Xəbərlər arxivi

           
                           
                               “Azneft” İstehsalat Birliyində müasir texnologiyaların tətbiqinə önəm verilirGallery                            
                           
                               
                               
                                   16 Fevral 2017                                                                    

“Azneft” İstehsalat Birliyində müasir texnologiyaların tətbiqinə önəm verilir

                               
                               

Yataqların işlənilməsində və istismarında, neft-qaz hasilatında yeni texnika, texnologiya və avadanlıqları uğurla tətbiq edən “Azneft” İstehsalat Birliyi neftvermə əmsalının artırılması tendensiyasını 2016-cı ildə də davam etdirmişdir. Belə ki, lift boruların təmizlənməsi üçün padus qurğularının istifadə dairəsi genişləndirilmiş, ''PADUS-2'' parafinkəsici qurğusunun “Neft Daşları” və N.Nərimanov adına neftqazçıxarma idarəsində ümumilikdə 73 quyuda tətbiq olunması 23122 ton əlavə neft eldə edilməsi ilə nəticələnmişdir. Quyuların əsaslı və cari təmirində istifadə olunan tutucu, kəsici və köməkçi alətlər 4 quyuda tətbiq olunmuş, 5443 ton əlavə neft əldə edilmişdir. Bundan başqa, 6 neftqazçıxarma idarəsində 9 quyuda hidrostatik qumtəmizləyici qurğunun sınağı aparılmış, müsbət nəticə alınmışdır. İlin sonunda isə həmin qurğudan daha 36-sı 7 quyuda tətbiq olunmuşdur. Yeni texnologiya kimi “Boru ştanqlı quyu nasos qurğusu” “Abşeroneft” NQÇİ-də 2 quyuda tətbiq olunmuşdur. 2017-ci ildə bu texnologiyanın daha 20 quyuda tətbiqi planlaşdırılır. Quyuların lift boruları tez-tez korroziyaya uğrayaraq deşilir. Korroziyanın qarşısını almaq məqsədilə şüşə- plastik nasos-kompressor boruların yeni texnologiya kimi tətbiqi müsbət nəticə vermişdir. Artıq üç aydır ki, “Bibiheybətneft” NQÇİ-nin 3293 saylı quyusunda şüşə-plastik nasos-kompressor boruları tətbiq olunur. Ümumilikdə götürdükdə 2016-cı il ərzində “Azneft” İstehsalat Birliyi üzrə səmərəliliyin artırılması məqsədilə 226 obyektdə 24 adda yeni texnika və texnologiyanın tətbiqi nəticəsində 31,6 min ton əlavə neft əldə edilmişdir ki, bu da əvvəlki illə müqayisədə 2,1 min ton çoxdur. Bu tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.