Xəbərlər arxivi

           
                           
                               Heydər Əliyev adına Neft Emalı Zavodunda modernizasiya layihəsinin ilk mərhələsi tamamlandı Gallery                            
                           
                               
                               
                                   21 Dekabr 2018                                                                    

Heydər Əliyev adına Neft Emalı Zavodunda modernizasiya layihəsinin ilk mərhələsi tamamlandı

                               
                               

• Yeni bitum qurğusu və maye qazdoldurma məntəqəsinin istismara verilməsi ilə modernizasiya layihəsinin ilkin mərhələsi tamamlandı • Yeni bitum qurğusu əsasən yol inşaatında istifadə olunan bitumun illik istehsal həcmini 250 min tondan 400 min tona qədər artırmağa imkan verəcək, məhsulun keyfiyyəti yaxşılaşacaq, enerjiyə daha çox qənaət ediləcək və ətraf mühitin qorunmasına mühüm töhfə olacaq

• Maye qazdoldurma stansiyasından il ərzində 180 min ton propan-propilen, 100 min ton mayeləşmiş qaz (LPG) avtosistern, dəmir yolu ilə 178 min ton butan-butilen fraksiyası isə boru xətti, lazım olduğu təqdirdə avtosistern və ya dəmir yolu ilə nəql ediləcəkdir

Dekabrın 21-də Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan Yenidənqurma və modernizasiya layihəsinin birinci mərhələsi çərçivəsində inşa edilmiş yeni Bitum qurğusu və maye qazdoldurma məntəqəsinin açılış mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir.

Ölkə başçısına məruzə edən SOCAR prezidenti Rövnəq Abdullayev bildirmişdir ki, Bitum qurğusunun istismara verilməsi ilə illik istehsal 250 min tondan 400 min tona çatdırılacaqdır. Bu qurğuda “PEN 40/60” markalı yüksək keyfiyyətli bitum istehsal ediləcək ki, bu həcm ölkədaxili tələbatın təminatı üçün nəzərdə tutulur. Yeni qurğu enerjiyə daha çox qənaət edəcək, Bakı şəhərində ekoloji durumun yaxşılaşdırılmasına, zavodun istismar xərclərinin optimallaşdırılmasına mühüm töhfə verəcək. Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma işlərinin aparılması, həmçinin keçmiş “Azərneftyağ” NEZ-in ərazisinin mərhələli şəkildə boşaldılaraq, Ağ şəhər layihəsinə təhvil verilməsi nəzərdə tutulduğundan, yeni Bitum istehsalı qurğusunun tikintisi zəruri idi.

SOCAR-ın prezidenti R.Abdullayev demişdir: “Ulu öndərin adını daşıyan neft emalı zavodunun modernizasiya layihəsi tarixi əhəmiyyətə malikdir. Modernizasiya tamamlandıqdan sonra bu zavod ölkəmizi yüksək keyfiyyətli yanacaqla təmin edəcək, Azərbaycanın ixrac potensialını gücləndirəcək və regiondakı mövqeyinin daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Bu gün biz bu tarixi layihənin ilkin mərhələsini tamamladıq. Yeni bitum qurğusunun istismara verilməsi nəticəsində əsasən yol inşaatında istifadə olunan asfalt-bitum maddəsinin keyfiyyəti yüksəldiləcək, enerji istehlakına daha çox qənaət olunacaq ki, bu da ətraf mühitin qorunmasına mühüm töhfə olacaqdır. Növbəti mərhələlərdə AVRO-5 standartına cavab verən dizel və benzin yanacağının istehsalı nəzərdə tutulur və artıq bu istiqamətlərdə də işlər tam sürətlə davam edir.”

Modernizasiya layihəsinin bu gün başa çatan birinci mərhələsi üç əsas hissədən ibarətdir: yeni bitum qurğusunun, maye qazdoldurma stansiyasının istismara verilməsi və sonrakı mərhələlərdə tikilməsi nəzərdə tutulan qurğuların yerləşəcəyi ərazilərdə söküntü və təmizləmə işlərinin aparılaraq inşaat üçün hazırlanması.

• Bitum qurğusu 7,7 hektar ərazini əhatə edir. Qurğunun tikintisi üçün 150 min kubmetrə yaxın torpaq, 650 tondan çox metal-konstruksiya, 530 tondan çox boru istifadə olunmuşdur.



• Maye qazdoldurma stansiyası 6 ədəd avtosisternlərə yükləmə qolundan və 5 ədəd vaqonlara yükləmə qolundan ibarətdir. Bu məntəqədən il ərzində 180 min ton propan-propilen, 100 min ton mayeləşmiş qazın (LPG) avtosistern və dəmir yolu, 178 min ton butan-butilen fraksiyasının isə boru xətti, lazım olduğu təqdirdə avtosistern və ya dəmir yolu ilə ötürülməsi nəzərdə tutulmuşdur. Propan-propilen və butan-butilen fraksiyaları Azərikimya İB-nin müəssisələrində xammal kimi istifadə olunacaq, əmtəə məhsulu kimi isə məişətdə və nəqliyyat vasitələrində istifadəsi üçün satışa veriləcəkdir.

• Sonrakı mərhələlərdə tikilməsi nəzərdə tutulan 13 əsas qurğunun yerinin köhnə qurğulardan təmizlənməsi, modernizasiyanın ümumi gedişatı üçün olduqca mühüm məsələ olan torpaq tədqiqat işlərinin görülməsi və ərazinin tikinti quraşdırma üçün hazırlanması da artıq öz həllini tapmışdır.

Asfalt örtüyünün mühüm tərkib hissəsi olan bitum dünyada həm də boya və mürəkkəb istehsalında, kabel, boru, dam və digər səthlərin izolyasiya və germetikliyinin təmin edilməsində, müxtəlif inşaat işlərində istifadə olunur.

Xatırladaq ki, 2016-cı ildə Avstriyanın “Poerner” şirkəti ilə yeni Bitum qurğusunun inşası üzrə detallı layihələndirmə, satınalma və tikintinin idarə edilməsi (EPCm) müqaviləsi imzalanmışdır. 2017-ci ilin aprel ayından tikinti podratçısı “Azfen” BM tərəfindən qurğunun inşasına başlanmış, tikinti işlərinə 400 nəfər yerli işçi və mütəxəssisin cəlb olunduğu layihə qrafikə uyğun başa çatdırılmışdır.

Heydər Əliyev adına NEZ-da yenidənqurma işləri 3 mərhələdə həyata keçirilir. Yeni bitum qurğusu və müvafiq ümumzavod təsərrüfatı qurğularının, maye qazdoldurma məntəqəsinin tikilib istismara verilməsi, sonrakı mərhələlərdə tikilməsi nəzərdə tutulan qurğuların yerinin inşaat işləri üçün hazırlanması ilə yenidənqurma layihəsinin birinci mərhələsi tamamlandı. Layihənin 2020-ci ilin sonunadək nəzərdə tutulan 2-ci mərhələsində “Avro-5” keyfiyyət standartına cavab verən dizel yanacağının alınması, 2021-ci ilin əvvəlinə nəzərdə tutulan 3-cü mərhələdə isə eyni keyfiyyət standartına cavab verən A-92/95/98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası nəzərdə tutulmuşdur. Aparılacaq işlər zavodun illik emal gücünü 7,5 mln. tona çatdırmaqla, “Azərikimya” İB-nin xammalla təchizatının sabit şəkildə təmin edilməsinə imkan verəcək. Zavodda aparılan yenidənqurma işləri daxili bazarın yüksək keyfiyyətli yanacağa olan tələbatını tam ödəyəcək, bununla yanaşı Bakıda karbon emissiyasının miqdarının azalmasına, ekoloji vəziyyətin yaxşılaşdırılmasına mühüm töhfə verəcək.