Xəbərlər arxivi

           
                           
                               SOCAR-da Almaniyanın işgüzar xanımlardan ibarət nümayəndə heyəti ilə görüş olmuşdurGallery                            
                           
                               
                               
                                   11 Sentyabr 2017                                                                    

SOCAR-da Almaniyanın işgüzar xanımlardan ibarət nümayəndə heyəti ilə görüş olmuşdur

                               
                               

Bu günlərdə SOCAR-ın Baş ofisində Almaniyanın işgüzar xanımlardan ibarət nümayəndə heyəti ilə şirkət rəhbərliyinin görüşü olmuşdur. Şirkətin ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə qonaqları salamlayaraq, Almaniya və Azərbaycan arasında zəngin tarixə malik münasibətlərin bu gün bütün sahələrdə uğurla inkişaf etməsini məmnunluqla vurğulamışdır. R.Hüseynzadə qonaqlara şirkətin ekoloji siyasətinin əsas istiqamətlərindən danışmış və ekoloji məsələlərin şirkətin fəaliyyət istiqamətləri arasında prioritet təşkil etdiyini bildirmişdir. O, son illərdə SOCAR tərəfindən həyata keçirilmiş uğurlu ekoloji proqramlar, bu sahədə BMT və Dünya Bankı ilə həyata keçirilən beynəlxalq əməkdaşlıq layihələri, eləcə də planlaşdırılan işlər haqqında qonaqlara geniş məlumat vermişdir.

SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov qədim dövrlərdən neft ölkəsi kimi məşhur olan Azərbaycanın dünya neft sənayesi tarixində önəmli yeri və rolu haqqında danışmış, Bakının həmişə dünyanın neft mərkəzlərindən biri olduğunu nəzərə çatdıraraq, ötən əsrin əvvəllərində xarici sərmayədarların, o cümlədən alman iş adamlarının buradakı fəaliyyəti haqqında danışmışdır. Bu gün Azərbaycanda həyata keçirilən qlobal və regional əhəmiyyətli neft-qaz layihələri haqqında danışan SOCAR-ın vitse-prezidenti E. Nəsirov son illər həmin layihələr çərçivəsində əldə olunmuş nailiyyətlərdən, xüsusilə, Avropanın enerji təhlükəsizliyi baxımından Azərbaycanın önəmli rol oynamasından söz açmışdır. SOCAR-ın vitse-prezidentləri qonaqları maraqlandıran məsələlərə aydınlıq gətirmiş, onlara Cənub Qaz Dəhlizi, “Şahdəniz” yatağının ehtiyatları və işlənmə mərhələləri, TANAP və TAP kəmərlərinin iştirakçı və istehlakçıları, layihənin Avropanın enerji təhlükəsizliyində rolu və s. haqqında geniş informasiya verilmişdir.

Qonaqlar səmimi qəbul üçün minnətdarlıqlarını bildirmiş, SOCAR-ın iştirakı ilə həyata keçirilən TANAP və TAP, habelə Azərbaycanda həyata keçirilən digər əhəmiyyətli neft-qaz layihələri haqqında məlumatlardan öz fəaliyyətlərində yararlanacaqlarını söyləmişlər.