Xəbərlər arxivi

           
                           
                               SOCAR və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi kiçik və orta sahibkarların dəstəklənməsi ilə bağlı anlaşma memorandumu imzaladılarGallery                            
                           
                               
                               
                                   8 Aprel 2019                                                                    

SOCAR və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi kiçik və orta sahibkarların dəstəklənməsi ilə bağlı anlaşma memorandumu imzaladılar

                               
                               

Aprelin 8-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirmişdir. SOCAR rəhbərliyi nümayəndələrinin iştirak etdiyi görüşdə kiçik və orta sahibkarlığın dayanıqlı inkişafına dəstək və idxalın əvəzlənməsi istiqamətində əməkdaşlıq imkanları müzakirə olunmuş, yerli istehsalın təşviqi üçün yeni rəqəmsal portalın yaradılması haqqında anlaşma memorandumu imzalanmışdır. Daha sonra KİV nümayəndələrinin sualları cavablandırılmışdır.

Memoranduma əsasən, SOCAR-ın il ərzində istifadə etdiyi və ölkə daxilində istehsal edilməsi mümkün olan mal-material tələbatı və texniki avadanlıqlara göstərilən xidmət növləri haqqında məlumatların yeni rəqəmsal portalda yerləşdirilməsi nəzərdə tutulur. Əvvəllər açıq tenderlərdə elan olunan və əsasən böyük təchizatçıların imkanlarına uyğun gələn bir sıra satınalma elanları artıq yeni portalda kiçik və orta sahibkarlar üçün münasib şərtlər əsasında təqdim olunacaq. Portal İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən idarə edilcək.

Portalda SOCAR-ın istehsalat məqsədləri üçün mütəmadi istifadə etdiyi mal-material və xidmətlərin siyahısının yerləşdirilməsi və daha əvvəl xaricdən əldə edilən həmin mal və xidmətlərin son satınalma şərtlərinin göstərilməsi də planlaşdırılır. Həmin şərtlərə uyğun təklif verən kiçik və orta sahibkarlar ilə birbaşa və uzunmüddətli əməkdaşlıq sazişlərinin bağlanması nəzərdə tutulur. Portalda eyni zamanda nisbətən sadə texnologiyalar əsasında istehsal olunan mal-material, ehtiyat hissələri, alətlər və texniki xidmətlər haqqında məlumatlarla birlikdə istehsalçının müvafiq lisenziyası ilə istehsal edilmiş mürəkkəb texnoloji avadanlıqların ehtiyat hissələri və həmin avadanlıqlara istehsalçının lisenziyası əsasında xidmətlərin göstərilməsinə dair elanlar da yerləşdiriləcək. Verilən təkliflər SOCAR-ın texniki tələblərinə, korporativ standarların şərtlərinə, müvafiq lisenziya, icazə və spesifikasiyalara uyğun olmalıdır.

SOCAR-ın təchizat ehtiyaclarına dair əsas məlumatların vahid rəqəmsal məkanda təqdim edilməsi, yerli sahibkarlara mövcud təchizat imkanları haqqında məlumatların qabaqcadan və şəffaf tərzdə çatdırılması ölkədə yeni istehsalat sahələrinin formalaşmasına stimul verəcək, kiçik və orta biznesin dayanıqlı inkişafına zəmin yaradacaq. SOCAR-ın korportativ standart şərtlərinin və beynəlxalq keyfiyyət tələblərinin əsas meyarlar kimi tətbiq olunması yerli istehsalçıları öz məhsul və xidmətlərinin keyfiyyətini yüksəltməyə təşviq edəcək. Beləliklə, ilkin mərhələdə idxalatın əvəzlənməsini və valyuta ehtiyatlarının ölkə daxilində qalmasını nəzərdə tutan bu layihə gələcəkdə həm də yerli istehsalçıların ümumi rəqabət qabiliyyətinin yüksəlməsinə və onların ixrac potensialının artmasına müsbət təsir göstərəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin strateji xəttini öz fəaliyətində daim rəhbər tutan SOCAR son 10 il ərzində əməliyyat effektivliyinin artırılması istiqamətində genişmiqyaslı daxili islahatlar keçirmiş, o cümlədən satınalma əməliyyatlarının idarə olunması üçün mərkəzləşdirilmiş Satınalmalar komitəsi və vahid korporativ standart yaratmışdır. Yerli sahibkarlığın dayanıqlı inkişafına dəstək SOCAR-ın fəaliyyətində, müxtəlif sahələrdə həyata keçirdiyi korporativ sosial məsuliyyət layihələrində mühüm yer tutur. Şirkət 2016-cı ildə Ailə Biznesinə Asan Dəstək (ABAD) layihəsinə qoşularaq, Azərbaycanın regionlarında kiçik sahibkarların dayanıqlı inkişafına dəstək vermişdir. Həmçinin Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə SOCAR ölkənin regionlarında 15 min əlavə sosial yönümlü iş yeri həcmini yaratmışdır. SOCAR “ASAN xidmət” ilə əməkdaşlığını genişləndirərək, əhaliyə göstərilən bütün əsas xidmət növlərini “ASAN xidmət” mərkəzləri vasitəsi ilə həyata keçirir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə ortaq şəkildə yeni rəqəmsal portalın yaradılması SOCAR-ın satınalma sahəsində olan beynəlxalq təcrübəsini yerli istehsalçıların qabiliyyətlərinin artırılmasına yönəldəcək, ölkəmizdə bu sektorun dayanıqlı inkişafına töhfə verəcəkdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə 2016-cı il 20 aprel tarixində yaradılmış İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əsas fəaliyyət məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqdır. Iqtisadi Islahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən Azərbaycanda ixracın stimullaşdırılması və dəstəklənməsi, kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılması istiqamətində çoxşaxəli layihələr həyata keçirilir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanları əsasında yaradılmış “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi, Azexport və Rəqəmsal Ticarət Qovşağı, EntepriseAzerbaijan.com portalı yuxarıda sadalanan islahat tədbirlərinə bariz nümunədir. Sözügedən layihələrin həyata keçirilməsi ilə ölkəmizdə sahibkarlıq mühiti inkişaf etmiş, ixrac əməliyyatları sürətlənmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahat tədbirləri Azərbaycanın Doing Business hesabatında mövqeyinə təsir göstərmiş, ölkə reytinqinin 25-ci mövqedə qərarlaşmasına təsir etmişdir.