Xəbərlər arxivi

           
                           
                               Prezident İlham Əliyev Qarabağ dayaq blokunun dənizə yola salınmasına start verdiGallery                            
                           
                               
                               
                                   10 Avqust 2020                                                                    

Prezident İlham Əliyev Qarabağ dayaq blokunun dənizə yola salınmasına start verdi

                               
                               

Avqustun 10-da Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə SOCAR-ın BOS Şelf şirkəti tərəfindən tikilmiş neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulan Qarabağ dayaq blokunun dənizə yola salınmasına start verildi. Dayaq bloku Qarabağ yatağında quraşdırılacaq stasionar dəniz özülünün üst hissəsini və göyərtə meydançasını saxlamaq məqsədi ilə şəbəkə tipli metal konstruksiya şəklində hazırlanıb. Əvvəlcə dövlətimizin başçısına Qarabağ dayaq blokunun tikintisindən bəhs edən film nümayiş olundu. Azərbaycan Respublikasının Prezidentinə məlumat verildi ki, Qarabağ layihəsi üzrə hazırlanmış dayaq bloku, SOCAR tarixində həm qabarit ölçülərinə, həm də çəkisinə görə hazırlanmış ən böyük sualtı konstruksiyadır. Dayaq blokunun tikintisində çalışanların 95 faizi yerli mütəxəssislərdir. Tikinti zamanı əməyin təhlükəsizliyi qaydalarına tam əməl olunub, heç bir bədbəxt hadisə baş verməyib. Blokun tikintisi iki il müddətinə başa çatıb. Blokun hazırlanmasına 3.200.000 adam/saat sərf olunub. “STB-1” daşıma barjına sürüşdürmə üsulu ilə yüklənəcək konstruksiyanın ümumi çəkisi 16 min tondur. Qeyd olunmuşdur ki, dənizin 182 metr dərinliyində quraşdırılacaq dayaq blokunun diafraqmalar üzrə hündürlüyü 187 metrdir. Dayaq bloku 10 ədəd əsas, 10 ədəd köməkçi ayaqlara malikdir. Dayaq Blokunda perimeter üzrə gediş yolları quraşdırılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dayaq Blokunda görülmüş işlərlə tanış olmuş, Dayaq Blokunun Qarabağ yatağının dərin qatlarında neft və qaz hasilatının həyata keçirilməsində böyük rol oynayacağına əminliyini ifadə etmişdir. Sonra Azərbaycan Respublikasının Prezidenti Dayaq Blokunun “STB-1” daşıma barjına yüklənməsini bildirən düyməni işə salmışdır.



Redaktorlar üçün qeyd:

“Qarabağ” yatağı Xəzər Dənizində, Cənub Xəzər Hövzəsində, Abşeron arxipelaqının şimal hissəsində Bakı şəhərindən 110-130 km məsafədə, Neft Daşları və Günəşli Yataqlarından isə 20-25 km aralıda yerləşir. “Qarabağ” yatağının strukturu 1978-1984-cü illərdə aparılan seysmik kəşfiyyat işlərinin nəticəsində müəyyən olunaraq, 1984-cü ildə strukturlar fonduna daxil edilmişdir. Yataqda 1997-98-ci illərdə Xəzər Beynəlxalq Neft Şirkəti (CİPCO) konsorsiumu tərəfindən qazma işləri aparılmışdır. 2020-ci ildə SOCAR və Equinor şirkətinin birgə qazma əməliyyatı vasitəsi ilə məhz neft yatağı kimi kəşf edilmişdir. Qarabağ yatağı 60 milyon ton neft ehtiyatına malikdir.

Qeyd edək ki, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu (BDÖZ) 20-ci əsrin 80-ci illərindən başlayaraq Azərbaycanın neft-qaz sektorunun inkişafında mühüm əhəmiyyətli rol oynamaqdadır. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin şəxsi təşəbbüsü və təkidi ilə SSRİ Nazirlər Soveti dənizin dərin hissəsində dayaq bloklarının istehsalı üzrə zavodun tikintisi barədə qərar qəbul etdi. 1978-ci ildə Bakı Dərin Özüllər Zavodunun tikintisinə başlanıldı.

1984-cü ildə tikilib istifadəyə verilmiş və ildə 60.000 ton metal-konstruksiya istehsal etmək qabiliyyətinə malik olan zavod Azərbaycanın enerji sektorunun gələcəyinə qoyulmuş nəhəng bir sərmayəyə çevrildi. Zavod işə salınandan sonra Azərbaycan SSR dənizin 200 m dərinliyində yerləşən yataqlardan neft çıxarılması üçün zəruri olan konstruksiyaların istehsalı üzrə unikal imkanlara sahib oldu. Zavodun mövcudluğu əfsanəvi “Əsrin Müqaviləsi”nin bağlanılması üçün təməl yaratdı və bu da Azərbaycanın iqtisadi inkişafını bir çox illər öncədən müəyyənləşdirdi. “Əsrin Müqaviləsini” imzalamazdan əvvəl zavod artıq dənizin 100 metrdən başlamış 163 metrədək dərinliyində neft və qaz çıxarmaq üçün 11 stasionar dəniz platforması quraşdırmışdı. 1995-ci ildən başlayaraq BDÖZ beynəlxalq enerji bazarının nəhənglərindən olan Petrofac, McDermott, Caspian Shipyard Company LTD, Star Gulf FZCO və British Petroleum (BP) şirkətləri ilə əməkdaşlağa başlayaraq iş keyfiyyətini yeni səviyyəyə qaldırdı.

BDÖZ-ün güclü istehsalat qabiliyyəti BOS Şelf şirkətinin gələcək uğurlarının əsas elementinə çevrildi. Zavodun infrastrukturundan istifadə etməklə BOS Şelf iri layihələrin həyata keçirilməsinə başladı. BDÖZ-ün operatoruna çevrildikdən sonra BOS Şelf zavodda yenidənqurma işlərinə start verdi. SOCAR-ın BOS Şelf şirkətinin idarəetməsi altında zavod tədricən təkcə Azərbaycanın deyil, həm də bütün Xəzər hövzəsi ölkələrinin ən iri tikinit-quraşdırma müəssisəsinə çevrilməkdədir.