News Archive

           
                           
                               SOCAR Avstriyanın “Poerner” şirkəti ilə müqavilə imzalamışdır
<br><br>Gallery                            
                           
                               
                               
                                   22 October 2015                                                                    

SOCAR Avstriyanın “Poerner” şirkəti ilə müqavilə imzalamışdır

                               
                               

Oktyabrın 22-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin baş ofisində SOCAR və Avstriyanın “Poerner” şirkəti arasında Bitum qurğusu üzrə müqavilələrin imzalanma mərasimi keçirilmişdir. Mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri, “Poerner” şirkətinin baş direktoru Andreas Poerner, satış üzrə direktoru Wolfgang Heger iştirak etmişlər. Tədbirdə SOCAR prezidenti Rövnəq Abdullayev çıxış edərək bildirmişdir ki, Heydər Əliyev adına NEZ-in rekonstruksiya və modernizasiyası ilə bağlı işlər çərçivəsində qısa müddət ərzində zavodun illik emal gücünün artırılması və zavodda Avro 5 standartlarına cavab verən daha yüksək keyfiyyətli neft emalı məhsullarının istehsalı nəzərdə tutulur. Bu məqsədlə zavodun ilkin emal, katalitik krekinq və katalitik reforminq qurğularının və ümumi-zavod təsərrüfatının rekonstruksiya edilməsi və bir neçə yeni qurğunun inşası planlaşdırılır. Rekonstruksiya tədbirləri çərçivəsində zavodda ilkin olaraq 2018-ci ilin ortalarında yeni bitum istehsalı qurğusu istismara veriləcək. Bu tədbir keçmiş “Azərneftyağ” NEZ-in mövcud infrasturkturunun tamamilə istismardan çıxarılmasına, H.Əliyev adına NEZ-in istismar xərclərinin optimallaşdırılmasına imkan verəcək, yüksək keyfiyyətli bitum istehsalına və Bakı şəhərində ekoloji durumun yaxşılaşdırılmasına kömək edəcəkdir. “Poerner” şirkətinin baş direktoru Andreas Poerner SOCAR ilə əməkdaşlıq əlaqələrinin inkişafı üçün növbəti imkanın yaranmasından məmnun olduqlarını bildirmiş, yeni bitum qurğusunun inşası məqsədilə bu sahədə qabaqcıl təcrübəyə malik “Poerner” şirkətinin seçilməsindən qürur duyduqlarını qeyd etmişdir. Sonra SOCAR və “Poerner” şirkətləri arasında bitum qurğusu üzrə müqavilə imzalanmışdır. Sənədi SOCAR tərəfdən H. Əliyev adına NEZ-in direktoru Elman İsmayılov, qarşı tərəfdən “Poerner” şirkətinin baş direktoru Andreas Poerner imzalamışlar.