Bakı Fransız Liseyi
Bakı Fransız Liseyi Təhsil Kompleksi (BFL) (Lycée Français de Bakou - LFB), “Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında Bakı Fransız Liseyinin yaradılması və fəaliyyəti haqqında” Saziş və Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi (SOCAR-ın həmtəsisçiliyi ilə yaradılmış QHT) ilə Fransız Dünyəvi Missiyası (MLF) arasında bağlanan “Təhsilin inkişafı naminə ittifaq və əməkdaşlıq sazişi” əsasında 2013-2014-cü tədris ilindən fəaliyyətə başlayıb. BFL-in təsis olunması haqqında Memorandum Heydər Əliyev Fondu, Fransanın Azərbaycandakı səfirliyi və SOCAR arasında 2011-ci ildə imzalanıb. Liseyin binasının təməli həmin ilin 7 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bakıda səfərdə olan Fransanın sabiq prezidenti Nikola Sarkozi tərəfindən qoyulub. Binanın inşası dövründə Fransanın sabiq prezidenti Fransua Olland da liseyi ziyarət edib. 2014-cü il sentyabrın 12-də BFL-in açılış mərasimində dövlət başçımız İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.
Liseyin tədris planı uşaq bağçasından başlayaraq 12 illik ümumi təhsil müəssisəsində tətbiq edilən klassik fransız tədris planı əsasında qurulub. Tədris proqramı Fransa milli təhsil sisteminin tələblərinə uyğun olaraq fransız dilində aparılır. BFL-də hazırda 16 müxtəlif millətdən şagirdlər təhsil alır. Pedoqoji kadrlar 2013-cü ildə Liseyin təsisçisi ilə MLF arasında imzalanmış saziş əsasında MLF tərəfindən təqdim edilmiş namizədlər arasından seçilir. Liseyin pedaqoji heyəti 34 nəfərdən, o cümlədən, Fransa Milli Təhsil və Gənclər Nazirliyinin müvafiq sertifikatlarına malik 14 xarici vətəndaşdan ibarətdir. AEFE (Fransız dilinin Xaricdə Tədrisi Agentliyi) ilə BFL arasında sıx əməkdaşlıq qurulub. Tədris ili ərzində bu agentlikdən, eləcə də MLF-dən müffətişlər liseyi ziyarət edirlər. BFL Fransa Milli Təhsil və Gənclər Nazirliyi tərəfindən tədrisin fransız təhsil standartlarına uyğunluğunu təsdiq edən serifikasiyadan keçib.
Azərbaycan vətəndaşlarının övladları üçün Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununa əsasən, əlavə olaraq Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi və coğrafiyası fənləri tədris edilir. Hökumətlərarası Sazişə əsasən, Liseyin məzunlarına verilən attestat Azərbaycan və Fransa hökumətləri tərəfindən tanınır. Uşaqlara ikinci dil olaraq ingilis dili tədris olunur. Yeddinci sinifdən isə onlara rus dili və digər xarici dilləri seçimək imkanı verilir. BFL-in məzunları bu gün Fransa, İngiltərə, İsveçrə, Kanada və Yaponiyanın müxtəlif universitetlərində ali təhsil alırlar.
BFL 2019-cu ildə Fransa Milli Təhsil və Gənclər Nazirliyində müsbət rəy alaraq DNB (Diplôme National du Brevet / Milli Şəhadətnamə Diplomu - dörd illik təhsil müddətində kollecdə ümumi bilik və bacarıqların əldə edildiyini təsdiqləyən əsas sənəd) imtahanlarının keçirilməsi üçün imtahan mərkəzi statusu qazanıb.
Hökumətlərarası sazişə müvafiq olaraq, Liseyin ali idarəetmə orqanı İdarəetmə Komitəsidir. İdarəetmə Komitəsi Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Fransa Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi və SOCAR-ın hər birindən bir nümayəndə olmaqla dörd nəfərdən ibarətdir.
Bakı Fransız Liseyi haqqında tanıtım videoçarxı: