16.9, bortunun hündürlüyü isə 6 metrdir. 15 nəfərlik heyətlə idarə olunur və saatda 10 knot sürətlə hərəkət edə bilir. Tanker xam neft və neft məhsullarının daşınması üçün nəzərdə tutulmuş ümumi tutumu 9.212 m³ olan 6 yük çəninə malikdir. Dedveyti dənizdə 7.875 ton, çayda 5.447 ton olan gəmi hər biri 1.200 kW gücə malik iki ədəd “Wartsila” istehsalı mühərriklə təchiz edilib. Yeni nəsil “Kəlbəcər” tankerinin xarici sularda istismarı nəzərdə tutulur.

“Kəlbəcər” neft tankerinin suya salınma mərasimi:

“Laçın” neft tankerinin uzunluğu 141, eni 16.9 metr, bortunun hündürlüyü 6 metrdir. Dedveyti dənizdə 7.875 ton, çayda 5.447 ton olan tanker hər biri 1.200 kW gücə malik “Wartsila” istehsalı olan 2 mühərriklə təchiz edilib. 11 nəfərlik heyətlə idarə olunur və saatda 10 uzel sürətlə hərəkət edə bilir. “Laçın” tankeri xam neft və neft məhsulları daşınması üçün ümumi tutumu 9.190 m³ olan 6 yük tankına malikdir. Tanker, həm Xəzərdə neft və neft məhsullarının daşınmasını, həm də Volqa-Don və Volqa-Baltik kanalları ilə Xəzərdən kənar hövzələrə maye yüklərin daşınmasını təmin edir. Britaniya Kral Dəniz Mühəndisləri Cəmiyyətinin (Royal Institution of Naval Architects, RINA) siyahısına görə, “Laçın” tankeri 2019-cu ildə inşa edilən dünyanın ən yaxşı 50 mülki gəmisindən biri olub.

“Laçın” neft tankeri

Bakı Gəmiqayırma zavodu xarici ölkələrdən alınan sifarişləri də uğurla yerinə yetirir. Zavod, Qazaxıstanın “Blue Water” şirkətinin 3 gəminin əsas gövdə və qanad çənlərinin quraşdırılmasına dair ümumi dəyəri 4 milyon ABŞ dolları həcmində olan sifarişini 2018-ci ildə uğurla tamamlayıb və təhvil verib. Həmçinin 2022-ci ildə Türkmənistanın “Nurly Tolkun” şirkətinə məxsus “NT Flagman” üçayaqlı üzən qurğunun (Lift Boat) gövdə bloklarının və ayaqlarının birləşdirilməsi, eləcə də hərəkətverici sistemləri və yükqaldırma kranlarının əsaslı təmir olunması işləri müvəffəqiyyətlə tamamlanaraq sifarişçiyə təhvil verilib.

Zavod müxtəlif təyinatlı gəmilərin və platformaların yenilənməsi və təmiri işlərini də davam etdirir. İndiyədək zavodda 170 suüstü və tərsanə təmiri layihəsi tamamlanıb. Zavod Təhlükəsizlik və Keyfiyyətə nəzarət standartlarına dair beynəlxalq sertifikarlara layiq görülüb.