Xəbərlər arxivi

           
                           
                               Peşə təhsili alan şagirdlər üçün təlimlər keçirilibGallery                            
                           
                               
                               
                                   21 Aprel 2017                                                                    

Peşə təhsili alan şagirdlər üçün təlimlər keçirilib

                               
                               

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr Hazırlığının Təşkili Mərkəzi, Qobustan Regional Təlim Mərkəzi və Sumqayıt Təlim Tədris Mərkəzində 2016-2017-ci tədris ili üzrə peşə təhsili alan şagirdlər üçün İnsan Resursları Departamentinin əməkdaşları tərəfindən “Karyera imkanlarından uğurla yararlanmaq”, “Şəxsi inkişaf” və “İşgüzar davranış keyfiyyətləri” mövzularında təlimlər keçirilmişdir. Təlimlərdə əsas məqsəd şagirdləri peşəkar iş mühitinə hazırlamaq, əmək bazarının dəyişən tələbləri ilə bağlı məlumatlandırmaq və onların sonrakı karyera inkişafına dəstək olmaqdan ibarətdir. Təlim müddətində SOCAR-ın etik dəyərləri, iş yerində münasibətlər, davranış keyfiyyətləri, əmək bazarının dəyişmə dinamikası və mövcud vəziyyət, iş axtarışında sosial şəbəkələrin rolu, elektron işə düzəltmə şirkətləri barədə məlumatlar, işə müraciət formalarının (CV) hazırlanması, müsahibələrdə uğur qazanmağın yolları və s. mövzularında ətraflı məlumat verilmiş, şagirdləri maraqlandıran suallar cavablandırılmışdır. Şagirdlər təlimlərin təşkilinə görə təşkilatçılara minnətdarlıqlarını bildirmiş, əldə etdikləri məlumatların onların karyera qurmalarına faydalı olacağına inandıqlarını ifadə etmişlər.

Bu cür təlimlərin gələcəkdə də təşkil olunması nəzərdə tutulmuşdur.