Xəbərlər arxivi

           
                           
                                SOCAR Türkiyədə STAR zavodunun anbar tutumunu artırırGallery                            
                           
                               
                               
                                   25 Sentyabr 2019                                                                    

SOCAR Türkiyədə STAR zavodunun anbar tutumunu artırır

                               
                               

ÜMUMİ TUTUM 2,5 MİLYON KUBMETRƏ ÇATDIRILACAQ

“SOCAR Türkiyə”nin Əliağadakı Xüsusi Sənaye Zonası statuslu ərazisində bir obyektin açılış, digərinin isə təməlqoyma mərasimi keçirildi. STAR neft emalı zavodunun xammal və hazır məhsul saxlama potensialını artıracaq obyektlərdən biri istifadəyə verildi, ikincisinin təməli qoyuldu.
“SOCAR Türkiyə”nin törəməsi olan və ildə 10 milyon ton xam neft emal gücünə malik STAR zavodunun saxlama tutumunun artırılması məqsədi ilə yeni investisiya layihələri həyata keçirilir. Bunlardan “SOCAR Depolama” terminalında çənlərin genişləndirilməsi layihəsi başa çatdırılaraq istifadəyə verilmiş, STAR neft emalı zavodunun xam neft və ara məhsul çənlərinin potensialını artıracaq layihəyə isə start verilmişdir. Bu münasibətlə keçirilmiş mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “SOCAR Türkiyə” İdarə Heyətinin sədri Vaqif Əliyev, “SOCAR Türkiyə”nin baş icraçı direktoru Zaur Qəhrəmanov, STAR neft emalı zavodunun və layihədə iştirak edən podratçı şirkətlərin rəhbərləri iştirak etmişlər. Yeni investisiyalar “SOCAR Türkiyə”nin və müştərilərinin istifadə edəcəyi anbarların tutumunu 2,5 milyon kubmetrə çatdırmağa imkan verəcək.

Mərasimdə çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev SOCAR-ın neft-qaz, emal və neft-kimya sektorlarında investisiyalarını davam etdirdiyini bildirdi: “Ötən ilin oktyabr ayında burada STAR neft emalı zavodunun açılış mərasimini keçirdik. Hələ bir il keçmədən yeni layihələrimiz üçün yenidən Əliağaya toplaşmışıq. Bu bizə qürur verir. Fəaliyətlərimizin mühüm bir hissəsini təşkil edən neft-kimya investisiyalarımız Azərbaycan iqtisadiyyatı üçün əlavə dəyər yaradaraq uzunmüddətli dayanıqlı gəlir mənbəyi təmin edir, eyni zamanda həm bölgəyə, həm də Türkiyəyə böyük mənfəət gətirir”. Son 10 il ərzində “Petkim”in ümumi gəlirləri 47,2 milyard lirə təşkil etmiş, xalis mənfəəti isə 4 milyard lirəni ötmüşdür. STAR neft emal zavodunda artıq 4 milyon ton xam neft emal olunmuşdur. Cari ilin sonuna qədər bu rəqəm 8 milyon tona çatacaq. SOCAR-ın prezidenti saxlama obyektlərinin tutumunun artırılmasının STAR zavodunun məhsuldarlığına, emal təhlükəsizliyinə və istehsal olunacaq məhsulların bazarda ən optimal kommersiya şərtləri ilə reallaşdırılmasına mühüm töhfə verəcəyini qeyd etdi. R. Abdullayev çıxışını belə tamamladı: “Azərbaycan və Türkiyə arasında əsrlərdir davam edən dostluq əlaqələri iki ölkənin prezidentlərinin iradəsi və böyük dəstəyi ilə iqtisadi baxımdan da böyük mərhələ qət edib. Gələcəkdə iki ölkənin birliyini daha da gücləndirmək naminə iqtisadi əlaqələrimizi daha da inkişaf etdirmək niyyətindəyik.”

TÜRKİYƏNİN 5 BÖYÜK SAXLAMA TERMİNALINDAN BİRİ

Təntənəli mərasim ilə açılışı keçirilən “SOCAR Depolama” terminalında çənlərin genişləndirilməsi layihəsi ümumilikdə 335 000 kubmetrlik tutuma malik 12 çəni əhatə edir. Yeni layihənin həyata keçirilməsi ilə hazırda Egey bölgəsinin ən böyük saxlama terminalı olan bu obyekt Türkiyənin 5 böyük terminalından birinə çevriləcək. Tikintisi 2017-ci ilin sentyabrında başlamış obyekt dizel, benzin, təyyarə yanacağı və reformat məhsullarının saxlanılması üçün nəzərdə tutulub.

Hazırda təməli qoyulan “STAR neft emalı zavodunun xam neft və ara məhsul çənləri” layihəsi isə emal zavodunun anbar tutumunu artırmaqla yanaşı əməliyyat çevikliyini də təmin edəcəkdir. Əlavə 342 000 kubmetr saxlama imkanı yaradan bu növbəti layihənin 2021-ci ilə tamamlanması nəzərdə tutulur.