Xəbərlər arxivi

           
                           
                               SOCAR və IBM şirkəti arasında Strateji Əməkdaşlıq Memorandumu imzalanmışdırGalleryVideo                            
                           
                               
                               
                                   15 Fevral 2017                                                                    

SOCAR və IBM şirkəti arasında Strateji Əməkdaşlıq Memorandumu imzalanmışdır

                               
                               

Fevralın 15-də SOCAR-ın Baş ofisində ABŞ-ın IBM şirkəti ilə Strateji Əməkdaşlıq Memorandumunun imzalanma mərasimi keçirilmişdir. Memorandumu SOCAR-ın prezidenti Rövnəq Abdullayev və IBM şirkətinin baş vitse-prezidenti və “IBM-Avropa”nın sədri Erich Clementi imzalamışlar. Memorandum çərçivəsində IBM-in qlobal innovasiyalarından istifadə, rəqəmsal innovasiya və transformasiyaya investisiya qoyuluşu, neft hasilatında süni intellekt əsasında Watson əməkdaşlığı, yüksək ixtisaslı kadrlar üçün yeni iş yerlərinin açılması, həmçinin Bakı Ali Neft Məktəbi ilə birgə təlim-tədris və təcrübə proqramlarının təşkili, elmi-tədqiqat və araşdırmaların aparılması nəzərdə tutulur.

Mərasimdə çıxış edən Rövnəq Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında ölkəmizdə yüksək texnologiyaların tətbiq olunması istiqamətində görülən işlərdən danışmış, “Azerspace-1” telekommunikasiya peykinin orbitə buraxılmasının bunun əyani təzahürü olduğunu söyləmişdir. Azərbaycanda həyata keçirilən qlobal və regional əhəmiyyətli enerji layihələrində daim innovativ texnologiyalara üstünlük verildiyini, neftin, qazın kəşfiyyat, hasilat, emal və nəqlində elm və texnikanın ən son nailiyyətlərinin tətbiq olunduğunu bildirən Rövnəq Abdullayev bu sahədə SOCAR-la dünyanın qabaqcıl şirkətləri arasında effektiv tərəfdaşlığın qurulduğunu qeyd etmişdir. IBM-lə əsası qoyulan əməkdaşlığı yüksək qiymətləndirən R.Abdullayev demişdir ki, bu əməkdaşlıqdan təkcə SOCAR deyil, Azərbaycanın bütün şirkətləri bəhrələnə biləcəkdir. O bildirmişdir ki, Memorandum SOCAR-a süni intellekt əsasında çalışan “Watson for Upstream” qlobal strateji inkişaf əməkdaşlığına qoşulmaq imkanı verir. Müasir dövrdə mühüm əhəmiyyətə malik olan bu strateji inkişaf sahəsi elmi tədqiqat layihələri də daxil olmaqla birgə araşdırmalar üçün geniş üfüqlər açır. Qeyd olunmuşdur ki, Azərbaycan bütün dünyada qədim neft diyarı kimi tanınır. Neftin sənaye üsulu ilə hasil olunması, emal edilməsi, tankerlərlə, dəmir yolu ilə, boru kəmərləri ilə daşınması, quruda, sahildə və açıq dənizdə neftin çıxarılması işinə Azərbaycanda başlanılıb. Bu tarixi qorumaq və yaşatmaq məqsədi ilə SOCAR-da yaradılmış zəngin məlumatlar bazası IBM-in Watson Mərkəzi üçün qiymətli mənbə ola bilər. Eyni zamanda Memorandum çərçivəsində Azərbaycanda həyata keçiriləcək investisiya layihələri ölkədə innovativ elitanın formalaşmasına töhfə olacaq, istedadlı gənclərə IBM-in bütün müasir alət və metodlarından istifadə etməklə səriştə və istehsalat bacarıqlarını təkmilləşdirmək, dünyada müasir trend olan biznes və proses xidmətlərinin robotlaşdırılması ilə yaxından tanış olmaq, təcrübə mübadilələri və beynəlxalq səviyyəli karyera perspektivlərindən yararlanmaq üçün əlverişli şərait yaradacaqdır. Bakıda birgə səylərlə yaradılması nəzərdə tutulan Regional Neft-Qaz-Kimya Kompetensiya Mərkəzi layihəsi də qeyd olunmuş, bildirilmişdir ki, IBM-lə birlikdə qurulacaq Mərkəz Azərbaycanın neft-kimya sənayesində proseslərin idarə olunması, innovativ texnologiyaların tətbiqi sahəsində mühəndis biliklərinin artırılması üçün mühüm əhəmiyyət kəsb edir.

IBM şirkətinin baş vitse-prezidenti və “IBM-Avropa”nın sədri Erich Clementi Memorandumdan bəhs edərək bidirmişdir ki, dünyanın qabaqcıl enerji şirkətləri ilə səmərəli qarşılıqlı tərəfdaşlıq əlaqələri qurmuş IBM-in bu gün Azərbaycan iqtisadiyyatının aparıcı şirkəti olan SOCAR-la əməkdaşlığa başlaması əlamətdar hadisədir. SOCAR-IBM tərəfdaşlığı dünya enerji sənayesinin gələcək inkişafına xidmət edəcək və Azərbaycanda həyata keçirilən regional və qlobal miqyaslı layihələrin irəliləməsinə əlavə stimul verəcəkdir. E.Clementi imzalanan sənəd çərçivəsində hər il Bakıda innovasiya günü keçiriləcəyini və biznesdə tətbiq edilən ən son innovasiyaların təqdim olunacağını qeyd etmiş, IBM-in yalnız strateji tərəfdaş hesab etdiyi ölkələrə sərmayələr yatırdığını vurğulamışdır. Qonaq bu gün uzunmüddətli əməkdaşlıq sahəsində ilk addım atıldığını söyləmiş, yeni tərəfdaşlığın uğur qazanacağına əminliyini bildirmiş, SOCAR-IBM komandasına uğurlar arzulamışdır.